Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 6% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 760,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Crossmedia.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 42,9 milyon ABŞ dolları və ya 6% çoxdur.
Hesabat dövründə ABŞ ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,64%-i həcmində olub. Bununla da ABŞ Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci yerdə qərarlaşıb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına 42,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,2 milyon ABŞ dolları və ya 2,4 dəfə azdır.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında ABŞ-dən Azərbaycana 718,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 104,1 milyon ABŞ dolları və ya 16,9% artım deməkdir. Bu göstərici ilə ABŞ Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ABŞ-yə 41,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddi ayı ilə müqayisədə 61,5 milyon ABŞ dolları və ya 2,5 dəfə azdır.
Hesabat dövründə ABŞ-yə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 1,99% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycandan 9-cu ən çox qeyri-neft məhsulları alan ölkə olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.
14:09 23.08.2025
Oxunuş sayı: 835