Ekspert: "Trampın siyasi kursunun əsas hədəfi..."

Son dövrlərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dünya güclərinin mövqelərinə birbaşa təsir göstərməkdədir. Xüsusilə ABŞ-nin daxili və xarici siyasətində müşahidə olunan yeni yanaşmalar bu prosesin əsas istiqamətverici amillərindən biri hesab olunur. İrəli sürülən “Amerikanı yenidən böyük etmək” şüarı, ölkənin strateji əlaqələrinin dəyişdirilməsi və daxili iqtisadi potensialın ön plana çıxarılması ilə müşayiət olunub. Bu çərçivədə diplomatik missiyaların bağlanması, xaricdəki xərclərin azaldılması və sənaye sektorunun gücləndirilməsinə fokuslanmaq ABŞ-nin gələcəkdə qlobal mövqeyinin formalaşmasında əsas rol oynayan amillərdən biri kimi qiymətləndirilir.
Bu mövzu haqqında Crossmedia.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli açıqlamasında bildirib ki, ABŞ-nin bəzi diplomatik missiyalarının bağlanmasının əsas səbəbi xərclərin optimallaşdırılması və resursların daha effektiv şəkildə idarə olunmasıdır: "Bu yanaşma ABŞ Prezidenti Donald Trampın “daxilən güclü Amerika” konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Tramp administrasiyası hesab edirdi ki, ABŞ-nin qlobal miqyasda siyasi və hərbi iştirakının məhdudlaşdırılması ölkənin sənaye potensialının gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və daxili bazarın inkişafına geniş imkanlar yaradacaq. Trampın siyasi kursunun əsas hədəfi ABŞ-ni birbaşa sənaye ölkəsinə çevirməklə daxili istehsalı və məşğulluğu artırmaq, sosial ədalətsizliyi minimuma endirmək və bununla da ölkə daxilində dayanıqlı iqtisadi model formalaşdırmaq idi. Bu strategiyanın tərkib hissəsi olaraq ABŞ daxilində işsizlərin sayının azaldılması, xüsusilə də 50 milyona yaxın insanın əmək bazarına inteqrasiyası əsas məsələ kimi müəyyən edilmişdi".
Ekspertin sözlərinə görə, hesab olunur ki, bu yanaşma qlobal səviyyədə ABŞ-ın liderlik mövqeyinin zəifləməsinə, eyni zamanda Çinin iqtisadi və siyasi baxımdan daha da güclənərək beynəlxalq arenada ABŞ-ı əvəz etməsinə səbəb ola bilər: "Digər tərəfdən, Tramp tərəfdarları hesab edirlər ki, bu siyasət əksinə, ABŞ-nin mövcud zəifliklərini aradan qaldıracaq, ölkəni yenidən dünyanın aparıcı super gücünə çevirəcək və qlobal siyasi nizamda söz sahibi olmasını təmin edəcək. Bütün bu proseslərin fonunda aydın şəkildə görünür ki, Tramp administrasiyasının əsas məqsədi əvvəlcə ABŞ daxilində iqtisadi sabitliyi və sosial rifahı təmin etmək, daha sonra isə güclənmiş daxili potensiala əsaslanaraq ölkənin xarici siyasət və hərbi gücünü bərpa etməkdir. Bu, bir növ klassik diplomatiyanın və hərbi müdaxilələrin əvəzində iqtisadi və sənaye gücünün önə çəkilməsi deməkdir".
Ləman Həsənova
15:51 18.04.2025
Oxunuş sayı: 954