Tramp Zelenski və Putin arasında görüş hazırlıqlarından danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropa İttifaqı liderləri ilə danışıqlardan sonra Vladimir Zelenski ilə Vladimir Putin arasında şəxsi görüşün keçirilməsi üçün hazırlıqların başladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“Biz Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etdik. Bu təminatlar Avropa ölkələri tərəfindən ABŞ-lə koordinasiyada veriləcək. Daha sonra mən Prezident Putinlə danışdım və onunla Prezident Zelenski arasında görüşün hazırlıqlarına başladıq. Bundan sonra isə üçtərəfli görüş – Rusiya, Ukrayna prezidentləri və mənim iştirakımla – baş tutacaq”, – deyə Tramp yazıb.
Almaniya kansleri Fridrix Mersin sözlərinə görə, Putin və Zelenskinin görüşü yaxın iki həftə ərzində keçirilə bilər. O, eyni zamanda Putinin Zelenski ilə dialoqa “cəsarətinin çatacağına” şübhə etdiyini bildirib.
Qeyd edək ki, AFP yazır ki, Rusiya Prezidenti Ukrayna lideri ilə danışıqlara hazırdır. Axios-un jurnalisti Barak Ravid isə Ağ Evdə bu görüşün avqustun sonuna qədər baş tutacağına ümid olduğunu qeyd edib.
Prezident Zelenski isə təşəbbüsün Moskvadan gəldiyini bildirib: Rusiyanın əvvəlcə ikitərəfli, daha sonra isə dövlət başçıları səviyyəsində üçtərəfli görüşü Trampa təklif etdiyini vurğulayıb. O, Putinə heç bir ilkin şərt olmadan görüşməyə hazır olduğunu deyib: “Çünki biz atəşkəsin əvvəlcədən elan olunmasını tələb etsək, Rusiya yüz başqa şərt irəli sürəcək”.
Bildirək ki, Kremlin mətbuat xidməti isə Putinlə Tramp arasında telefon danışığını təsdiqləsə də, Rusiya Prezidentinin Zelenski ilə görüşə razılıq verdiyini rəsmən bildirməyib. Prezidentin köməkçisi Yuri Uşakov yalnız tərəflər arasında birbaşa danışıqların “daha yüksək səviyyəyə qaldırılması imkanının” müzakirə edildiyini açıqlayıb.
Xumar Emilqızı
09:29 19.08.2025
Oxunuş sayı: 804