Elm sahəsində optimallaşma kompleks prosesə çevilməlidir

Azərbaycan elminin və təhsilinin ən böyük hamisi cənab Prezident İlham Əliyevdir.
Dövlət başçısının nəzarəti və rəhbərliyi ilə ölkəmizdə elmin, təhsilin inkişafında əldə olunan müsbət nəticələr hər kəsə bəllidir. Elmi institutların optimallaşdırılması, elmi araşdırmaların genişləndirilməsi, Azərbaycan elminin dünya elminə interqasiyası, akademik mühitin sağlamlaşdırılması və inkişafı, elmin inkişafı ilə bağlı yeni alətlərin formalaşdırılması, gənc nəslin müasir standartlara uyğun təhsil alması, məktəblərin təmiri və tikintisi, elm və təhsildə həyata keçirilən islahatlar öz nəticəsini göstərməkdədir.
Hazırkı dövrdə Azərbaycanda siyası iradə müasir və tədqiqat yönümlü universitetlərin yaradılmasını vəzifə olaraq qarşıya qoyur. Belə ki, son beş ildə ölkə başçısının qərarı ilə açılan universitetlərin inkişafı və layiqli yer tutması üçün elmi dərəcə almış alimlərə ciddi ehtiyac olacaq. Bunun üçün aidiyyatı qurumların daha məsuliyyətli şəkildə çalışmaları lazımdır.
Son zamanlar, Azərbaycan dövlətinin elm və ali təhsil sahəsində həyata keçiridiyi optimallaşdırma və fəaliyyətin səmərəliliyinin artırılması, Nazirlər Kabinetinin elmi nüfuzun qaldırılması sahəsində qəbul etdiyi “yol xəritəsi” fonunda respublikada akademik fəallığın kifayət qədər yüksək olduğu görsənir. Eyni zamanda Ali Attestasiya Komissiyasında da bu istiqamətdə çoxsaylı işlər görülüb. Bununla yanaşı AAK-ın işinin ölkəmizdə elm sahəsində həyata keçirilən islahatların ruhuna uyğunlaşdırılması zərurəti görünür. Ölkəmizdə elm sahəsində gerçəkləşdirilən islahatların vahid konsepsiya əsasında, kompleks yanaşma ilə həyata keçirilməsi məqsədəuyğun olardı.
Bu ilin may ayında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin AZƏRTAC-a verdiyi müsahibədə bu və ya digər məsələlərə aydınlıq gətirən fikirləri çox sevindirici haldır. Uzun müddət ölkədə elmin və ali təhsilin inkişafı ilə əlaqədar gedən müzakirələr və irəli sürülən problemlər haqqında AAK sədrinin verdiyi məlumatlar yerinə düşdü. Müsahibədən məlum olur ki, 2019-2024-cü illərdə 1985 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 1326 şəxsə dosent elmi adı verilib, eləcə də, 2019-2024-cü illərdə 225 nəfərə professor elmi adı alıb. Bu statistikanı əldə etməyin yeganə yolu müsahibin çıxışıdır, başqa heç bir mənbədən bu məlumatları əldə etmək mümkün deyil.
Əlbəttə ki, bu rəqəmlərin arxasında şəhadətnamə almış alimlərin yaş göstəricisi və gender nisbəti haqqında da məlumat olsaydı sosiolojı təhlilimiz daha geniş olardı. Akademik mühitin qiymətləndirilməsi zamanı son beş ildə 225 nəfərə verilmiş professor elmi adının yaş göstəricilərinin təhlili çox əhəmiyyətlidir. Əlbətdə ki, Ph doktor dərəcələrinin də yaş təhlili vacibdir. Ölkənin elmi dayanaqlıq bu yaş göstəricilərindən asılıdır. Məlumatları müqayisəli təhlil etmək və ölkədə olan akademik mühitin inkişafı ilə, alınmış elmi dərəcə və adların nisbətini müəyyənləşdirmək üçün daha artıq məlumata ehtiyac var.
