XVIII-XIX əsrlərdən başlayaraq, moderləşmə proseslərinin ilk və əsas mərkəzinə çevrilən Avropa ölkələrində zadəgan ailələri bu günədək mövcuddurlar. Hətta, onlar, bu günün özündə ənənəvi olaraq həmin ölkələrin idarə olunmasında birbaşa iştirak edirlər. Bu ailələrdən bəzilərinin zadəgan əcdadları X-XI əsrlər tarixindən məlumdur. Yaponiya, Çin və digər bəzi Şərq ölkələrində də zadəgan ailələri öz ənənəvi nüfuzlarını cəmiyyətdə qoruyub saxlamışlar.
İslam dininin geniş yayıldığı Yaxın Şərq ərazisində isə, zadəganlıq ənənəsi kral ailələrində qorunub saxlanılır. Lakin, bu ailələrin tarixi XVIII-XIX əsrlərdən əvvələ gedib çıxmır. Çünki X-XI əsrlərdən müsəlman coğrafiyası türk zadəganları tərəfindən idarə olunmuşdur. Həmçinin, İslam dini, zadəganlıq qurumuna və onun dəyərlərinə qarşı olmuşdur. Bu baxımdan, müsəlman ölkələrində din alimlərinin nüfuzu daha yüksəkdir. Onların nüfuzları, əcdadlarına görə deyil, təmsil etdiklərin ənənəvi məktəblərə və elmi səviyyələrinə görə müəyyən olunur.
Hz. Muhəmməd (səs) peyğəmbərin Əhli-Beyt soyundan gələn ailələrin də müsəlman cəmiyyətində özünəməxsus hörməti olmuşdur. Hətta, bir çox müsəlman dövlətlərində onlara xüsusi maaş təyin edilmişdir. Şiəlik məktəbi, Qurani-Kərim və hədislərə istinad edərək Əhli-Beyt soyundan gələn seçilmişlərə (imamlara) ilahi hakimiyyət təmsilçiləri kimi xüsusi status tələb etmişlər. Bu statusun fərqi ondadır ki, burada seçilən ailələr deyil, bu ailələr içində olan şəxslərdən biridir.
Hz. Muhəmməd (səs) zadəganlıq qurumuna ilk möhtəşəm zərbəni vuran böyük islam inqilabının banisi olmuşdur. Lakin, sonralar hakimiyyətə gələn Əməvilər ərəb qəbiləçilik ruhunu, Bizans və Sasani ənənələrini bir araya gətirərək yeni bir sultanlıq qurmuşlar. Bu ənənə üzərində formalaşan xilafətlər (Abbasilər, Səlcukilər, Osmanlılar, Səfəvilər) zadəganlıq ənənəsini bərpa edib, onu yaşatmağa çalışmışlar. Lakin, XIX-XX əsrdə baş verən hadisələr, bu ənənənin ortadan qalxmasına səbəb olmuşdur.
XVIII əsrin sonunda burjua inqilabı layihəsinin gerçəkləşməsi nəticəsində ABŞ və Fransada ənənəvi sistem formal olaraq ortadan qalxdı. Fransa inqılabı nəticəsində aşağı təbəqədən ortaya çıxan Napalyon fenomeni, Avropa zadəganları üçün gözlənilməz bir sürpriz olmuşdur. Napalyon liberal layihəyə istinad edərək, Avropada zadəganlıq qurumunu ortadan qaldırmağa çalışmışdır.
Bu cür sürprizlərdən qurtulmaq üçün, resursları əldə saxlamaqla cəmiyyəti demokratiya ssenariləri ilə səhnə arxasından idarə etmək daha doğru idi. Buna görə də, zadəgan ailələrinin hakimiyyəti (aristokratiya) formal olaraq kapitalın hakimiyyəti (kapitalizm) ilə əvəz olundu. Bu gün, avropa zadəgan ailələrinin özlərini cəmiyyətə daha çox muzey ekspanatı kimi təqdim etməsinin arxasında dayanan reallıq budur.
Çar Rusiyası (çar sülaləsi), Osmanlı (sultanların ailəsi) və İranda (Qacarlar sülaləsi) mövcud olan zadəgan ailələrinin varlığı XX əsrin birinci rübündə ortadan qalxmışdır. 1917-ci ildə oktyabr inqilabı nəticəsində hakimiyyətə gələn bolşeviklər rus zadəganlarını məhv etdikləri kimi, Azərbaycanda da olan qədim zadəgan ailələrini ortadan qaldırmışlar. 1923-cü ildə Türkiyə Cümhuriyyəti Osmanlının, 1924-cü ildə Pəhləvi rejimi Qacarların zadəgan ailələrini təqib etmişlər. Nəticədə, Çar Rusiyası, Cənubi Qafqaz, Osmanlı və İrandan olan zadəgan ailələri böyük maddi sərvətləri və kəşfiyyat xarakterli dərin informasiyaları ilə birlikdə Avropa ölkələrinə sığınmağa məcbur olmuşlar. Avropada ortaya qoyulan liberal layihə, həm qlobal hakimiyyət uğrunda mübarizədə rəqiblərin ortadan qalxmasına və onların müflisləşməsinə, yeni bazarların əldə olunmasına, həm də zadəganların sərvətlərinin Avropa ölkələrinə yerləşməsinə və mənimsənilməsinə şərait yaratmışdır.
