SOCAR və Suriyanın neft-qaz sektorunun bərpası: strateji perspektivlər və regional təsirlər

2025-ci ilin aprelində Antalyada keçirilən Diplomatiya Forumunda Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriya Prezidenti Əhməd əl-Şəraa arasında baş tutan görüş, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsini işıqlandırır. Görüşdə, Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Suriyanın şərqindəki neft və qaz sahələrinin bərpasına dəstək verməsi məsələsi müzakirə olunub. Bu addım, həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyətli strateji nəticələrə yol aça bilər.
Suriyanın
enerji sektoru 2011-dən bəri çoxqütblü parçalanma və müharibə səbəbilə dağılmış
vəziyyətdədir. Qərbdəki neft infrastrukturuna Bəşər Əsədin qalıq sistemləri nəzarət
edirdi. Şərqdəki zəngin yataqlar (xüsusilə əl-Ömər, Tanak, Coniyə)
isə SDF (Suriyada ABŞ tərəfindən dəstəklənən kürd qüvvələri) tərəfindən nəzarətdə
saxlanılırdı. Bu, enerji hasilatında təkcə coğrafi deyil, həm də siyasi qütbləşmə
yaratmışdı. Bu sistem daxili enerji təchizatında asılılıq və risklərin yüksəkliyini
doğururdu. SOCAR-ın iştirakı bu vəziyyəti balanslaşdırmaq və diversifikasiya
etmək üçün katalizator rolunu oynaya bilər.
Suriya
Demokratik Qüvvələri (SDQ) ilə hökumət arasında mart ayında imzalanan sazişə əsasən,
ölkənin şərqindəki böyük neft yataqları – əl-Omar, əl-Tanak və Cəfra – dövlətin
nəzarətinə keçib. Bu, Suriyanın enerji sektorunun mərkəzləşdirilməsi və
sanksiyalardan azad olunması istiqamətində mühüm addım sayılır.
Azərbaycanın
neft sektorunda təlim görmüş mütəxəssislər, Qərb və Asiya texnologiyasının
sintezini tətbiq edə bilirlər. Boru kəmərləri, hasilat texnologiyaları, müasir
neft emalı və logistik infrastruktur sahəsində SOCAR-ın təcrübəsi Suriyanın
“ölü” infrastrukturunu canlandıra bilər. SOCAR nə ABŞ, nə də İran-Rusiya oxu ilə
tam inteqrasiya olunmayıb — bu isə, ona müxtəlif qütblərlə paralel işləmək
imkanını verir.
Suriya,
13 illik müharibə nəticəsində enerji infrastrukturunu ciddi şəkildə itirib və
hazırda İranın enerji ixracına güvənir. SOCAR-ın bu sahəyə daxil olması,
Suriyanın enerji təchizatını diversifikasiya edərək, iqtisadi sabitliyini
artırmağa kömək edə bilər. Elçin İbadov bildirib ki, SOCAR Türkiyə CEO-su
"enerji tələb olunduğu təqdirdə, Azərbaycan və Türkiyənin strateji
maraqları çərçivəsində SOCAR-ın bu missiyanı yerinə yetirməsi bizim
borcumuzdur".
SOCAR-ın
Suriyadakı fəaliyyəti, Azərbaycan və Türkiyə arasında möhkəm strateji əlaqələrin
qurulmasına xidmət edir. Bu əməkdaşlıq, həmçinin Orta Dəhliz vasitəsilə Avropa
ilə enerji əlaqələrinin gücləndirilməsinə dəstək ola bilər.
SOCAR-ın təcrübəsi və texnoloji bacarıqları, Suriyanın enerji infrastrukturunun bərpasında əhəmiyyətli rol oynaya bilər. Bu, həmçinin Azərbaycanın enerji sektorundakı texnoloji inkişafını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır. İqtisadi sabitliyin bərpası təkcə hasilat demək deyil. Enerji gəlirləri vasitəsilə mərkəzi büdcəyə daxilolmalar artacaq. Dövlət, dövlət qulluqçuları, təhlükəsizlik orqanları və sosial proqramlar üçün resurs qazanacaq. Bu isə, yeni Suriyanın “dövlətçiliyi” üçün əsas bərpa dayağı rolunu oynayacaq. Diversifikasiya enerji resurslarının yalnız bir oyunçuya deyil, bir neçə aktora yönəldilməsi ilə siyasi sabitlik baxımından da əhəmiyyətlidir.
