Tramp ümumiyyətlə müharibə adamı deyil - Politoloq

İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağına yeni hücum planını təsdiqləyib. Bu plan Fələstinin HƏMAS hərəkatının qüvvələrini yenidən qruplaşdıraraq müdafiəsini gücləndirməsi fonunda hazırlanıb. HƏMAS-ın öz qüvvələrini yenidən qruplaşdırdığı və müdafiəsini gücləndirdiyi bir vaxtda isə İsrail münaqişənin eskalasiyasına hazırlaşır. Eyni zamanda İsrail Ordusunun çoxsaylı diviziyaları da Qəzzada quru hücumuna hazırlaşıb.
Qeyd olunan məqamlar belə düşünməyə əsas verir ki, Yaxın Şərq "sular hələ ki durulmayacaq".
Bu barədə Crossmedia.az-a danışan Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov bildirib ki, ümumiyyətlə atəşkəs baş nazir Benyamin Netanyahunun və İsrailin ürəyincə olmayıb:
“Bu, ABŞ-nin təzyiqi nəticəsində əldə olunub. Səbəb isə Netanyahunun Qəzza ilə bağlı qarşıya qoyduğu planı yerinə yetirə bilməməsidir. Netahyahunun qarşıya qoyduğu plan HƏMAS-ın tamamilə darmadağın edilməsindən ibarət idi. Üç mərhələli atəşkəs planında isə qoşunların Qəzzadan çıxarılması və Qəzzanın yenidən qurulması nəzərdə tutulub. Nəticədə Netanyahunun istəyi tamamilə əldə oluna bilmədi. O, HƏMAS-ı tamamilə ləğv edə, Qəzzaya sahiblənə bilmir, həmçinin digər ölkələrlə münasibətlər yaranır, yollar açılır”.
Ə. İbrahimov vurğulayıb ki, Netanyahu ilk gündən can atır ki, bəhanə yaransın və atəşkəs pozulsun: " Onu da qeyd edim ki, Netanyahunun ABŞ-yə səfər edib ölkə prezidenti Donald Trampla görüşməsinin məqsədi təkcə HƏMAS və Qəzza məsələsini müzakirə etmək yox, İran barədə də danışmaq idi. Netanyahunun Qəzzada atəşkəsə razılıq verməsinin səbəbi Trampdan İran məsələsində dəstək gözləməsi yaxud da İrana hücum etməkdə dəstək olacağını düşünməsi idi. Lakin, Netanyahu İranla münasibətdə Trampdan istədiyini ala bilməyib və onu məcbur etdi ki, atəşkəsdə iştirak etsin. Sonra məlum olub ki, ABŞ və HƏMAS gizli danışıqlarda iştirak edib. Bu səbəbdən birinci mərhələ başa çatıb.
Onun sözlərinə görə Netanyahu istənilən zaman bu və digər bəhanələri irəli sürərək atəşkəsi poza bilər: "Atəşkəsin pozulmamasının əsas səbəbi Tramp və onun oynadığı oyundur. Tramp qorxur ki, Ukraynaya göstərdiyi üzü Netanyahuya da göstərsə, vəziyyət daha da gərginləşə bilər. Trampın üzdə İran və HƏMAS-a qarşı "cəhənnəm yaradacam" deməsinə baxmayaraq, İsrailə də təzyiq edir ki, özünü cilovlasın. Əgər Netanyahu Trampdan icazə alsaydı, çoxdan atəşkəsi pozar bilərdi. Bu gün atəşkəs pozulmayıbsa, bu, ABŞ-nin xidməti sayəsindədir. Netanyahunun birinci mərhələni uzatmaq istəməsi də atəşkəsin pozulması üçün bir bəhanədir. Amma Trampın təhlükəsizliyi Netanyahunun işindən asılıdır və qorxur ki, atəşkəs pozulsa, Trampın xoşuna gəlməyə bilər. Trampın “biz İsrail nə desə etməyə hazırıq və İsrail hansı addımı atsa biz onu dəstəkləməyə hazırıq” bəyanatına baxmayaraq qorxur. Atəşkəs Trampın təzyiqi ilə yaranıb və onun pozulması ona hörmətsizlik olar. Müharibə arealının genişlənəcəyini isə düşünmürəm.
ABŞ Rusiya ilə İranla münasibətləri düzəltmək üçün danışıqlar aparır. ABŞ Rusiyadan xahiş edib ki, İranla nüvə sahəsində aparılan danışıqlarda vasitəçi olsun. Bu, o deməkdir ki, Tramp ümumiyyətlə müharibə adamı deyil.
Onun Kanada və Qrenlandiyaya iddia etməsinə baxmayaraq düşünürəm ki, o, dörd il müddətində heç bir müharibə etməyəcək. Yalnız onlardan pul alacaq və onun bütün məsələlərinin arxasında pul dayanır”.
Nəzrin Salmanova
19:18 07.03.2025
Oxunuş sayı: 13574