Sülhün imzalanmasında Ermənistan daha çox maraqlı olmalıdır - Şərh

Bildiyimiz kimi, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb.
Həmin bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub. Sazişin imzalanması üçün Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması şərti əsas faktor kimi təqdim olunur. Bu, Azərbaycanın prinsipial mövqeyini və danışıqlar zamanı öz milli maraqlarını necə qoruduğunu göstərir. Bəyanatda həmçinin, Minsk Qrupunun qeyri-funksional olduğu və onun rəsmi şəkildə ləğv edilməsinin zəruriliyi vurğulanır. Bu da münaqişələrin köhnəlmiş strukturlardan uzaq, yeni və daha effektiv mexanizmlərlə həllinə olan ehtiyacı əks etdirir.
Ümumilikdə bəyanatın əsas mesajı Azərbaycan sülh prosesinə sadiq qalaraq həm öz milli maraqlarını qorumağa çalışması, həm də davamlı normallaşma üçün açıq bir yol təqdim etməsidir. Bu, hər iki tərəfin mövcud gərginliyi aradan qaldırmaq və regional stabilliyi təmin etmək üçün mühüm bir fürsət yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşunas Əlövsət Allahverdiyev ilk olaraq bildirib ki, sülh sazişi çox mühüm beynəlxalq hüquqi əhəmiyyətə malikdir:
“Onun beynəlxalq hüquqi əhəmiyyəti müharibə edən tərəflər arasında beynəlxalq müqavilənin bağlanılması, silahlı münaqişəyə qəti və daimi şəkildə son qoymaq, sülhü bərqərar etmək, eyni zamanda onlar arasında normal münasibətləri bərpa etməkdir. Müasir diplomatiyada sülh sazişinə çox böyük ehtiyac duyulur. Tərəflər arasında münaqişə bitsə də onlar düşmən münasibətində qaldıqları üçün sülh sazişinin bağlanılmasna ciddi ehtiyac duyulur. Belə müqavilələr “Müqavilələr hüququ haqqında Vyana Konvensiyası”nda müəyyən edilmiş qaydalarla tənzimlənir”.
Hüquqşünasın sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması günüzmü üçün olduqca aktual mövzulardandır:
“Bununla bağlı bir neçə dəfə təkliflər verilsə də Ermənistan tərəfdən konkret razılıq olmayıb. Əslində münaqişənin tam sonlanması və iki dövlət arasılnda münasibətlərin normallaşması, sülhün imzalanmasında Ermənistan daha çox maraqlı olmalıdır. Artıq 40 ilə yaxın bir müddətdir ki, Ermənistan böyük və strateji layihələrdən kənarda qalmış və iqtisadi baxımdan geriləyib. Sülh sazişinin bağlanılması məhz bu iqtisadi geriləmənin aradan qalxması, siyasi böhranın sona çatması, sosial çətinliklərdən xilas olmasına səbəb olacaq. Beynəlxalq münasibətlər sistemində Ermənistanın suveren bir dövlət kimi özünü təsdiq etməsi, sərhədlərin delimitasiya və demarkasiyasına nail olmasına səbəb olacaqdır”.
Əslində, Azərbaycanın təqdim etdiyi sülh şərtləri birmənalı olaraq beynəlxalq hüququn prinsip və normalarına tam uyğundur:
“Doğrudur, Ermənistan bunu inkar etsə belə, ilk vaxtlardan Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ilkin şərt kimi Ermənistanın konstitusiyasına dəyişiklik edilərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırılmasını tələb etmişdir. Prosesin gedişi də göstərir ki, Ermənistan yumşalmağa doğru addım atmaq məcburiyyətindədir. Ümid edək ki, yaxın vaxtlarda sülh sazişinin tam yekunlaşması reallaşacaq və iki dövlət arasında düşmən münasibətlərinə son qoyulacaqdır”,- deyən Ə.Allahverdiyev fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
13:21 15.03.2025
Oxunuş sayı: 3735