Pakistan Hindistana xəbərdarlıq etdi: - "Müharibə aktı sayılacaq"

Cənubi Asiyada gərginlik yenidən yüksəlir. Pakistanın müdafiə naziri Xavaca Asif Hindistana sərt xəbərdarlıq edib. Nazir bəyan edib ki, Hind çayında suyun qarşısının alınması rəsmi İslamabad tərəfindən müharibə aktı kimi qiymətləndiriləcək.
“Əgər bizim mülki vətəndaşlarımız təhlükə altındadılarsa, mən açıq şəkildə bildirirəm ki, Hindistan vətəndaşları da təhlükəsiz olmayacaqlar,” – deyə Asif bildirib.
Gərgin bəyanat Pakistan Müdafiə Nazirliyinin rəsmi hesabından da paylaşılıb:
“Çox sağ ol, Modi. Sən bizim xalqı birləşdirdin.
Müharibə istəyirsiz? Başlayın. Pakistan hazırdır!”
Hazırda İslamabadda Hindistan əleyhinə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Etirazçılar “Kəşmirin azad edilməsi” tələbi ilə küçələrə axışıblar.
Hindistan tərəfi isə hələlik bu bəyanatlara rəsmi cavab verməyib. Ekspertlər bölgədə müharibə riskinin hər dəqiqə artdığını bildirirlər.
23:15 24.04.2025
Oxunuş sayı: 763