AAK sədrinin qeyd olunan müsahibəsində adından da göründüyü kimi “atestasiya” problemlərindən kənara çıxaraq, ali təhsilin səviyyələri, elmi tədqiqatların keyfiyyəti, akademik etika haqqında ifadə etdiyi fikirlər geniş müzakirələr üçün əsas yaradır. Tale yüklü mövzulara yanaşma, bəzən işlədilən ehtiyatsız ifadələr mövcud problemləri nəinki həll etmir, əksinə qoruyub saxladığımız akademik potensialın zəifləməsinə gətirib çıxara bilir.
“AAK sistemi” dünyanın heç bir qabaqcıl dövlətində yoxdur. Postsovet ölkələrindən bu sistemi Rusiya, Belarus, Türkmənistan və Tacikistan olduğu kimi qoruyub saxlayıb. Beynəlxalq model ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrində hazırlanmış və tarixi sınaqdan keçmiş standartlar toplusudur ki, bunları da ölkəmizdə tətbiq etmək kifayət edər. Yeni eksperimentlərə, yeni islahatlara ehtiyac yoxdur. Əminliklə deməliyik ki, müxtəlif ölkələrdə elmi fəaliyyətin attestasiyası ilə əlaqədar fərqli epizodları Azərbaycana tətbiq etmək eksperimetləri islahat və uğur göstəricisi deyil. Hörmətli sədrin uğur kimi göstərdiyi rəqəmlərin də mənbəyi AAK-ın anlaşılmayan tələbləri deyil. Bu barədə daha geniş şərh etməyə ehtiyac var.
Müsahibə zamanı jurnalist AAK sədrinə 21 sual ünvanlayıb. Bu sualların təhlili göstərir ki, ya onları AAK mütəxəssisləri hazırlayıb, ya da jurnalist akademik karyera maraqlısı olmayıb. Çünki əgər gənc jurnalist akademik karyera həvəskarı olmuş olsaydı ilk verdiyi sual “Nə üçün AAK-a ünvanlanmış rəsmi müraciət məktubları aylarla, bəzən isə illərlə cavablanmır?”, "Beş il doktoranturanı bitirdikdən sonra nə üçün illərlə müdafiəni gözləmək lazım gəlir?", "Daxili qaydada AAK tərəfindən müəyyənləşdirdiyiniz normalar hansı qanunvericiliyə əsaslanır?", "Tələb etdiyiniz məqalə və monoqrafiyaların çap olunması ilə əlaqədar lazım olan məbləğlər hansı vəsaitlərin hesabına ödənilməlidir?" olardı.
Ancaq bütün hallarda, AAK sədrinin elm və ali təhsilin inkişafı ilə əlaqədar şəxsi düşüncələri müsahibə zamanı verdiyi cavablarda öz əksini tapır. Bu düşüncələrin bəziləri nəinki mübahisəlidir, hətta sağlam akademik mühitdə yeni problemlərin yaranmasına gətirib çıxara bilər. Odur ki, müsahibənin mətnini sistemli şəkildə şərh edək.
AAK sədri elmi fəaliyyəti riyazi alqoritmə çevirərək hər bir əməliyyatda hərəkət və davranışları normalaşdırmaq istəyir. Diqqəti cəlb etsə də bu işi dünyada edə bilən olmayıb və bu akademik fəaliyyətin fəlsəfəsinə ziddir. Müsahibədən məlum olur ki, AAK əməkdaşları sosiolojı araşdırmalar edir, müşahidələr aparır və proqnozlar verir. Əslində bu da çox yaxşı işdir, ancaq deyilən araşdırmalar haqqında ölkənin akademik ictimaiyyəti niyə məlumatsızdır, nəticələr ictimailəşmir? AAK saytında ciddi sosioloji və elmmetrik məlumatlar əldə etmək mümükün deyil. Azərbaycanda desertasiyaların elmiliyi haqqında ətraflı məlumat verən AAK sədri müdafiə olunmuş dissertasiyaların nə elmi istiqamətləri, populyar elm sahələrini, tədqiqatdan kənərda qalmış elmi istiqamətlər, dövlət sifarişi ola biləcək istiqamətlər və daha çox saxtakarlıqla qarşılaşan istiqamətlər haqqında məlumat vermir. Əslində ölkədə akademik prosesin ciddi sosiolojı təhlilini məhz, AAK həyata keçirməlidir. Məsələn, verilmiş professor elmi adlarının neçə faizi real professura ilə məşğuldur və neçə faizi “dekorativ professordur” suallarına ən dolğun cavabı məhz AAK verə bilər.
