Təyyarə qəzası ilə bağlı mühüm detal: "Son saatlarda..."
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğraması həm Türkiyə, həm də region mediasında əsas müzakirə mövzusuna çevrilib. İyirmi hərbçinin şəhid olduğu hadisə ilə bağlı fərqli iddialar, o cümlədən qəzanın planlı şəkildə törədilməsi kimi versiyalar sosial şəbəkələrdə geniş yayılıb.
Hələlik isə istintaq davam edir.
Politoloq İlqar Vəlizadə sözügedən hadisə barədə fikirlərini Crossmedia.az-la bölüşüb:

O, bildirib ki, yayılan bu kimi ehtimallar əsassızdır və sübuta əsaslanmayan fikirlərin ictimaiyyətdə ajiotaj yaratması qətiyyən doğru deyil:
"Son saatlarda bir çox informasiya kanalı mövzu ilə bağlı müxtəlif məqalələr paylaşsa da, hələlik rəsmi açıqlama verilməyib. Ümumiyyətlə, bu mövzu ətrafında ajiotaj yaratmaq düzgün deyil. Əlimizdə rəsmi açıqlama və sübut olmadan hansısa versiya irəli sürmək və onu şişirtmək məqsədəuyğun deyil".
O əlavə edib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər sarsılmazdır və heç bir qüvvə bu əməkdaşlığa zərbə endirə bilməz:
“Əgər kimsə düşünürsə ki, hansısa addımlarla bu münasibətlərə xələl gətirə bilər, bu, əbəsdir. Ciddi dairələr də başa düşür ki, bunun heç bir əhəmiyyəti yoxdur. Əgər illər ərzində bunu edə bilməyiblərsə, indi də edə bilməyəcəklər. Türkiyə və Pakistan hərbçilərinin Azərbaycandakı hərbi paradda iştirakı və nümayiş olunan birgə güc bəzi dairələr üçün mesaj xarakteri daşısa da, bu cür qəzalar və iddialar siyasi mənzərəni dəyişə bilməz. Bu planlı şəkildə olan məsələ deyil. Hər şeyi istintaqın gedişi və qara qutunun açılması nəticəsində gün üzünə çıxacaq. Amma ilkin məlumata görə, heç bir kənar iz yoxdur".
Nigar Yahyazadə
19:59 12.11.2025
Oxunuş sayı: 2120