Supergüclər güclərini birləşdirir? - Tramp Çinə gedir

ABŞ Prezidenti Donald Tramp bu il iş adamlarından ibarət nümayəndə heyəti ilə Çinə səfər edə bilər.
Bu barədə “Nikkei Asia” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinin məlumatına görə, hazırda ABŞ rəsmiləri tərəfindən səfər planları hazırlıq mərhələsindədir.
Səfərin ABŞ Prezidentinin ilin əvvəlində Yaxın Şərqə səfərinə bənzəyəcəyi gözlənilir.
Bundan əvvəl, iyunun 27-də Tramp ABŞ və Çinin ticarət sazişi imzaladığını açıqlayıb. O, müqavilənin təfərrüatlarını açıqlamayıb, lakin Hindistan tərəfi ilə ticarət sazişinin imzalanacağını gözlədiyini qeyd edib.
Gözlənilən səfər barədə Crossmedia.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, görüşün əsas məqsədi əldə olunmuş razılaşmaların yekun müzakirəsi və gələcək addımların müəyyənləşdirilməsi olacaq:
"Hazırkı şəraitdə ticarət müharibələri davam edir. Tərəflər bir-birinin ixrac məhsullarına hətta 80%, 150%, 300%-ə qədər gömrük rüsumları tətbiq edirlər. Bu isə iqtisadi gərginliyi daha da artırır. Nəticədə hər iki tərəf ciddi zərərlərlə üzləşir. Çin bazarı ABŞ məhsulları üçün, demək olar ki, qapalı duruma gəlib və belə vəziyyətdə xeyli itkilər olur. Bu halda ya ticarət müharibəsi daha da şiddətli olaraq yeni mərhələyə keçəcək, ya da tərəflər anlaşaraq bir-birləri ilə dil tapacaq".
Ə.Əlibəyli regional qarşıdurma fonuna da toxunaraq əlavə edib ki, hazırkı geosiyasi gərginlik ABŞ və Çin münasibətlərinə birbaşa təsir göstərir:
"Dünyanın müxtəlif bölgələrində tərəflər bir-birinə qarşı güc nümayiş etdirirlər. ABŞ-Çin münasibətlərinə Tayvan məsələsi də ciddi təsir göstərir. Bu mübahisə müəyyən istiqamətdəaçıq müharibəyə çevrilə bilər. Məhz bu qədər problemli bir fon qarşısında səfərə real ehtiyac yaranır".
Fatimə Məmmədova
16:59 28.06.2025
Oxunuş sayı: 1416