Bir gəncin akademik karyera etməklə uğur qazanacığına inamı çox əhəmiyyətlidir. Bakalavr dövründən başlayan qeyri-müəyyənlik seçim yolu ilə magistraturada şəkil almağa başlayır. Təxminən tələbələrin hər yüz nəfərdən biri doktarantura səviyyəsinə çatır. Doktarantura zamanı da gənclər əsasən elmi rəhbərinin və müəllimlərinin himayəsində olurlar. Bütün bunlara baxmayaraq hər beş doktorantdan biri müdafiəyə çıxa bilir. Bütün problemlər müdafiə zamanı qarşıya çıxır. AAK tərəfindən qoyulan tələbləri öyrəndikcə belə bir qərara gəlirsən ki, sanki, orada bir qrup “intellektual” qarşılarına məqsəd qoyublar ki, gənc tədqiqatçıların “gününü qara” etsinlər. Göndərilmiş məktublara aylarla cavab ala bilməyən, bir neçə aydan sonra verilən məntiqsiz cavablar, tələb olunan qanunsuz sənədlər, elmi seminarların formalaşması ilə əlaqədar aparılan uzun və faydasız müzakirələr və s. gəncləri akademik karyera etməkdən qaçırdır.
Ölkənin orta məktəblərində elektron sənəd dövriyyəsi olduğu halda, universitetlərdə 30 min nəfərlik heyətin elektron sənəd dövriyyəsi mümkün olduğu halda AAK 20-30 nəfərlik dissertantın elektron sənəd dövriyyəsini edə bilmir və minlərlə səhifə kağız daşıyıcıda sənədlər qovluqlarda daşınır, itirilir və yenidən hazırlanır. Azərbaycanda yalnız AAK-da QR kodla verilmiş sənədə dairəvi möhür vurulması tələb olunur.
Disertasiyaların mövzusu və elmi rəhbər problemi haqqında müsahibədə deyilənlər həqiqi mənzərəni ifadə etmir və AAK-ın səlahiyyətlərindən kənardadır. Tədqiqata cəlb olunacaq mövzu elmi rəhbər tərəfindən müəyyənləşdirilir və bu zaman xeyli müzakirələr aparılır. Sonra mövzu elmi şuraya təqdim edilir və təsdiq olunur. Dissertasiya mövzusu böyük elmi şurada təsdiq edilir və kordinasiya şurasına göndərilir. Kordinasiya şurasının təsdiqindən sonra mövzunun dövlət sifarişi olaraq tədqiqatı rəsmiləşir. Doğrudur ki, mövzu 10-15 ildən sonra müdafiəyə çıxarkən köhnələ bilər. Lakin bu vəziyyətdə iddiaçının günahı yoxdur. Müdafiənin vaxtında təşkil olunması vacibdir və bu mövzudan bəhs etmək önəmlidir. Aspirant və doktorantlara elmi rəhbərlik elmi-pedaqoji prosesdir və bunun üçün dövlət hər tədris ilində 50 saat ayırır. Rəhbər və aspirant arasında ünsiyyət bir çox hallarda bir ailə üzvü münasibətlərinə çevrilir və gənc tədqiqatçı təcrübəli rəhbərindən çox şey öyrənir. Bu münasibətləri alqoritmə çevirmək və onu normalaşdırmağı dünyanın heç bir ölkəsində edə bilməyiblər və bizdə də alınmaz.
