ABŞ-dan İrana mülki nüvə proqramı təklifi – kompromis axtarışları davam edir

"The Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ administrasiyası Tehranla aparılan danışıqlarda mümkün kompromisin bir hissəsi kimi İrana mülki nüvə proqramı təklif edir. Söhbət, İranın yalnız idxal olunan nüvə yanacağından asılı olan və beynəlxalq nəzarət altında fəaliyyət göstərəcək bir proqramdan gedir.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, ABŞ Senatının üzvü Marko Rubio sözlərinə görə, bu təklifin məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və bölgədəki gərginliyi azaltmaqdır. Təklifə əsasən, İran zənginləşdirilmiş uranı xaricdən, məsələn, Birləşmiş Ərəb Əmirlikləri modelində olduğu kimi, ala bilər. Lakin bu modeldə İranın öz ərazisində uranı zənginləşdirməsinə icazə verilməyəcək.
Bu təklif beynəlxalq ictimaiyyətin Tehranla bağlı əsas narahatlığını İranın nüvə proqramının hərbiləşdirilməsi ehtimalını aradan qaldırmağa yönəlib. Hazırda danışıqlar davam edir və tərəflərin bu istiqamətdə bir razılığa gəlib-gəlməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, İran əvvəllər də mülki nüvə proqramına sahib olduğunu və nüvə silahı hazırlamaq niyyətində olmadığını bəyan edib. ABŞ isə bu iddialara ehtiyatla yanaşaraq, geniş beynəlxalq nəzarət və məhdudiyyətlər tələb edir.
19:36 24.04.2025
Oxunuş sayı: 860