Kreml üçün yeni "kabus": NATO genişlənir, Rusiya nə edəcək?

Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger ölkəsinin təhlükəsizlik siyasətinin gələcəyi ilə bağlı ictimai müzakirələrə açıq olduğunu bildirib. O, NATO-ya üzvlüyün hazırda parlament və ictimaiyyətdə geniş dəstəyə sahib olmasa da, bu mövzuda dialoqun səmərəli ola biləcəyini vurğulayıb. Nazir Avstriyanın neytrallığının dəyişən təhlükəsizlik şəraitində kifayət etmədiyini, ölkənin həm müdafiəyə, həm də beynəlxalq tərəfdaşlığa investisiya qoyduğunu qeyd edib. O, Avstriyanın Aİ çərçivəsində təhlükəsizliyə verdiyi töhfələri və sülhməramlı missiyalardakı iştirakını xatırladaraq, neytrallığın artıq əvvəlki kimi olmadığını deyib.
Avstriyanın NATO ilə bağlı müzakirələrə açıq olması ölkənin neytral mövqeyindən tədricən uzaqlaşa biləcəyini göstərir. Bu, Rusiyanın artan təhdidləri fonunda regional təhlükəsizliyə daha ciddi yanaşma ehtiyacından qaynaqlanır. Lakin bu cür dönüş cəmiyyətin konsensusunu tələb edən həssas və uzunmüddətli proses olacaq.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib.
Politoloq rəsmi Vyananın NATO-ya üzv olmaq niyyətini Rusiyanın aqressiv siyasətinin nəticəsi kimi dəyərləndirib:
“Təbii ki, Avstriyanın NATO-ya üzv olmaq niyyətini artıq biruzə verməsi Avropanın təhlükəsizlik sistemi baxımından böyük önəm daşıyır. Əslində, Avstriyanın NATO-ya üzvlüklə bağlı niyyətə düşməsi, ilk növbədə, Rusiyanın yanlış, aqressiv siyasətinin nəticəsidir. Rusiya son illərdə ciddi səhvlərə yol verir və bununla da özü üçün ciddi problemlər yaradır. Vaxtilə bir çox Avropa dövlətləri daha çox Rusiya ilə əməkdaşlıq etməyə üstünlük verirdilər. Ancaq Kremlin Ukrayna ərazilərini işğal etmək, Ukrayna ilə savaşa başlamaq qərarından sonra Avropada situasiya dəyişdi. Rusiyaya qarşı sanksiyalar tətbiq olundu və Rusiya enerji resurslarından tamamilə imtina edildi. İndi isə Avropada bir Rusiya xofu mövcuddur. Rusiyanın gələcəkdə Avropaya qarşı savaş aça biləcəyi ilə bağlı təhlükə Qərb dövlətlərində olduqca ciddi qəbul olunur. Ona görə də Avropa dövlətləri öz təhlükəsizliklərini təmin etmək üçün neytrallıq statusundan imtina edərək NATO-ya üzv olmaq barədə düşünürlər. Məsələn, Rusiya Ukraynaya qarşı işğalçı savaşa başladıqdan sonra Finlandiya və İsveç artıq NATO-nun üzvü olublar və NATO Rusiyanın Qərb sərhədlərini tamamilə yarım mühasirəyə almış vəziyyətə salıb”.
E.Xalidbəyli açıqlamasında qərb düşərgəsinin Rusiya əleyhinə yenidən birləşdiyini, əks qütb yaratdığını söyləyib:
“İndi isə daha bir dövlət, yəni Avstriya NATO-nun sıralarına qatılmaq qərarına gəlib. Bu da Rusiyanın aqressiv siyasətinin nəticəsidir. Belə anlaşılır ki, Rusiya bütün dünyanı özünə qarşı birləşdirməyə başlayıb, öz əleyhinə bir düşərgə yaradılmasına səbəb olub. Bir müddət öncə - Ukrayna savaşına qədər – NATO-nun gələcək taleyinin müammalı olduğu barədə müzakirələr mövcud idi. Ancaq Ukrayna savaşı NATO-nun əhəmiyyətini yenidən artırdı. Qərb düşərgəsi Rusiyaya qarşı yenidən birləşərək əks qütb yaratmağa başladı. Bu da onu göstərir ki, Kreml hazırda aqressiv xarici siyasəti ilə bütün dövlətləri təhdid etməklə Rusiyaya qarşı ciddi problemlər yaradır. Rusiya beləliklə təhdid olunmuş bir dövlətə çevrilir, qlobal məkandan kənarlaşdırılır və öz sərhədləri içərisində qapadılmış bir ölkəyə çevrilir. Bu baxımdan yaranmış vəziyyəti ilk növbədə Rusiya dəyərləndirməlidir. Əgər öz mövcudluğunu qorumaq istəyirsə, Rusiya öz təhdidkar davranışlarından mütləq imtina etməlidir”.
Nicat Rüstəmzadə
12:02 29.07.2025
Oxunuş sayı: 1442