Putin və Tramp arasında siyasi şahmat: Kim kimi mat edəcək?

Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, ABŞ Ukraynaya hərbi yardımın göndərilməsini bərpa edib və tərəflər yenidən kəşfiyyat məlumatlarını mübadilə etməyə başlayıblar.
Zelenski vurğulayıb ki, hər iki məsələdə irəliləyiş əldə olunub və artıq bütün maneələr aradan qaldırılıb. “Bütün məsələlər blokdan çıxarılıb, biz mühüm addımlar atmışıq. Prezident Tramp məhdudiyyəti ortadan qaldırıb”, – deyə Ukrayna lideri qeyd edib.
O, həm hərbi yardımın, həm də kəşfiyyat məlumatlarının Ukrayna üçün vacib olduğunu bildirib. Yelisey sarayında keçirilən mətbuat konfransı zamanı bu məsələyə xüsusi diqqət yetirilib və qərarın Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcəyi vurğulanıb.
ABŞ Ukraynaya yardımı gah dayandırır, hah da bərpa edir. Bu, rəsmi Vaşinqtonun siyasətindəki qeyri - müəyyənlik kimi qiymətləndirilə bilər. Hərçənd, bəlkə də, əksinədir. Ola bilsin, ABŞ göründüyündən daha ciddi oyun oynayır.
Bu barədə Crossmedia.az-a danışan türkiyəli hərbi ekspert Mithat Işık söyləyib ki, Trampın ani və hesablanmamış qərarları ölkənin beynəlxalq nüfuzuna zərbə vurur: "O, komanda işinə önəm vermədiyi üçün ABŞ siyasətində eniş-yoxuşlara səbəb olur. Sonuncu dəfə atəşkəs əldə olunmadan və razılaşma şərtləri bəlli olmadan Ukraynaya silah və sursat göndərilməsini dayandırması tənqidlərə yol açıb".
Ekspert qeyd edib ki, bu tələsik qərar Rusiya prezidenti Vladimir Putinin tələblərini artırmasına şərait yaradıb: "Bundan əlavə, Trampın ölkəsinin NATO-dan ayrılması ilə bağlı verdiyi bəyanatlar xüsusilə Finlandiya və İsveç kimi ölkələrdə Vaşinqtona qarşı etimadsızlığı gücləndirib. Onun siyasəti Ukrayna xalqı arasında da narazılıq yaradıb və nəticədə Zelenskinin populyarlığını artırıb. Tramp tez-tez qərarlarını dəyişməsi və şou xarakterli addımlar atması ilə tanınır. Bu isə ABŞ-nin müttəfiqləri arasında inamsızlıq yaradır.Hazırda beynəlxalq arenada Putin və Trump arasında bir növ siyasi şahmat oyunu gedir. Putin komanda işinə önəm verir, mütəxəssislərin tövsiyələrini nəzərə alır və strateji addımlarını buna uyğun qurur".
M. Işık hesab edir ki, bu yanaşma Putinə üstünlük qazandırır. "Mövcud gedişata əsasən Putinin bu oyundan qalib ayrılma şansı daha yüksəkdir. Trump isə səhv qərarları ilə bu mübarizədən məğlub ayrıla bilər".
Xumar Emilqızı
13:27 28.03.2025
Oxunuş sayı: 1528