SOCAR ilə əməkdaşlıq, Suriyanın enerji sektorunun bərpasında
mühüm rol oynaya bilər. Bu əməkdaşlıq, həmçinin Azərbaycanın enerji ixracatını
artırmaq və yeni bazarlara çıxış əldə etmək üçün bir fürsət yaradır. Lakin, bu
prosesin uğurlu olması üçün siyasi iradə, beynəlxalq dəstək və texnoloji
investisiyalar tələb olunur. SOCAR-ın son illərdə həyata keçirdiyi rəqəmsallaşma,
təhlükəsizlik sistemləri, süni intellekt əsaslı enerji idarəçiliyi kimi
texnoloji layihələri beynəlxalq arenada nümayiş olunacaq. Smart Grid (ağıllı şəbəkə)
texnologiyalarının Suriyada tətbiqi, itirilmiş enerji aktivlərinin dronlar və
peyk izləmə ilə xəritələndirilməsi, yanacaq və enerji təchizatı sistemlərinin
süni intellekt əsaslı idarəetməsi, təhlükəsizliyə uyğun blokçeyn əsaslı məlumat
mübadiləsi sistemləri SOCAR-ı təkcə “enerji şirkəti” deyil, enerji texnoloji
innovatoru kimi təqdim edir.
Azərbaycan
və SOCAR, Suriya vasitəsilə enerji sahəsində yumuşaq gücünü artırır –
infrastruktur bərpası ilə ölkədə müsbət imic qazanır. BMT, İslam Əməkdaşlıq Təşkilatı
və digər platformalarda humanitar enerji bərpaçı aktor kimi çıxış edə bilir. SOCAR
vasitəsilə Azərbaycanın qlobal səviyyədə reputasiya kapitalını artırır.
SOCAR-ın
Suriyanın enerji sektorunun bərpasına dəstək verməsi, yalnız iqtisadi deyil, həm
də geosiyasi əhəmiyyətə malik bir addımdır. Bu əməkdaşlıq, regional sabitliyin
təmin olunmasına, enerji təhlükəsizliyinin artırılmasına və beynəlxalq əlaqələrin
möhkəmlənməsinə xidmət edə bilər.
ABŞ-nin
Suriyanın şimal-şərqindən hərbi kontingentini çıxarması və SOCAR-ın Suriyada
enerji sahəsinə daxil olması arasında birbaşa əlaqə olmasa da, strateji və
geosiyasi baxımdan bu iki hadisə bir-birini tamamlayan proseslər kimi qiymətləndirilə
bilər.
ABŞ
uzun müddət Suriyanın şimal-şərqində əsasən İŞİD-ə qarşı mübarizə və kürd
silahlı qruplarını (xüsusilə YPG-PYD) dəstəkləmək məqsədilə mövcud idi. İndi isə,
hərbi kontingentinin sayını azaldır və bəzi bazalarını bağlayır. Bu, bölgədə hərbi
və siyasi boşluq yarada bilər. Belə boşluqlar isə, regional oyunçular üçün fürsət
pəncərəsi açır – SOCAR da burada ön plana çıxır.
SOCAR-ın və dolayısıyla Azərbaycanın Suriyanın
enerji sektorunda fəallaşması İran, Rusiya və Türkiyənin artıq oynadığı rolla
balans yarada bilər. Azərbaycanın neft-qaz texnologiyası, idarəetmə təcrübəsi və
regional neytrallığı burada mühüm üstünlükdür. Bu, ABŞ-nin boşaltdığı yerlərdə
iqtisadi və texnoloji təsir forması kimi ortaya çıxır – daha az hərbi, daha çox
“soft power”.
ABŞ-İsrail-Türkiyə
üçbucağında yeni reallıq yaranır. ABŞ-nin çəkilməsi bölgədə İran və Rusiya təsirinin
artması riski deməkdir. Azərbaycan və SOCAR isə bölgəyə daxil olmaqla Türkiyənin
regional təşəbbüslərinə iqtisadi dayaq ola bilər. ABŞ, fiziki olaraq çəkilsə də,
SOCAR kimi müttəfiq və neytral tərəfdaşların güclənməsi ilə dolayı təsirini
qorumaq istəyə bilər.
ABŞ
üçün maliyyə motivasiyası + SOCAR üçün iqtisadi fürsət yaranır. ABŞ, İraq və
Suriya müharibəsinə trilyonlarla dollar xərcləyib. İndi bu xərcləri azaltmaq və
daha az riskli təsir modellərinə keçmək istəyir. SOCAR kimi enerji nəhənglərinin
daxil olması yenidənqurma və iqtisadi inkişaf layihələrinin özəl sektor vasitəsilə
aparılması deməkdir.
