Konstitusiya Məhkəməsində seminar keçirilib

Presimden Məhkəməsində Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Konstitusiya Məhkəməsinin birgə təşkil etdiyi “Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi siyasəti: suverenliyə aparan yol” mövzusunda seminar keçirilib.
Bu barədə Crossmedia.az Konstitusiya Məhkəməsinə istinadən xəbər verir.
Tədbirin açılışında çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, Konstitusiya Məhkəməsi ilə ali təhsil və elm müəssisələri arasında daima sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan, Konstitusiya Məhkəməsi gənclər arasında hüquqi biliklərin artırılması və gənclərin dövlətin Əsas Qanununda təsbit edilmiş dəyər və prinsiplər haqqında məlumatlandırılmasına böyük diqqət yetirir.
Daha sonra Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov geniş təqdimatla çıxış edərək bildirdi ki, ölkədə aparılan effektiv dövlət idarəçilik siyasəti nəticəsində Azərbaycan Respublikası dinamik və sürətli inkişaf edərək müasir iqtisadi və sosial cəhətdən dünyanın ən qabaqcıl ölkələri sırasında yer almışdır. Bu nailiyyətlərin əsasında ölkə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yeni dövlət idarəçilik siyasəti durur.
Tədbirdə Konstitusiya Məhkəməsi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Yekun nitqi ilə çıxış edən Fərhad Abdullayev imzalanmış Memorandumun hər iki qurum arasında hüquqi əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyini bildirdi. Diqqətə çatdırılıb ki, Memorandumun əsas məqsədi Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası arasında insan hüquqlarının təbliği, tədrisi və tətbiqi sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
Tədbirin sonunda akademik Urxan Ələkbərov qarşılıqlı əlaqələrin inkişafına verilən töhfəyə görə Konstitusiya Məhkəməsinə təşəkkürünü bildirib.
18:14 14.03.2025
Oxunuş sayı: 448