Duda: “Putini yalnız Donald Tramp dayandıra bilər”

Polşa Prezidenti Anjey Duda Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibəni yalnız ABŞ-ın, xüsusən də sabiq prezident Donald Trampın dayandıra biləcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Polşa lideri transatlantik əməkdaşlığın yenilənməsinə və ABŞ-ın qətiyyətli mövqeyinə ümid etdiyini bildirib:
“Bu gün gəldiyim nəticə aydındır: ABŞ-dan başqa Vladimir Putini dayandıra biləcək heç kim yoxdur. Mən inanıram ki, Donald Tramp bu müharibəni bitirə biləcək liderdir”, – deyə Duda qeyd edib.
Polşa Prezidenti sülh prosesində Ukraynanın da müəyyən güzəştlərə getməli olacağını istisna etməyib:
“Güzəştlər qaçılmaz olacaq. Mənim fikrimcə, bu sülh elə olmalıdır ki, heç bir tərəf özünü qalib saymasın. Hər iki ölkə müəyyən dərəcədə geri çəkilməyə razı olmalıdır”.
Duda həmçinin Trampın diplomatik üslubunu və onun ABŞ maraqlarını ön planda tutmaq siyasətini dəstəklədiyini bildirib. O, keçmiş prezidentin sərt və nəticəyönümlü siyasətini “iş adamı üslubu” adlandırıb və bu yanaşmanın danışıqlarda ciddi üstünlüklər verdiyini qeyd edib.
Digər tərəfdən, Ukrayna Prezidenti Volodimr Zelenski öz mövqeyində qətiyyətli olaraq qalıb. O, Ukraynanın ərazilərindən heç bir halda imtina etməyəcəyini bəyan edib:
“Danılası bir şey yoxdur – bu, bizim torpağımızdır, Ukrayna xalqının torpağıdır”.
Qeyd edək ki, çərşənbə günü Londonda ABŞ, Ukrayna və Avropa rəsmiləri arasında sülh prosesi ilə bağlı yüksək səviyyəli görüş keçirilib. ABŞ-ı bu görüşdə dövlət katibi deyil, Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq təmsil edib.
Zəhra Ağayeva
16:59 24.04.2025
Oxunuş sayı: 1074