Hər bir Ph doktor dərəcəsinin müdafiəsi konkret elmi sahədə alimlərin həmrəyliyi şəraitində baş verməlidir, ayrı-ayrı elmi qrupların intriqaları şəraitində deyil. Nə üçün dünyanın tanınmış alimləri Azərbaycanda müdafiə prosesinə qoşula bilmirlər, dövlətin birmənalı tələbləri olsa da, hələ də bu proses qısqanclıqla qarşılanır? Çünki, xaricdən dəvət olunmuş alimlər AAK standartlrının təsiri altına düşmək istəmir.
Ph doktor dərəcəsinin uğurlu müdafiəsi tədqiqatçının elmi yetkinliyinin rəsmi tanınması, onun müstəqil elmi tədqiqat aparmaq və fənnin inkişafına töhfə vermək qabiliyyətinin təsdiqidir. Qərb ölkələrində PhD müdafiəsi çox vaxt açıq elmi seminar şəklində keçirilir, mütləq beynəlxalq ekspertlər iştirak edir, daha az rəsmi prosedurlar, lakin beynəlxalq jurnallarda dərc olunmuş məqalələrə daha yüksək tələblər müzakirə edilir. Disertasiyanın müdafiəsi zamanı, bir dəvət olunmuş xarici professor mühüm hesab etdiyi, iddiaçının beynəlxalq konfransda məruzəsinə diqqət çəkir və məruzəni təhlil edərək iddiaçının elmi yanaşmasını dəstəkləyir.
Bəs bu proses Azərbaycanda necə baş verir? Müzakirələr zamanı çıxış edən məruzəçilər, statuslarından asılı olmayaraq disertasiyanın I fəslində filan məsələlər göstərilib, II fəslində filan məsələlər göstərilib, on ədəd qramatik səhvlərə yol verilib, aktuallıq yaxşı ifadə olunub və s. şəkilində fikir bildirir. Bütün müzakirələr disertasiyanın irəli sürdüyü konsepsiya üzərində deyil, onun sktukturu üzərində qurulur.
Azərbaycanda Ph doktor dərəcəsi almaq üçün eyni mənzərə üç dəfə həyata keçirilir və hər dəfə video çəkiliş, protokol yazılması, stenoqram və minlərlə səhifə yazılı kağız sənədlər hazırlanır. İlkin müzakirə, elmi seminar və əsas müdafiə deyilən mərhələlərdə eyni prosedurlar icra olunur. Prosesin adları fərqli olsa da hər mərhələdə eyni hadisələr təkrarlanır. Büynəlxalq ekspertlər demək olar ki, iştirak etmir və müzakirələrdə iştirak edən elmi tərkib AAK-ın mövqeyi ilə formalaşır. Müzakirə zamanı deyilmiş fikirlər lazım gələrsə elmi nailiyyət kimi təqdim olunur, lazım gəlmədikdə böyük bir “elmsizlik” kimi təhlil edilir. Əsas problem də odur ki, bu vəziyyətlə əlaqədar apelyasiya vermək, iddiaçının mövqeyini müdafiə etmək üçün hüquqi prosedur yoxdu. AAK rəyasət heyəti istədiyi qərarı iddiasçını dəvət etmədən, onu dinləmədən də verə bilir.
Ph doktor dərəcəsi almaq üçün 32 maddədən ibarət sənədlər də üç dəfə yoxlanılır və təhvil-təslim edilir. Birinci dəfə müəssisənin elmi işlər üzrə məsul şəxsi tərəfindən, ikinci dəfə müdafiə şurasının elmi katibi tərəfindən, üçüncü dəfə AAK-ın məsulları tərəfindən. Bu zaman “qara günlər” başlanır. Birinci dəfə qəbul olunmuş sənəd üçüncü mərhələdə keçərsiz hesab edilir və yenidən hazırlanmalıdır. Məsələn 15 il öncə bir alimin verdiyi rəyi yenidən hazırlamaq və katiblikdə təsdiq etmək lazımdı. Təsəvvür edin ki, həmin alim dünyasını dəyişib, elmi katib də yeni təyin olunub... Və ya, üçüncü mərhələdə təqdim olunan 20 elmi məqalənin 18-ni qəbul etmirlər, ya da, skopusda indeksləşən məqalə məlum olur ki, skopusda deyil. Bu necə olur ki, dünənə qədər skopusda idi indi deyil... Yəni, prosesə yenidən başla və yeni məqalələr yaz...
