Türkiyə-Ermənistan münasibətləri hansı səviyyəyə qədər inkişaf edəcək?- ŞƏRH

Ermənsitan Xarici əlaqələr komissiyasının iclasında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 2024-cü il üçün hökumət proqramının həyata keçirilməsinin gedişatı və nəticələri barədə hesabatı təqdim edərkən bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşma prosesi davam edir. Diplomatik əlaqələrin qurulması ilə yanaşı, sərhədlərin açılması və Türkiyə-Ermənistan arasında nəqliyyat infrastrukturunun bərpası da əsas məsələlərdən biridir.
Əvvəllər də rəsmi İrəvan dəfələrlə oxşar bəyanatlar verib. Buna baxmayaraq, Azərbaycanla münasibətlərdə olduğu kimi, Türkiyə ilə ikitərəfli əlaqələrdə də Ermənistanın əməli ilə sözü üst-üstə düşmür.
İrəvan-Ankara münasibətlərinin perspektivi barədə Crossmedia.az-a açıqlama verən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, bəziləri düşünür ki, son 30 ildə Türkiyə-Ermənistan münasibətlərinin inkişaf etməməsinin əsas səbəbi Qarabağ problemidir: "Onların yanaşmasına görə, Azərbaycan-Ermənistan münaqişəsi Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmağına imkan vermirdi. Lakin bu yanaşma tam doğru deyil. Tutaq ki, Qarabağ problemi həll olundu və Azərbaycan Ermənistanla sülh müqaviləsi imzaladı. Bu halda da Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün ciddi maneələr qalacaq. Məsələn, Ermənistanın gerbində Türkiyə ərazisində yerləşən Ağrı dağının təsviri var.
Bu, açıq-aşkar Türkiyəyə qarşı ərazi iddiasıdır. Üstəlik, Ermənistan Konstitusiyası təkcə Azərbaycana deyil, Türkiyəyə də ərazi iddialarını ehtiva edir. Şərqi Anadolunu "Qərbi Ermənistan" adlandıran bir dövlətlə Türkiyə necə normal münasibətlər qura bilər?".
"Hansısa bir dövlət öz milli simvollarında qonşu ölkənin torpaqlarına iddia etdiyini göstərirsə, bu, diplomatik münasibətlərin qurulmasına ciddi maneə yaradır. Türkiyə bu məsələyə öz prizmasından yanaşmalıdır. Azərbaycan-Ermənistan münasibətlərindən asılı olmayaraq, Türkiyə ilk növbədə öz milli maraqlarını nəzərə almalıdır. Əgər Ermənistan gələcəkdə Türkiyə ilə münasibətləri, həqiqətən, normallaşdırmaq istəyirsə, ilk növbədə konstitusiyasındakı ərazi iddialarını aradan qaldırmalı və gerbindəki Ağrı dağ təsvirini çıxarmalıdır. Əks halda Türkiyənin Ermənistanla diplomatik əlaqələr qurması dövlət maraqlarına uyğun olmayacaq. Hazırkı vəziyyətdə isə Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması real görünmür".
Pərvin Hacıyeva
18:26 14.03.2025
Oxunuş sayı: 722