Tramp dünyanı necə dəyişəcək?: "Yeni dünya nizamı formalaşır"

Fransa Baş naziri Fransua Bayru ABŞ Prezidenti Donald Trampın siyasətini dünya nizamını sarsıtmaq kimi qiymətləndirib. Bayru "CNEWS" telekanalına verdiyi açıqlamada bildirib ki, Trampın atdığı addımlar, müttəfiqləri rəqiblərə çevirərək dünya üzrə gərginlik yaradıb. O, ABŞ-nin ticarət müharibələri və digər hərəkətlərinin Fransa iqtisadiyyatına da mənfi təsir edəcəyini vurğulayıb. Bayru Trampın Avropaya elan etdiyi ticarət müharibəsinin Avropa ölkələri üçün problemlər yaradacağını, lakin Avropanın özünü müdafiə etməyə məcbur olacağına inandığını qeyd edib.
Tramp hakimiyyətə gələndən sonra onunla bağlı narahatlıqlar səngimək bilmir. ABŞ Prezidenti dünya üçün bu qədərmi təhlükəlidir?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Trampın verəcəyi qərarlar, xüsusilə İrlandiya və Panama kanalı məsələlərindəki iddiaları, dünya düzənini güc yolu ilə pozulması deməkdir: "Xüsusilə Qrinlandiya Danimarkanın mülküdür, Panama da müstəqil dövlətdir. Lakin ABŞ prezidenti güc yolu ilə bu əraziləri istəməkdədir. Həmçinin Qəzzaya fələstinlilərin köçürülməsi, Rusiya- Ukrayna müharibəsində Kiyevin üzərinə getmək, Avropa ilə ABŞ arasında NATO çərçivəsində uzun müddət davam edən təhlükəsizlik əməkdaşlığının Tramp tərəfindən sona çatdırılması ikinci dünya müharibəsindən sonra mövcud olmuş dünya siyasi nizamının pozulması deməkdir".
Politoloq vurğulayıb ki, konkret olaraq yeni dünya siyasi nizamı formalaşır və Tramp beynəlxalq hüquq normalarına əməl etmək əvəzinə, güc yolu ilə ABŞ-nın yeni bir siyasi nizamını qurmağa çalışır. "Qarşıda Trampın 4 ili var və əgər ona qarşı daxili impiçment tətbiq olunmasa, o, müəyyən siyasi nizamı dəyişməyə çalışacaq. Bu, həyata keçirilən siyasətin əsas istiqamətidir. NATO faktiki olaraq fəaliyyətini dayandırıb, Avropa isə yeni bir güc mərkəzi kimi çıxır. ABŞ artıq Avropaya təhlükəsizlik təminatı vermir. Uzun illər boyunca rəqib və düşmən münasibəti olan ABŞ və Rusiya arasında yaxınlaşma baş verir. Bu, dünya siyasi nizamını dəyişən bir addımdır və bu dəyişikliklər məhz Vaşinqtondan gəlir".
Xumar Əhmədova
16:57 07.03.2025
Oxunuş sayı: 4022