Aprel zəfəri – Azərbaycan Ordusunun şücaət salnaməsi

Azərbaycanın müasir hərb tarixində silinməz izlər buraxan, xalqın qürurla xatırladığı Aprel döyüşlərindən 9 il keçir. 2016-cı ilin aprelində baş verən bu döyüşlər, Azərbaycan Ordusunun qəhrəmanlığının, vətən sevgisinin və torpaq uğrunda canından keçməyə hazır olan əsgərlərin bariz nümunəsi oldu.
Hər şey mart ayının ortalarından başlandı. Ermənistan silahlı qüvvələri hər zamankı kimi atəşkəs rejimini pozaraq cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atdı. Lakin aprelin 1-dən 2-nə keçən gecə düşmən açıq şəkildə bütün cəbhə boyu Azərbaycan mövqelərinə və cəbhəyanı yaşayış məntəqələrinə ağır artilleriya ilə hücum etdi. Düşmənin bu qəfil və hiyləgər təxribatı yalnız hərbi mövqelərlə kifayətlənmədi – dinc əhali də hədəfə alındı.
Ordumuz öz gücünü, əzmini və vətənə bağlılığını göstərərək, dərhal əks-hücuma keçdi. Aprelin 2-dən etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhənin Tərtər, Ağdərə, Füzuli və Cəbrayıl istiqamətlərində düşmənin müdafiə xəttini yararaq bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi.
Bu döyüşlər zamanı Azərbaycanın neçə-neçə igid övladı şəhid oldu, canlarını Vətən uğrunda fəda etdilər. Onların qanı yerdə qalmadı. Ordumuzun qətiyyətli əməliyyatları nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Ermənilər itkilərə məruz qaldılar, texnika və canlı qüvvə baxımından ağır tələfat verdilər.
Aprel döyüşləri yalnız hərbi uğur deyildi – bu, həm də xalqın öz ordusuna inamının, birliyinin və torpaq sevgisinin təntənəsi idi. O döyüşlər göstərdi ki, Azərbaycan xalqı bir bayraq, bir torpaq və bir ordu ətrafında sıx birləşib.
Bu gün, 9 il sonra, Aprel döyüşləri təkcə qəhrəmanlıq salnaməsi kimi deyil, həm də 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinə gedən yolda mühüm psixoloji və hərbi zəmin kimi dəyərləndirilir. Aprel döyüşləri Azərbaycan əsgərinin döyüş hazırlığını, yüksək ruhunu və qələbəyə olan sonsuz inamını bütün dünyaya nümayiş etdirdi.
Qoy şəhidlərimizin ruhu şad olsun. Onlar bu torpağın azadlığı və əbədi suverenliyi üçün can verdilər. Aprel zəfəri – Azərbaycan xalqının və ordusunun əyilməz iradəsinin, birliyinin və qəhrəmanlığının simvoludur.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
Ayhan Ağarzayev
12:55 02.04.2025
Oxunuş sayı: 1796