"ABŞ və İran danışıqlarının nəticə verəcəyi inandırıcı deyil" - Ekspert

ABŞ və İran arasında aparılan danışıqlar illərdir beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Xüsusilə də İranın nüvə proqramı ətrafında yaranan fikir ayrılıqları iki ölkə arasında münasibətlərin gərgin və qeyri-müəyyən bir səviyyədə qalmasına səbəb olur. Tərəflər zaman-zaman masa arxasına əyləşsələr də, strateji maraqlar və qarşılıqlı inamsızlıq bu cəhdlərin real nəticə verməsinə imkan tanımır. Son açıqlamalar, ekspert rəyləri və xüsusilə İran XİN rəhbəri Abbas Əraqçinin açıqlaması da bu danışıqların müsbət nəticə ilə yekunlaşacağına inamın zəif olduğunu göstərir.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:
"İran XİN nazirinin açıqlaması onu göstərir ki, ABŞ və İran arasında anlaşma ehtimalı demək olar ki, yoxdur. Çünki hazırda aparılan danışıqların məzmun və hədəfləri hər iki dövlətin təməl prinsipləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Ona görə də belə bir anlaşmanın baş tutması o qədər də inandırıcı görünmür. Çünki ABŞ-nin əsas strateji hədəfi İranın heçbir halda nüvə silahına sahib olmamasıdır. İranın strateji hədəfi isə nüvə silahına sahiblənmək və qlobal məkanda real iradə sahibi kimi öz mövqeyini diqtə etməkdir. Təbii ki, hər iki dövlətin bu strateji hədəfləri kəskin ziddiyyət təşkil edir və bu şəraitdə anlaşmaq ehtimalı demək olar ki, mümkün deyil. Ümumiyyətlə danışıqların ilk günlərindən pozitiv nəticənin olmayacağı aydın idi. Əslində bu danışıqlar ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən başladılmış proses deyil. Buna qədər də İranla nüvə anlaşmaları üzrə danışıqlar aparılıb. Ancaq uzun müddətdən bəri davam edən bu danışıqlar heç bir nəticə vermir və yaxın gələcəkdə də hansısa nəticə verəcəyi qətiyyən inandırıcı görünmür".
Ayhan Ağarzayev
17:00 04.06.2025
Oxunuş sayı: 1025