Trampın tarif açıqlamaları yüksəlişi dayandırdı

ABŞ prezidenti Donald Trampın Çin və digər ölkələrə tətbiq olunacaq tariflərlə bağlı ziddiyyətli siqnallar verməsi fonunda ABŞ fond bazarlarında iki günlük yüksəliş dalğası dayanıb.
Çərşənbə günü Wall Street birjalarda yüksəlişlə bağlansa da, Trampın Çinə tarifləri “əhəmiyyətli dərəcədə” azaldacağını bildirməsi və FED sədri Cerom Pauelin işdən çıxarılması ilə bağlı niyyətini təkzib etməsinə baxmayaraq, gün ərzindəki zirvədən sonra geriləmə müşahidə olunub. S&P 500 göstəricisi əvvəlcə 3,6 faiz yüksəlsə də, sonradan geri çəkilərək günü 1,67 faizlik artımla başa vurub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Wall Street Journal nəşri administrasiyanın Çindən idxal olunan bəzi məhsullara tətbiq edilən tarifləri 50-65 faizədək endirməyi nəzərdən keçirdiyini yazıb. Yeni yanaşmaya əsasən, milli təhlükəsizlik üçün vacib olmayan məhsullara 35 faiz rüsum tətbiq edilə bilər, əsas məhsullara isə 100 faizlik tariflər qorunub saxlanacaq. Bu isə mövcud 145 faizlik tariflərlə müqayisədə ciddi azalma demək olsa da, ticarət maneələrinin qalmaqda davam etdiyi bildirilir.
ABŞ Xəzinədarlıq katibi Skott Bessent isə tariflərin birtərəfli şəkildə azaldılması planının gündəmdə olmadığını qeyd edib. O, Vaşinqtonda keçirilən Beynəlxalq Maliyyə İnstitutunun tədbirində çıxışı zamanı ABŞ və Çin arasında geniş miqyaslı ticarət razılaşması üçün potensialın olduğunu vurğulayıb.
Zəhra Ağayeva
18:33 24.04.2025
Oxunuş sayı: 997