"Tramp uğursuzluğuna bəraət qazandırmağa çalışır" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Ukraynanı Avropanın problemi adlandırıb. O, Vaşinqtonun ümumiyyətlə əvvəldən bu məsələyə qarışmamasının daha doğru olduğunu bildirib.
Ağ Ev rəhbəri həmçinin Rusiya və Ukrayna ilə danışıqlarda irəliləyiş əldə edilməyəcəyi halda geri çəkiləcəyini söyləyib. Tramp ABŞ-ın məsələyə qarışmasına görə keçmiş administrasiyanı günahlandırıb və ölkəsinin bu müharibədə Avropadan daha çox maddi itki verdiyini vurğulayıb. ABŞ prezidentinin açıqlamaları birmənalı qarşılanmayıb.
Politoloq Mütəllim Rəhimli Ağ Ev rəhbərinin son açıqlamasını Crossmedia.az-a şərh edib: "Əslində Ukraynada muharibənin başlanmasına əsas səbəbkarlardan biri ABŞ-dir. ABŞ və Qərb məqsədli şəkildə Ukraynada əvvəl narıncı inqilab etdi. Daha sonra Ukraynada Volodimir Zelenskinin hakimiyyətə gəlməsini təmin etdi. Zelenskinin seçki kampaniyasının idarə olunmasında birbaşa iştirak etdi. Bu, ABŞ və Qərbin uzunmüddətli planının tərkib hissəsi idi. Prezident Viktor Yuşenkonun dövründə Ukraynanı Rusiyaya qarşı qoymaq üçün xeyli iş gördülər. Lakin bu kifayət etmədi. Zelenski hakimiyyətə gəldikdən sonra Ukraynanın Rusiyaya qarşı münasibətinin pisləşməsi üçün nə mümkündürsə onu etdilər. Ukraynanın Avropa İttifaqına, NATO-ya qəbulu ilə bağlı məsələləri Zelenskinin dilindən səsləndirməklə və bu istiqamətdə dövlət strukturlarının fəaliyyətini yönəltməklə Rusiya -Ukrayna müharibəsinin başlanmasına səbəb oldular".
Müsahibimizin fikrincə, Trampın indiki açıqlaması tamamilə siyasi yüklüdür: "ABŞ indiyədək belə mövqeyi dəfələrlə nümayiş etdirib. İndi də belə açıqlama ilə müharibənin fəlakətli nəticələrinin məsuliyyətindən yayınmağa çalışır. Həm də ABŞ-nin məsum sifətini formalaşdırmaq istəyir. Bütün bunlardan başqa, Tramp hazırda söz verdiyinin əksinə olaraq Rusiya-Ukrayna müharibəsinin dayandirılmasına nail ola bilmədi. Bu açıqlaması ilə həm də uğursuzluğuna bəraət qazandırmağa calışır. Yəni guya ABŞ vaxtilə bu müharibəyə qosulmasaydı indi belə bir durumda qalmazdı".
Ayhan Ağarzayev
12:20 21.05.2025
Oxunuş sayı: 737