Beynəlxalq səyyahlar Xankəndidə - FOTO




Dünyanın 30 ölkəsinin səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər Qarabağa səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlanan məlumata görə, beynəlxalq səyahətçilər Füzuli və Şuşa şəhərini ziyarət etdikdən sonra Xankəndiyə səfər ediblər.
Qarabağ Universiteti ilə tanışlıqdan sonra qonaqlar Xankəndi şəhərində aparılan böyük tikinti-quruculuq işləri ilə yaxından maraqlanıblar. Burada beynəlxalq səyyahlara məlumat verilib ki, hazırda Xankəndi Konqres Mərkəzi və Zəfər parkı tikilir. Mədəniyyət, Biznes mərkəzi, Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə Xüsusi nümayəndəliyinin inzibati binası, "Zəfər" muzeyi və şəhər stadionunda əsaslı təmir bərpa-yenidənqurma işləri həyata keçirilir. Ekskursiya zamanı səyyahlara Xankəndinin tarixi və turizm potensialı barədə də ətraflı məlumat verilib.
Xatırladaq ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan bərpa-quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.
Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri baş tutub.
Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir. ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyadan olan səyyahlar Qarabağda öz səfər təəssüratlarını da bölüşüblər.(report)
15:13 24.04.2025
Oxunuş sayı: 921