İranda bir dövrün sonu: “Ali dini liderin iqamətgahına raket atılacaq”

İranın ali dini lideri Əli Xamenei İsrailin hədəf siyahısından çıxarılmayıb.
“The Wall Street Journal” (WSJ) İsrail rəsmisinə istinadən məlumat yayıb ki, İranın ali dini lideri Əli Xamenei İsrailin hədəf siyahısından çıxarılmayıb.
O bildirib ki, İsrail hakimiyyəti İslam Respublikasının nüvə proqramının məhv edilməsi üçün potensial hədəfləri, o cümlədən Xameneini nəzərdən keçirir. Mənbənin sözlərinə görə, İsrail Ordusunun zərbələri təkcə İranın nüvə infrastrukturuna qarşı deyil, həm də onun siyasi və hərbi sabitliyini pozmaq üçün həyata keçirilir.
Daha əvvəl də oxşar iddialar səsləndirib. Hətta baş nazir Binyamin Netanyahu özü də bu barəfə fikirlər səsləndirib. Ali dini liderin öldürülməsi o deməkdir ki, İranda rejimin dəyişməsi ehtimalı yüksək. Bu isə çox ciddi hadisədir.
Bu ehtimal və onun nəticələri barədə Crossmedia.az-a-a danışan politoloq, professor Əlimusa İbrahimov deyib ki, Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp İsrailə İrana hücumla bağlı razılıq verməyib: “Netanyahunun son bəyanatları isə bu məlumatların doğru ola biləcəyini göstərir. Belə ki, Trampın etirazına baxmayaraq, Netanyahu İrana hücumu həyata keçirib. Tramp və onun komandası sonradan bu hücum barədə məlumatlı olduqlarını bəyan etmək məcburiyyətində qalıblar. Əks halda, İsraillə ABŞ arasında mövcud gərginlik daha da dərinləşə bilərdi.
Amma daha maraqlı məqam İsrailin növbəti hədəfinin məhz İranın Əli Xamenei olması ehtimalıdır. Trampın Netanyahuya bu istiqamətdə qadağa qoyması haqda məlumatın mətbuata sızdırılması, əslində, İranın sayıqlığını azaltmaq məqsədi daşıya bilərmi?
İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nə qədər gözlənilməz və sarsıdıcı olsa da, İranın cavab olaraq atdığı raketlərin yaratdığı dağıntı və itkilər gözləniləndən daha ciddi oldu. İsrail ABŞ-ın dəstəyi ilə bu raket və dronların yolun yarısında zərərsizləşdiriləcəyinə ümid edirdi. Lakin hücumlar və mövcud müdafiə sistemləri İranın əks-zərbələrinin qarşısını tam ala bilmədi. Nəticədə, İran da – İsrail qədər olmasa belə – öz hərbi gücünü və müdafiə imkanlarını göstərərək İsrailin şəhərlərinə zərbələr endirdi, mülki itkilərə səbəb oldu”.
Müsahibimizin fikrincə, belə vəziyyətdə İranı yalnız Ali rəhbərin, yaxud ondan sonrakı şəxsin, yəni Prezidentin zərərsizləşdirilməsi dayandıra bilər:
“Məhz buna görə bu gün İsrailin hədəfində məhz Ayətullah Xameneinin olması daha real görünür. Çünki Prezident Məsud Pezeşkianın hədəf alınması İsrail üçün arzuolunan nəticəni verməyə bilər. Üstəlik, İsraillə yaxın münasibətlərə malik olan Azərbaycanın ictimai rəyində bu, narazılıq doğurar.
Beləliklə, yaxın günlərdə İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin iqamətgahının İsrailin raket zərbəsinə məruz qalmasının şahidi ola bilərik. Onun bu zərbələrdən sağ çıxıb-çıxmaması isə təhlükəsizliyinin hansı səviyyədə qorunduğundan asılı olacaq”.
Kənan Novruzov
18:42 17.06.2025
Oxunuş sayı: 3263