İrana müharibə elan edilir: Türkiyə necə davranacaq? - Açıqlama

Yaxın Şərqdə gərginliyin səviyyəsi yeni mərhələyə qədəm qoyur. İsrailin Suriyada yerləşən "Şeyh Dağı"nı işğal etməsi və ardınca Dəməşq ətrafında həyata keçirdiyi hava hücumları bölgədə vəziyyəti daha da kritik hala gətirib. Son hadisələr fonunda İsrailin bu addımlarının Türkiyəyə birbaşa mesaj olduğu ehtimalı irəli sürülür. İddialara görə, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Tiyas Hava Bazasına yerləşmək istəməsi İsrailin narahatlığına səbəb olub və bu narahatlıq regionda yeni bir qarşıdurma dalğasının başlanğıcı ola bilər.
Yaxın Şərqdəki son durum və perspektivlər barədə Crossmedia.az-a danışan siyasi şərhçi Kənan Novruzov söyləyib ki, regionda atəşkəsin təmin olunması getdikcə çətinləşir, çünki bölgədə müharibənin genişlənmə ehtimalı artır: "Bu gərginliyin arxasında əsasən ABŞ və onun İsraillə əməkdaşlığı dayanır. Müharibənin genişlənməsində rəsmi Vaşinqtonun konkret məqsədləri mövcuddur. Bu məqsədləri bir neçə istiqamətdə səciyyələndirmək olar. İlk olaraq Qəzzaya tam nəzarət etmək – ABŞ, İsrail vasitəsilə bölgədə öz nüfuzunu daha da gücləndirmək istəyir. İkincisi, ABŞ Yaxın Şərqdəki gərginlikdən İrana qarşı təzyiq və savaş ehtimalını gündəmdə saxlaya bilmək üçün istifadə edir. Həmçinin rəsmi Vaşinqton bu gərginlikdən Ankaraya qarşı təzyiq vasitəsi kimi də istifadə edir. Bundan başqa, ABŞ həm də müharibə vasitəsilə özünün silah biznesini gücləndirir. Bu, əlbəttə, Ağ Evin iqtisadi maraqlarına uyğundur".
K. Novruzov qeyd edib ki, hazırda ABŞ Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq istəyir: "Bu, onun diqqətini tədricən Yaxın Şərqə yönəltmək niyyəti ilə bağlıdır. Şərqi Avropada müharibə bitdikdən sonra ABŞ-nin diqqəti konkret və vahid istiqamətə yönələcək ki, bu da onun strateji planlarını asanlaşdıracaq. Nəticədə Yaxın Şərqdə müharibənin növbəti mərhələlərinin şahidi ola bilərik. İsrailin Türkiyə ilə münasibətləri də bu kontekstdə əhəmiyyətlidir. Gələcəkdə ABŞ İsrail vasitəsilə İrana qarşı müharibə elan edə bilər ki, bu, çox ciddi nəticələrə, hətta üçüncü dünya müharibəsinə yol aça bilər. Əgər İrana savaş elan edilsə Türkiyənin mövqeyini nəzərə almaq vacib olacaq. Çünki Türkiyə bu prosesə hansısa formada müdaxilə edə bilər".
Siyasi şərhçi həmçinin vurğulayıb ki, ABŞ hələlik təmkinli davranmağa çalışır və riskə getməyə tələsmir: "Vaşinqton yalnız o zaman İrana qarşı müharibəyə qərar verəcək ki, Türkiyənin atacağı addımlardan tam əmin olsun. Hazırda isə ABŞ bir tərəfdən İsrail vasitəsilə İrana təzyiqləri artırır, digər tərəfdən də Türkiyə ilə danışıqlar aparmağa çalışır. Türkiyənin hərbi və diplomatik reaksiyası ABŞ üçün olduqca vacibdir. NATO müttəfiqi olan Türkiyəni itirmək Vaşinqton üçün böyük bir riskdir və bu səbəbdən də hazırkı mərhələdə ABŞ maksimum ehtiyatlı davranmağa çalışır".
Xumar Emilqızı
13:57 07.04.2025
Oxunuş sayı: 858