30 günlük atəşkəs planı: "ABŞ ancaq öz maraqlarını güdür..."

Son dövrlərdə Ukrayna və Rusiya arasında davam edən müharibənin həlli istiqamətində yeni təşəbbüslər irəli sürülməkdədir. ABŞ-nin təklif etdiyi 30 günlük atəşkəs sazişi də bu cəhdlərdən biridir. Ukrayna bu təklifə razılıq verdiyini bildirsə də, onun milli maraqlarına hansı dərəcədə uyğun olub-olmaması ciddi müzakirə mövzusudur.
Bu atəşkəsin Ukraynanın təhlükəsizlik və ərazi bütövlüyü baxımından hansı imkanlar yaradacağı, eləcə də onun Rusiya tərəfindən necə qarşılanacağı sual altındadır. Moskvanın bu sazişə münasibəti və ümumilikdə bu təşəbbüsə necə reaksiya verəcəyi bölgədəki vəziyyətin gedişatına təsir edə bilər. Digər tərəfdən, ABŞ-nin bu prosesdə oynadığı rol və sülh təşəbbüsləri ilə nəyə nail olmağa çalışdığı da böyük maraq doğurur.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:
"Amerika Birləşmiş Ştatlarının hazırda əsas hədəfi Ukraynanın təbii sərvətlərinin ələ keçirilməsi və nəzarətə alınmasıdır. Buna görə də Tramp administrasiyası sülh prosesi çərçivəsində sülh sazişinin detalları üzərində müzakirə aparmaq əvəzinə, məhz Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi ilə bağlı müqaviləni müzakirə edir. Ukrayna bu müqaviləni imzalamaq məcburiyyətində qalıb və böyük ehtimalla da imzalamalı olacaq".
Politoloq qeyd edib ki:
"Əsas məsələ ondan ibarətdir ki, rəsmi Kiyev Ukraynanın təbii sərvətlərinin istismarını ABŞ-a verməyin əvəzində Vaşinqtondan təhlükəsizlik təminatı almağa çalışır. Hələlik bu istiqamətdə müəyyən cəhdlər göstərilir və müxtəlif şərtlər irəli sürülür. Böyük ehtimalla 30 günlük atəşkəs də məhz bu məsələnin birdəfəlik həll olunaraq sona çatdırılması məqsədi güdür. Ümumilikdə Tramp administrasiyasının əsas hədəfləri sırasında nə Ukraynanın, nə də Rusiyanın taleyi yer alır. ABŞ yalnız öz maraqlarını güdür və bu maraqları reallaşdırmağa çalışır. Hazırda əsas hədəf isə Ukraynanın təbii sərvətlərinin nəzarət altına alınmasıdır və görünən odur ki, bu prosesdə böyük irəliləyiş əldə olunub".
Politoloq ABŞ-nin tək hədəfinin Ukraynanın təbii sərvətlərini ələ keçirmək olduğunu bildirib:
"Yalnız iki ölkənin prezidentinin saziş imzalaması geriyə qalıb. Böyük ehtimalla Tramp yaxın vaxtlarda prezident Zelenskini Ağ Evə dəvət edəcək və həmin görüşdə Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi ilə bağlı sazişin imzalanması baş tutacaq. Təbii ki, proseslər yalnız bu istiqamətdə inkişaf edir. Hazırda Tramp administrasiyası Ukraynanı sakitləşdirmək və onu razı salmaq üçün hərbi dəstəyi bərpa edəcəyini vəd edir, eyni zamanda Ukraynaya kəşfiyyat məlumatlarının verilməsi də bərpa olunacaq. Görünən odur ki, ciddi bir siyasi bazarlıq gedir və bu prosesdə Tramp administrasiyasının əsas hədəfi Ukrayna savaşını dayandırmaq deyil, məhz Ukraynanın təbii sərvətlərini əldə etməkdir".
Ayhan Ağarzayev
12:38 13.03.2025
Oxunuş sayı: 736