Suriya yeni konstitusiya və müvəqqəti
hakimiyyətə doğru addımlayır. Bu transformasiya prosesində enerji sahəsinin bərpası
əlverişli iqtisadi baza kimi görünür. SOCAR və Azərbaycanın iştirak etməsi həm
regional inteqrasiyanı, həm də iqtisadi sabitliyi gücləndirəcək.
Bu hadisələr bir növ əsrin dəyişiklikləri kimi
görünür – hərbi modeldən iqtisadi modelə keçid. ABŞ çıxır, çünki hərbi missiya
(İŞİD) tamamlandı. O, yeni geosiyasi strategiyaya keçir. Xərcləri azaldır, amma
dolayı təsirini qoruyur. SOCAR daxil olur. Çünki regionda iqtisadi boşluq və
infrastruktur ehtiyacı vardır. Azərbaycanın regional güc mərkəzi olmaq
strategiyasına uyğundur. Türkiyə ilə birgə Orta Dəhliz konseptinə uyğun gəlir.
SOCAR-ın
Suriyada fəallığı həm də İran və Rusiyanın enerji layihələrinə alternativ təklif
edir (yəni monopoliyanın qarşısını alır). Türkiyənin “qonşu dövlətlərin enerji
sabitliyi” siyasəti ilə üst-üstə düşür. ABŞ-nin bölgədən çəkildiyi vaxtda ABŞ tərəfdarları
üçün strateji iqtisadi tampon zonası yaradır.
Diversifikasiya
təkcə enerji təchizatında deyil, iqtisadiyyatın ümumi strukturunda da özünü
göstərməlidir. SOCAR yalnız hasilatla yox, neft emalı, neft-kimya, enerji
logistikasına da yatırım etsə, bu, lokal iş yerlərinin yaradılması, təlim-tədris
proqramlarının təşkili, yerli texnoloji inkubasiya demək olacaqdır. Beləcə,
enerji sektoru və qeyri-neft sahələrinin sintezi ilə yeni iqtisadi model
qurulmuş olar.
SOCAR-ın
Suriyadakı fəaliyyəti enerji təchizatının diversifikasiyasından çox geosiyasi və
iqtisadi mühəndislik layihəsinə çevrilə bilər. Enerji resurslarının yeni
konfiqurasiyası, qütblərarası balansı təmin edəcəkdir. İqtisadi dirçəlişin
dayağı kimi, enerji sektoru əsaslı sabitlik gətirəcəkdir. Daxili barış və
sosial kontrakt üçün maddi baza yranacaqdır. Regionda üçüncü yol və neytral
platforma quruculuğu həyata keçiriləcəkdir.
SOCAR-ın
Böyük Britaniya ilə də dərin əlaqələri mövcuddur. Bakı-Ankara-London əməkdaşlığı
bölgədə çox şeyi dəyişə bilər. Bu üçtərəfli əməkdaşlıq artıq sadəcə enerji
ixracı deyil, yeni nəsil geosiyasi sistem quruculuğu kimi oxunmalıdır.
Ölkə |
Rol |
Resurs/İmkan |
Azərbaycan |
Enerji
istehsalçısı, tranzit ölkə |
Neft, qaz, bərpaolunan
enerji, Zəngəzur dəhlizi, Cənub Qaz Dəhlizi |
Türkiyə |
Regional enerji habı, tranzit və siyasi körpü |
TANAP, Türkmənistan bağlantısı, strateji NATO ölkəsi |
Böyük
Britaniya |
Kapital, texnologiya və qlobal diplomatik güc |
bp-nin ACG, Şahdəniz, bərpaolunan layihələri, “City of London” |
Bu
üçlük öz aralarında komplementar sinerji yaradır: biri enerji verir, digəri
ötürür, üçüncüsü sistemə qlobal miqyasda legitimlik, maliyyə və texnoloji dayaq
əlavə edir.
Cənub
Qaz Dəhlizi — Rusiya enerji hegemoniyasına alternativ yol olaraq formalaşdı.
Bunu dərinləşdirmək, Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edir. Böyük
Britaniyanın Brexit sonrası Avropa ilə enerji körpüsü rolu qazanmasına kömək
edir. Türkiyənin regional enerji habı statusunu gücləndirir.. SOCAR–BP–BOTAŞ
üçbucağı bu mənada təklif–təchizat–daşıma xəttini formalaşdırır və enerji sahəsində
dövlət və özəl sektorun vəhdət modeli yaradır.
