İsrail İrana hücuma hazırlaşır?: "Əgər bu baş versə..."

CBS telekanalının iddiasına görə, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb.
Onun mənbələrinin sözlərinə görə, ABŞ rəsmilərinə İsrailin İslam Respublikasına qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib. "ABŞ İranın qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir", - telekanalın saytı qeyd edib.
Məlumata görə, Dövlət Departamentinin ABŞ səfirliyinin bəzi əməkdaşlarının İraqı tərk etməsini əmr etməsinin səbəblərindən biri də budur.
Bu iddialar barədə Crossmedia.az-a danışan politoloq, professor Əlimusa İbrahimov söyləyib ki, son günlər Kütləvi İnformasiya Vasitələrində İrana qarşı mümkün hücumun həyata keçiriləcəyi ilə bağlı iddiaların səsləndirilməsi bu məsələnin aktuallığını göstərir: "ABŞ İrana qarşı birbaşa hücumun tərəfdarı deyil və İranın nüvə proqramı ətrafındakı məsələlərin danışıqlar yolu ilə, diplomatik vasitələrlə həll olunmasını istəyir. Buna baxmayaraq, ABŞ və İran arasında keçirilən danışıqlar artıq nəticəsiz görünür. Altıncı görüşün keçirilib-keçirilməyəcəyi ilə bağlı qeyri-müəyyənlik, danışıqların dalana dirəndiyi və tərəflər arasında razılığın əldə olunmadığı ilə bağlı məlumatlar bu prosesi çıxılmaz vəziyyətə gətirib. ABŞ-İran danışıqlarının gələcəyi ilə bağlı nikbin proqnozlar vermək çətindir. ABŞ-də Donald Tramp prezidentliyi dövründə İranın qarşısında iki seçim qoymuşdu: ya ABŞ-la razılaşma əldə etmək, ya da sərt sanksiyalarla üzləşmək. Tramp bəzi hallarda İranın nüvə obyektlərinə qarşı hərbi hücum ehtimalını da istisna etmirdi. İranın iki seçimi var: biri müqavilə bağlamaq və ya ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etmək, digəri isə sanksiyalara məruz qalmaq”.
Ə.İbrahimov əlavə edib ki, Trampın prezidentliyi zamanı ABŞ administrasiyasında İranın nüvə obyektlərinə qarşı hərbi hücum konsepsiyası da nəzərdən keçirilmişdir: "Lakin son dövrlər, xüsusilə Trampın Yaxın Şərqə səfərindən sonra onun gündəliyində hərbi əməliyyatlardansa, sanksiyalar ön planda dayanmağa başlayıb. Ümumilikdə ABŞ İranın nüvə və hərbi obyektlərinə qarşı hücumun təşviq olunmasının əleyhinədir. Amma İsrail bu fikri bölüşmür. İsraildə hesab edirlər ki, İranın nüvə proqramını dayandırmaq üçün yeganə çıxış yolu məhz bu obyektlərə zərbə endirməkdir. İsrail ciddi şəkildə İrana qarşı hücumun tərəfdarıdır”.
Müsahibimiz vurğulayıb ki, Vaşinqton Təl- Əvivi bu niyyətindən çəkindirməyə çalışsa da, İsrailin artıq hücuma hazırlaşması ilə bağlı məlumatlar mövcuddur: "İsrail ABŞ-yə məlumat vermədən və hətta onun razılığı olmadan belə İrana qarşı hərbi əməliyyat həyata keçirə bilər. İsrail dəfələrlə bəyan edib ki, İranla ABŞ arasında bağlanılan istənilən müqavilə İsrailin əleyhinədir və onu qane etməyəcək. İsrail mümkün hərbi əməliyyat üçün bəhanə axtarır və ABŞ-la aparılan danışıqların nəticəsiz qalmasını istəyir ki, hücum variantı əsas götürülsün. ABŞ İsrailin bu planı ilə razı deyil, bu, İsrailin müstəqil şəkildə hücum etməyəcəyinə zəmanət vermir. ABŞ-də da başa düşür ki, İsrail İranın nüvə obyektlərinə qarşı hücumu ABŞ-nin razılığı olmadan da həyata keçirə bilər. Bu halda bir ssenaridə Ağ Evin İranın müdafiəsindən imtina etməsi mümkün deyil. ABŞ-nin İsrailə qarşı hücum olduğu halda, onu İranın raketlərindən və dron hücumlarından qorumaqda birmənalı şəkildə iştirak edəcək”.
Politoloq əlavə edib ki, ABŞ birbaşa hücumda iştirak etməsə də, İsrailin müdafiəsini təmin etməyə məcbur olacaq: "Əgər bu baş verməsə, ABŞ-da daxili siyasi müzakirələrdə, o cümlədən yəhudi lobbisi tərəfindən ciddi narazılıqlar yarana bilər. ABŞ-nin son vaxtlar regiondan hərbi qüvvələrini çəkməsi, səfirlik heyətinin azaldılması və diplomatik personalın ailə üzvlərinin geri çağırılması kimi addımlar da məhz İsrail tərəfindən İrana qarşı gözlənilən hücumla əlaqələndirilə bilər. İsrail bu hücumu həyata keçirməkdə qərarlıdır".
Fatimə Nəbiyeva
15:28 12.06.2025
Oxunuş sayı: 2040