Avropa ABŞ-yə "yox" deyə bilməz - Politoloq
Qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı müasir dövrdə NATO və ABŞ-nin Avropadakı nüvə strategiyası beynəlxalq münasibətlərin ən həssas mövzusuna çevrilib. Transatlantik ittifaq daxilində hərbi güc balansının mərkəzində dayanan Vaşinqton, qitənin təhlükəsizlik çətirini təkbaşına idarə etmək rıçaqlarına sahibdir. Avropa dövlətlərinin iqtisadi qüdrətinə rəğmən, kollektiv müdafiədə hələ də ABŞ-dən asılı olması onların strateji qərarlarda manevr imkanlarını xeyli məhdudlaşdırır. Rusiyanın artan hərbi aktivliyi və Çinin iqtisadi ekspansiyası fonunda, Ağ Evin Avropadakı hərbi mövcudluğunu genişləndirməsi sadəcə bir müdafiə addımı deyil, həm də qlobal rəqiblərinə yönəlmiş birbaşa güc nümayişidir. Bu kontekstdə qitə ölkələrinin nüvə başlıqlarının yerləşdirilməsi kimi kritik geosiyasi qərarlara kəskin etiraz etməsi real siyasətin qanunları ilə ziddiyyət təşkil edir. Nəticədə, Avropanın təhlükəsizlik taleyi böyük güclərin rəqabət meydanında xarici diktələrə və strateji zərurətlərə boyun əyməyə məhkum görünür.
Belə bir şəraitdə, ittifaq daxili iyerarxiya regional sabitliyin gələcək xəritəsini müəyyən edən əsas amildir.

Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib: "Avropa ölkələrinin Amerika qarşısında "yox" deyə biləcək bir lüksü yoxdur. Bunu nəzərə almaq lazımdır. Çünki hər bir NATO ölkəsində vəziyyət belədir – təkcə Amerikanın özündə deyil. Təbii ki, bu, hər birinin öz arzusudur, amma istər digər Avropa ölkələri olsun, istərsə də Türkiyə, fərqi yoxdur. Yəni hər bir NATO ölkəsində Amerikanın hərbi bazası var. Həmçinin həmin hərbi bazaların hər birində Amerikanın nüvə başlıqları var. Bu da ikinci məsələdir. İkinci məsələyə gələndə, Avropa özünün təhlükəsizliyini təmin edə bilmir. Bunu özləri də bilirlər, Amerika da bilir, Rusiya da bilir, yəni digər ölkələr də bilirlər. Yəni Avropanın Rusiya qarşısında və yaxud da Amerika qarşısında elə bir seçimi yoxdur ki, durub Amerikaya desin: "Yox, mən nüvə başlıqlarının Avropadan artırılmasını istəmirəm". Bunu deyə bilmir. Çünki o gücdə deyil. Məncə, əgər Amerika bunları yerləşdirmək istəsə, daha geniş formada Avropa dövlətlərinə gətirəcək. Xüsusən də düşünürəm ki, Rusiya ilə sərhəddə olan ölkələrə gətirib yerləşdirə bilər ki, bu ölkələrin də buna etiraz etməsi çətin məsələdir. Yəni Amerika bununla həm Çinə, həm də Rusiyaya mesaj verir. Çin, "yumşaq güc"lə, maddi resurslarla və investisiyalarla Avropaya təsir göstərir. Amerika isə bunun qarşısını bu cür təhlükələrlə, təhdidlərlə almağa çalışır. Ona görə də düşünürəm ki, bu, hələ asan məsələ deyil. Yəni Amerikaya etiraz edə biləcək dövlət hələ ki yoxdur".
Turqut Ansari
10:57 03.06.2026
Oxunuş sayı: 67