Azərbaycanlı həkimin beynəlxalq uğuru




Avstriyanın Salzburg şəhərində 2025-ci il iyunun 29-dan iyulun 5-dək keçirilmiş “Weill Cornell Seminar in Obstetrics and Gynecology” beynəlxalq elmi tədbirində Azərbaycanı layiqincə təmsil edən Dr. Aygün Məmmədova ölkəmizin adına böyük uğur qazandırıb. 28 ölkədən 37 iştirakçının qatıldığı bu nüfuzlu seminar çərçivəsində onun təqdim etdiyi "Abdominal Hamiləlik" adlı klinik hadisə təqdimatı (“case presentation”) yüksək dəyərləndirilərək “Ən Yaxşı Təqdimat” sertifikatı ilə təltif olunub.
Seminar Open Medical Institute (OMI), Weill Cornell Medicine və Vyana Tibb Universiteti tərəfindən birgə təşkil olunmuşdur. Hamiləlik və ginekologiya sahəsində son elmi yeniliklərin, nadir klinik hadisələrin və müasir müalicə metodlarının müzakirə olunduğu bu platforma dünya üzrə tanınmış mütəxəssisləri bir araya gətirmişdir.
Azərbaycanlı mütəxəssis Aygün Məmmədovanın təqdimatı iştirakçılar və ekspert heyəti tərəfindən peşəkar yanaşması, elmi əsaslara söykənməsi və təqdimat bacarığı ilə seçilərək seminarda ən yüksək qiymət alan iş olmuşdur. “Abdominal hamiləlik” kimi nadir rast gəlinən bir halın ətraflı klinik analizi, diaqnostika çətinlikləri və müalicə yanaşmaları seminar iştirakçılarının marağına səbəb olmuşdur.
Bu uğur, yalnız bir fərdin deyil, Azərbaycan səhiyyəsinin, tibb təhsili və praktikası səviyyəsinin göstəricisidir. Aygün Məmmədovanın nailiyyəti gənc tibb mütəxəssislərinə nümunə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq tibbi elmi platformalarda fəal və layiqli iştirakının təcəssümüdür.
Təqdimat mərasimi zamanı həkimlərə mədəni mənsubiyyəti əks etdirən milli geyimdə iştirak etmələri tövsiyə olunmuşdur. Dr. Aygün Məmmədova da milli kimliyimizi və Azərbaycanın zəngin mədəniyyətini əks etdirən geyimdə səhnəyə çıxaraq ölkəmizi layiqincə təmsil etmişdir. Bu, həm tibb sahəsindəki peşəkarlığın, həm də milli dəyərlərə bağlılığın uğurlu sintezini nümayiş etdirmişdir.
Təbrik edirik, Dr. Aygün Məmmədova!
Beynəlxalq elm aləmindəki uğurunuzla fəxr edirik. Azərbaycanın adını belə nüfuzlu tədbirdə birinci yerə daşımağınız münasibətilə sizi ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.
22:50 06.07.2025
Oxunuş sayı: 1111