Bu əməkdaşlıq
sadəcə iqtisadi deyil, təhlükəsizlik və diplomatiya vasitəsinə çevrilir. Azərbaycan–Türkiyə
tandemi vasitəsilə Ermənistana qarşı enerji-fəal diplomatik həmlələr
formalaşır. Gürcüstan üzərindən keçən layihələrlə Rusiya təsirinin zəiflədilməsi
siyasəti həyata keçirilir. Balkanlar və Cənubi Avropa üçün alternativ enerji təchizatı
marşrutları ilə enerji asılılığının yenidən formatlanması baş verir. Mərkəzi
Asiya bağlantısı ilə Türkmən qazının və digər resursların Azərbaycan–Türkiyə xətti
ilə Qərbə çıxışı təmin olunur.
Böyük
Britaniya üçün bu əməkdaşlıq Aİ-dən ayrıldıqdan sonra öz xarici siyasətində
enerji diplomatiyasını gücləndirmək imkanı verir. BP və digər texnologiya şirkətləri
vasitəsilə bölgəyə strateji gəlişini təmin edir. Azərbaycan və Türkiyə ilə əməkdaşlıqla
Türküstana və Cənubi Qafqaza daxil olmaq üçün yumşaq platforma yaradır.
Türkiyə
bu əməkdaşlıqdan NATO daxilində enerji
körpüsü rolunu oynamaq imkanı əldə edir. Azərbaycanın dəstəyi ilə Zəngəzur dəhlizi
və Orta Dəhliz üzərində geosiyasi üstünlük qazanır. Şimal–Cənub və Şərq–Qərb
enerji yollarının kəsişməsində öz mövqeyini daha da gücləndirir.
Bu
üçlük geosiyasi baxımdan bölgəyə "pozitiv təzyiq" tətbiq edir. Enerji
layihələri vasitəsilə rəqabəti sabitləşdirir. Kritik ölkələr (Gürcüstan,
Serbiya, Bolqarıstan və s.) üçün alternativ enerji modeli yaradır. Rusiya, İran
və Çin kimi aktorların təsir dairəsini balanslaşdırır, lakin qarşıdurma
yaratmadan.
İran və Rusiyanın enerji təsiri Suriya üzərində
zəiflədikcə, SOCAR kənardan gələn, lakin müsəlman və regiondaxili aktor kimi
unikal mövqe tutur. O, Qərb üçün anti-Rusiya balans aktoru, Rusiya üçün təhdid
deyil, əməkdaşlıq potensialı, İran üçün regiondaxili rəqib, amma qonşu sabitlik
obrazını alır.
SOCAR-ın
beynəlxalq təcrübəsinin artması, Azərbaycanda insan kapitalının mühəndislik,
texniki sahələrdə inkişafı deməkdir. Eyni zamanda, SOCAR brendi Azərbaycanın
qeyri-neft siyasətində “beyin ixracı”nın simvoluna çevrilir. Bu təcrübə gələcəkdə
Liviya, Yəmən, Əfqanıstan kimi post-konflikt ölkələrdə SOCAR-ın rolunu
artıracaq.
İsrailin
təhlükəsizlik narahatlıqları əsasən Suriyadan və Livandan qaynaqlanır (İranın
buradakı milis gücləri, Hizbullah və s.). Əgər Suriyada SOCAR kimi tərəfsiz və
regiondaxili aktor vasitəsilə bərpa və sabitlik yaranarsa, İsrailin bu
narahatlıqları azalar. Bu da Tel-Əvivin daha geniş kompromislərə açıq olmasına,
dolayısı ilə Fələstinlə danışıqların fəallaşmasına səbəb ola bilər. Fələstin
dövlətinin yaranması üçün zəruri olmayan, lakin mühüm dolayısı şərtlərdən biri
məhz bu “regionda İran təsirinin zəifləməsi və yeni sabit oyunçuların yüksəlişidir”
– SOCAR bu kontekstdə simvolik rol oynaya bilər.
Azərbaycan-Türkiyə-Britaniya bloku “Orta Şərqdə yeni sülh nizamının” ilkin platforması ola bilər. Bu, həm də Azərbaycanın “müsəlman dünyasında vasitəçi və qurucu aktor” kimi reputasiyasını gücləndirər.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
16:15 22.04.2025
Oxunuş sayı: 2259
