İran nüvə silahını əldə etməyə daha çox cəhd edəcək - AÇIQLAMA

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İbrahim Bəqai son açıqlamasında bildirib: "İran heç vaxt və heç bir şəraitdə nüvə silahı istehsalı yoluna getməyəcək. Bu, ayətullah Əli Xameneinin fətvasına əsaslanan strategiyamızın ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu məsələdə heç bir şübhə yoxdur və ola bilməz."
Bu açıqlama, əslində, beynəlxalq ictimaiyyətin İrana yönəlik uzun illərdir davam edən nüvə narahatlıqlarına cavab xarakteri daşıyır. Tehran rəsmiləri Ayətullah Xameneinin nüvə silahını haram elan edən fətvasına istinad etməklə, ölkənin hərbi məqsədlərlə nüvə proqramı yürütmədiyini göstərməyə çalışır. Lakin Qərb dövlətləri, xüsusilə də ABŞ və İsrail, İranın nüvə fəaliyyətlərinin şəffaf olmadığı qənaətindədir və bu səbəbdən də rəsmi bəyanatlara ehtiyatla yanaşırlar. Belə bir fonda verilən bu cür bəyanatlar daha çox siyasi ritorika kimi dəyərləndirilə bilər.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib:
"Müasir dünyada nüvə silahı dövlətin müstəqilliyinin və suverenliyinin qarantıdır. Ona görə də nüvə arsenalına malik olmaq cəzbedicidir. İranın da bu istəyə düşməsi anlaşılandır. İllərdir ki, İran uranın zənginləşdirilməsi prosesini aparır, ancaq nüvə silahı yaratmaq niyyətində olmadığını bəyan edir. Əvvəla, siyasətdə səmimilik yoxdur. Xalqın və dövlətin taleyi məsələsi gündəmdə olarsa hansı səmimilikdən söhbət gedə bilər. İkincisi, əgər ABŞ, Rusiya və s. ölkələr nüvə silahına malikdirsə İran niyə bundan imtina etsin. Bir halda ki, İranın ərazi bütövlüyünə ABŞ tərəfindən real təhdidlər var, o bundan sonra nüvə silahı əldə etməyə daha çox cəhd edə bilər".
Ayhan Ağarzayev
22:14 08.04.2025
Oxunuş sayı: 2465