Qeyd olunan müsahibədə iftixarla, İtaliyada müdafiə olunmuş bir desertasiyanı ləgv etdiklərini elan edirlər. İtaliyada müdafiə olunmuş dissertasiya işi mütləq müvafiq müdafiə şurasında həyata keçirilib. İtaliyada bir telefon zəngi ilə müdafiə şurası yaradılmır və müdafiə şurasının tərkibi də mütləq nüfuzlu alimlər olur. Belə bir şuranın qərarını ləgv etmək üçün ən azı həmin səviyyədə elmi müdafiə şurası yaradılmalıdır. O dissertasiyaya mənfi rəy verən ekspertlərin öz səviyyəsi haqqında şübhə yarana bilər. Narahat edən odur ki, “olmayan bir dövlətin qaçqınlara dair dövlət siyasəti” haqqında desertasiya problemsiz qəbul olunur, İtaliyada disertasiyaların müdafiə şurasında qəbul edilmiş elmi tədqiqat ləğv edilir.
Tədqiqatçılara edilən ən böyük əziyyət AAK-ın antiplagiat tədbirləridir. Əziyyət ona görə deyil ki, tədqiqatçılar plagiat hadisəsindən qorxur, ehtiyat edir. Şükürlər olsun ki, hələ də plagiata görə heç kimi tutub cəzalandırmayıblar. AAK-ın anti-plagiat yoxlaması mətinlərin uyğunluq dərəcəsini yoxlayır və anlaşılmayan bir qrup tədbirlər məcmusudur. Tətbiq olunan “StrikePlagiarism” proqramı ödənişlidir və bir desertasiyada mətnin uyğunluq dərəcəsini müəyyənləşdirmək üçün təxminən 80 manat ödəmək lazım gəlir. Proqram desertasiya mətnini bütün əlçatar resurslarla tutuşdurur, hətta müəllifin öz məqalə və yazıları ilə də eyniliyi müəyyənləşdirərək müqayisəli mətn hazırlayır. Bu plagiat hadisəsini ifadə etmir və qanunvericiliklə müəyyən olunmalıdır ki, mətnin uyğunluq dərəcəsi 10 faiz olmalıdır ya 30 faiz. Belə normalaşdırma işi kimlərinsə şəxsi və sübyektiv fikri ilə deyi, qanunvericiliklə müəyyənləşməlidir. Eləcə də bütün elm sahələri üçün vahid standar qoymaq yəqin ki, yanlışdır. Müasir süni intellekt (məsələn, ChatGPT) dissertasiyanın hər hansı bir abzasını hansı parçalardan ibarət olduğu və hansı qaynaqlardan formalaşdığını, ifadə edilən fikirin hansı mənbələrdən alındığını təhlil edib mətni sifarişçiyə təqdim edə bilir. Deməli disertasiyanın bu parçası plagiatdır? Plagiat, dissertasiyanın elmi istiqamətində istifadə olunan aidiyyatı elmi fikrin mənimsənilərək isnadsız istifadə olunmasıdır ki, bunu da yalnız sahə mütəxəssislərindən ibarət elmi şura təyin edə bilər. Bu mövzuda geniş müzakirələr açmaq faydalı olar.
AAK-da, hələ də müdafiə şuralarının yaradılması şəxsi münasibətlər əsasında formalaşır. Elmi seminarların tərkibi şəxsi fikirlərlə komplektləşir. Əsasnamədə yazılmış “öz sahəsinin tanınmış nümayəndələri” olmalıdır tələbi AAK funksioneri ilə müdafiə şurasının sədri arasında razılaşdırılır və heç bir ciddi elmi göstəricilər nəzərə alınmır. Məhz buna görə də “ədəbiyyat müəllimi” texnika sahəsində müdafiə şurasının üzvü olur. Bu “ədəbiyyat müəlliminin” bir “zavodun direktor müavini” olması müdafiə şurasına üzv olmasını törədə bilməz.
