Cəmiyyətin informasiya suverenliyini qorumaq əhəmiyyətlidir - “Media haqqında” qanuna dəyişiklik edildi

Azərbaycan Milli Məclisinin “Media haqqında” qanuna qəbul etdiyi son dəyişikliklər ölkənin informasiya siyasətində mühüm dönüş nöqtəsi hesab edilə bilər. Bu dəyişikliklərin media etikası və peşəkarlığının gücləndirilməsi, həm də informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Bildiyimiz kimi, qanunvericilikdə ilk dəfə olaraq media subyekti anlayışı dəqiq şəkildə müəyyənləşdirilir. Bu addım yalnız media subyektlərinin hüquqi statusunun və məsuliyyətinin aydınlaşdırılmasına dəqiqlik gətirmir, eyni zamanda peşəkar və qeyri-peşəkar media resurslarının ayırd edilməsinə, qanun qarşısında cavabdehlik və stimulların obyektiv bölüşdürülməsinə şərait yaradır ki, bu da olduqca vacib məqamdır.
Bu xüsusilə sosial şəbəkələrdə və saytlarda fəaliyyət göstərən qeyri-rəsmi, “klon” media səhifələrinin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Qanunun 14-cü maddəsinə isə saxta məlumatların dərc edilməsinə yol verilməməsi ilə bağlı norma əlavə edilməsi, hüquqi cəza mexanizmlərinə yol açır. Bu informasiya mühitinin çirklənməsinin qarşısının alınması, jurnalistlərin peşəkar reputasiyasının qorunması, cəmiyyətin doğru məlumat almaq hüququnun təmin olunması baxımından vacibdir.
Edilən dəyişiklik həmçinin dezinformasiyaya qarşı mübarizə üçüninstitusional və normativ baza da yaradır və dövlətin informasiya təhlükəsizliyi strategiyasının tərkib hissəsinə çevrilir.
Qanuna əsasən, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri də media subyekti hesab olunacaq. Bu dəyişiklik xarici media qurumlarının fəaliyyətinə nəzarətin artırılması ilə yanaşı, onların məsuliyyət daşıyan aktorlar kimi tanınması və hüquqi tənzimləmələrə cəlb olunması üçün əsas yaradır.
Beləliklə, bununla da informasiya mühitində transsərhəd pozuntulara qarşı daha təsirli tədbirlər görmək mümkün olur.
Redaksiyaların adlarının eyni və ya oxşar olmasının, etik və mənəvi cəhətdən zidd ifadələrin istifadəsinin qadağan edilməsi isə media brendlərinin hüquqi qorunmasına, oxucuların çaşdırılmasının qarşısının alınmasına, rəqabətin sağlam əsasda qurulmasına xidmət edir.
Bu, eyni zamanda kiberdələduzluq və media brendinin saxtalaşdılması hallarına qarşı hüquqi müdafiəni gücləndirir.
İnformasiya agentliklərinin peşəkar fəaliyyətini artırmaq üçün qoyulan tələblər – məsələn, 20 media subyekti ilə müqavilə, 5 xarici ölkədə jurnalist akkreditasiyası, məlumatların 80%-nin agentlik tərəfindən istehsalı - media bazarında yalnız real və orijinal informasiya istehsalçılarını stimullaşdırır və őlkənin informasiya ixrac potensialını artırır.
Bütünlükdə qeyd edə bilərik ki, edilən dəyişikliklər Azərbaycan mediasının normativ mühitinin təkmilləşdirilməsi, etik və hüquqi məsuliyyət çərçivəsinin genişləndirilməsi, qlibal informasiya mübarizəsinə daha hazırlıqlı şəkildə daxil olması və ictimai etimadın və peşəkarlığın gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.
Bu islahatlar xüsusilə postfaktual dővrdə, yəni yalanın fakt kimi təqdim edildiyi, dezinformasiyanın siyasi və ictimai təhlükəyə çevrildiyi bir zamanda cəmiyyətin informasiya suverenliyini qorumaq üçün əhəmiyyətlidir.
Vüqar Zifəroğlu
Azərbaycan Mətbuat Şurasının sədr müavini,
BDU Jurnalistika fakültəsinin dekanı
16:13 14.07.2025
Oxunuş sayı: 1200
