“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin xalis zərəri 11 %-ə yaxın artıb

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC 2024-cü ili 616 min manat xalis zərərlə başa vurub.
Crossmedia.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 10,7 % çoxdur.
Ötən il “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin vergiyəqədərki zərəri 641 min manat (əvvəlki ilə nisbətən 2,4 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 25 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin aktivləri 15,955 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 22,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 14,4 dəfə azalaraq 83 min manata, balans kapitalı isə 18 % azalaraq 15,872 milyon manata, o cümlədən nizamnamə kapitalı 12,3 % azalaraq 24,201 milyon manat düşüb.
Xatırladaq ki, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 2008-ci ildə yaradılıb. Onun səhmdarları 28 % payla İslam İnkişaf Bankı, 24 % payla İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, 18 % payla Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, 16 % payla “Al Ahmar Group for Trading, Industrial & General Agencies” və 14 % payla “Saham Holding Company”dir.
11:48 19.08.2025
Oxunuş sayı: 625