Müsahibədə irəli sürülən mövqeyə əsasən müdafiə şuraları elmi müəssisələrin irəli sürdüyü təklif əsasında qurulur və belə nəticə çıxır ki, orada neqativ hallar baş verərsə AAK məsuliyyət daşımır. Bu mövqe ilə razılaşmaq mümkün deyil. AAK funksionerlərinin təsdiqi və icazəsi olmadan müdafiə şuraları heç bir əməliyyat edə bilməz. Məsələ burasındadır ki, Türkiyədən dəvət olunmuş universitet professoruna, nüfuzlu bir alimə iş yerindən möhürlü arayış gətir deyə müraciət edirlər. AAK hər addımda baş verən proseslərdə tərəfsiz qurum deyil maraqlı tərəf kimi çıxış edir. Konfranslar haqqında normalar müəyyənləşdirir, onların statusunu sorğulayır, elmiliyini sual altına gətirir, müasir rəqəmsal dünyada çap olunmuş konfrans kitabı tələb edir, əgər kitab çap olunmayıbsa bu konfransı qanunsuz elan edir və s.
Ph doktor dərəcəsi alan kimi müdafiə şuralarına daxil olmaq hüququ qazanılır və AAK bunu nailiyyət hesab edir. Hətta, Ph doktor dərəcəsi alan kimi aspirantlara rəhbərlik etməsi tövsiyyəsi verilir. Belə olan halda alimlər nə üçün dosent adı almaq istəsin? Əgər müdafiə şuralarına üzv olmaq üçün, aspirant və doktorantlara elmi rəhbər olmaq üçün Ph doktor dərəcəsi kifayət edirsə, bəs onda dosentlər üçün qoyulan xüsusi tələblərin məqsədi nədir?
AAK-ın hörmətli sədrinin müsahibəsində dediyi kimi “Şpringerdə” bir monoqrafiya çap etdirsən və ya əsasnamədə göstərilən kimi iki Skopus məqaləsi çap etdirsən “professor adı ala bilərsən” fikri ictimai rəyi çaşdırmasın. Şpringerdə çox sayda kitabı çap olunmuş və çox sayda Skopusda məqaləsi olan, çox sayda elmi istinadlar toplamış, yüksək H indeksinə malik alimlər o adı ala bilmirlər. Uzun-uzadı get-gəldən sonra cavab verirlər ki, biz səni tanımırıq, get, qoy rektor sənin haqqında bir məktub yazsın. AAK müəssisə olaraq PhD almış, dosent olmuş, yüksək nailiyyətləri akademik platformalarda əks olunmuş alimi necə tanımaya bilər? Elə təsəvvür yaranır ki, elmi adları AAK rəhbərliyinin iltifatı olaraq alırsan.
2024-cü ildə AAK-ın Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi ilə müqaviləsi anlaşılmazdır. Bu müqavilə niyə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə deyil AAK ilə imzalanır? Müqavilə əgər nazirliklə imzalansa idi AAK Qazaxıstan jurnallarını tanımayacaqdı? Azərbaycan Prezidentin AAK-ın fəaliyyəti ilə əlaqədar imzaladığı əsasnamələrdə MDB dövlətlərinin elmi jurnallarının tanınması haqqında bənd mövcuddur. Bu məqsədlə AAK-ın belə bir əməkdaşlıq müqaviləsi imzalaması artıqdır və ölkənin Elm və Təhsil Nazirliyinin funksiyasına müdaxilədir.
