Yaxın Şərq "od içində": İran üçün ciddi təhdid var
Yaxın Şərqdə baş verən geosiyasi proseslər hər zaman beynəlxalq münasibətlərin əsas istiqamətlərindən birini təşkil edib. Bu kontekstdə İran və İsrail arasındakı münasibətlər təkcə iki dövlətin qarşıdurması kimi deyil, həm də qlobal güclərin maraq toqquşması müstəvisində qiymətləndirilməlidir. Tərəflər arasındakı ideoloji, təhlükəsizlik və strateji ziddiyyətlər regionda gərginlik yaradan əsas amillərdən biridir.
İranın regional nüfuz dairəsini genişləndirməyə yönəlmiş siyasəti, İsrailin isə öz təhlükəsizlik arxitekturasını qorumağa çalışması, bölgədə daimi rəqabət mühiti formalaşdırır. Bu rəqabət təkcə diplomatik və hərbi səviyyədə deyil, həm də proksi qüvvələr, informasiya məkanları və iqtisadi əlaqələr üzərindən aparılır. Məhz bu qarşılıqlı təsir nəticəsində bölgədə stabillik daimi təhdid altında qalır və beynəlxalq aktorların, xüsusən də ABŞ-nin mövqeyi daha da önəm qazanır.
Baş verən proseslərlə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"İsrail–İran münasibətlərinə dair son razılaşma bölgədə ciddi nəticələr doğurmadı və tərəflər arasındakı münasibətlərdə əhəmiyyətli dəyişiklik baş vermədi. Eyni zamanda, İsrail müəyyən mənada HƏMAS və Hizbullah vasitəsilə bölgədəki təsirini uzaqlaşdırmağa nail oldu.
Bununla belə, vəziyyətdə iki mühüm məqam diqqətəlayiqdir: biri İsrailin qazancı, digəri isə ABŞ-nin əldə etdiyi potensial üstünlüklərlə bağlıdır. Lakin ABŞ-nin konkret qazanc və maraqlarını tam müəyyənləşdirmək mümkün deyil. Məhz problemin və prosesin mürəkkəbliyi də buradan qaynaqlanır.
Nəticə etibarilə, münaqişəyə ABŞ-nin birbaşa müdaxiləsi ehtimalı qalmaqdadır və bu müdaxilənin əsas məqsədi Vaşinqtonun bölgədəki strateji maraqlarının təminidir. Bu səbəbdən bölgədə ikinci bir genişmiqyaslı qarşıdurmanın yaranması ehtimalı artıq qaçılmaz görünür".
Elmir Heydərli
11:01 12.11.2025
Oxunuş sayı: 1556