Azərbaycanda xülasələndirmə və indeksləşən məlumat bazalarına daxil olan elmi jurnallar haqqında ilk tələblər 2019-cu il əsasnaməsində gündəmə gəldi. Bu əsasnamənin qəbul olunmasından 6 il keçsə də AAK bu indesləşmənin nə olması haqqında elm və ali təhsil müəssisələri üçün nə bir təlimat, nə də xüsusi təqdimatlar keçirmədi. Odur ki, bu boşluqdan istifadə edən çox sayda dəllallar, maklerlər, hətta bu sahədə xidmət göstərən şirkətlər də meydana gəldi.
Bu gün də, akademik mühitdə indeksləşmənin nə oldugunu bilməyənlər çoxdur. AAK indeksləşmə üçün WOS və Skopus göstəricilərini əsas qəbul edir. Milli H indeksində isə WOS, Skopus və Google akademiya göstəricilərinin ortaq nəticəsi qiymətləndirilir. Türkiyə və bir çox ölkələrdə də məhz belə edirlər. İndi, gənc tədqiqatçı hansı meyarlara özünü hazırlamalıdır - AAK-ın tələblərinə ya dövlətin standartlarına?
Beynəlxalq akademik mühitdə xülasələndirmə və indeksləşən məlumat bazaları yüzə yaxındır. AAK fərqli elmi istiqamətlər üçün bunlardan yanlız altısını seçib və yalnız onları mötəbər hesab edir. Elmmetriya ilə məşğul olan mütəxəssislərin də etiraf etdiyi kimi bu seçimin məntiqini anlamaq çətindir. WOS və Skopusu anlamaq olar. Bu məlumat bazaları özəl şirkətlər olsa da dünyanın bir çox ölkələri onun mötəbərliyini qəbul edir. Ancaq bu məlumat bazalarında yerləşən jurnallarda məqalələrin çap olunma xərci 1000 manardan 6000 manata qədərdir. Bunun ödənişi ilə əlaqədar heç bir fikir yoxdur. Bəs Erihplas, Şpringer, Kopernikus nə üçün mötəbərdir. Çin, Hindistanın və Pakistanın böyük tutumlu məlumat bazaları var, onlar niyə mötəbər deyil? Türkiyə nəşriyyatlarında çap olunan monoqrafiyalar niyə mötəbər hesab edilmir? Ulakbim Türkiyə brendidir və biz ölkə olaraq bu məlumat bazasına inteqrasiya olmaqda maraqlı olmalıyıq. Belə olan halda Ulakbimlə əməkdaşlıq haqqında niyə heç bir iş görülmür? Niyə “Dergi parkla” əməkdaşlıq imzalanmır? Azərbaycanın elmi jurnallarının bu platformaya inteqrasiyası təmin edilmir? Bu barədə AAK-a unvanlanan çox sayda müraciətlər cavabsız qalır.
İddia olunur ki, Azərbaycan alimləri AAK-ın qoyduğu tələblərə görə məqalə yazır və akademik aktivlik onlara görə yüksəkdir. Əyər bunu qəbul etsək, deməli bir dosent üçün tələb olunan iki Skopus bazasında məqalə çap etdirmək kifayətdir. Bəs onda Skopus məlumat bazasında indeksləşən yüzlərlə məqaləsi olan alimlərimiz bu məqalələri niyə yazır?
Azərbaycanın çox sayda dünya şöhrətli alimləri var və haqlı olaraq onlarla iftixar edirik. Bu alimlər AAK tələblərinə görə məqalə yazmırlar. Məqalə yazmaq, elmi fikir istehsal etmək, beynəlxalq akademik mühitdə fikir mübadiləsində iştirak etmək alimin daxili tələbatıdır. Akademik karyera seçmiş gənclər hər beş ildə bir AAK qarşısında Ph doktor, dosent, elmlər doktoru, professor olaraq status davasına görə illərini xərcləməməlidir, dünya elmi məkanında imzasını tanıtmalıdır, elmi tədqiqatlarını yayınlamalıdır, elmi konfranslarda mənsub olduğu elmi məktəbi təmsil etməlidir və elmi nəticələrinin tətbiqi sahəsində uzun-uzadı çalışmalıdır.
15:57 21.05.2025
Oxunuş sayı: 18077