K. Marks sosial sistemin tarixi varislik prinsipinə diqqət yetirərək, sosial siniflərin mahiyyətcə deyil, formaca dəyişməsi qanunauyğunluğunu ortaya qoymuşdur. Həqiqətən də, nə quldarlıq, nə feodalizm, nə kapitalizm, nə də sosializm sosial siniflərin mahiyyətində böyük dəyişikliklərə səbəb olmamış, dünya istismar olunanların və istismar edənlərin paradiqmasından bu günə qədər qurtula bilməmişdir.
Tarixin bütün dövrlərində cəmiyyətləri istismar edən idarəçi təbəqələr olmuşdur. Onlar, qəbilə və tayfa başçıları, dövlət və imperiyalar tərkibində inzibati bölgüləri idarə edən feodallar (xan, bəy, məlik, əmir, vali, bəylərbəyi, sultan) şəklində öz ənənəvi varlıqlarını qoruyub saxlamışlar. Tarixdə böyük dövlət və imperiyalar dağılıb getsə də, onların idarə olunmasında iştirak edən zadəgan ailələri öz varlıqlarını bu və ya digər şəkildə qorumuş və hətta, yeni dövlətlərin, imperiyaların qurulmasında (onların dağılmasında olduğu kimi) birbaşa və dolayı şəkildə iştirak etmişlər. Dünyada və cəmiyyətlərdə baş verən münaqişələrin, sosial-iqtisadi böhranların, üsyan və inqilabların kökü, zadəgan ailələri arasında baş verən mənfəət və maraq toqquşmasının nəticəsi kimi ortaya çıxmışdır. Burada, hər hansı bir sosial-iqtisadi qanunauyğunluq və ya hər hansı bir tarixi təsadüf axtarmağa dəyməz. Cəmiyyətdə insanın nəfs və vicdan mübarizəsi fövqündə heç bir qanunauyğunluq yoxdur. Bu mübarizə dünyada əbədi olduğu üçün, ideal cəmiyyət ideyası da daima xülya olaraq qalacaq və nisbi xarakter daşıyacaqdır.
Zadəgan ailələri arasında ortaq maraq və mənfəət balansının qorunması dövlətlərin güclənməsinə (həmçinin, yaranmasına), onların pozulması isə, dövlətlərin süqutuna səbəb olmuşdur. Çünki dövlətin maddi və intellektual resursları zadəgan ailələri (liberal cəmiyyətlərdə oliqarxlar) arasında bölünmüşdür. Dövlət, onların zənginləşməsinə və resurslarının qorunmasına zəmanət verə bilməyəndə, onlar da dövlətin varlığında maraqlı olmurlar. Bu isə, dövlətin süqutuna şərait yaradır. Yaxud, zadəgan ailələri arasında daha çox resurslara malik olanların mərkəzi hakimiyyətə bağlılığı zəifləyir. Bu isə, dövlətin içində separatçılıq meyllərinin artmasına, mərkəzləşdirmə siyasətinin zəifləməsinə və dövlətin idarə olunmasının çətinləşməsinə səbəb olur. Buna görə də, mərkəzi hökumət cəmiyyətin deyil, zadəgan ailələrinin maraq və mənfəətlərinin balanslı idarə olunması siyasəti ilə məşğul olur. Çünki onlar, cəmiyyətin idarə olunması mexanizmini əlində saxlayaraq, bunu, mərkəzi hakimiyyətə təzyiq vasitəsi kimi istifadə edirlər. Onlarla mərkəzi hakimiyyət arasında olan ictimai müqavilə (qarşılıqlı razılaşma), sosial-siyasi piramidanın varlığını təmin edir. Cəmiyyətdə olan ailə qurumu da, bu piramidanın qorunub saxlanılmasına xidmət edirdi.
Azərbaycanda xan və bəy nəslindən olan ailələr SSRİ dövrünədək cəmiyyətin elit təbəqəsi hesab olunmuşlar. Cəmiyyətin maddi və intellektual resurslarını öz əllərində cəmləyən zadəgan ailələri Çar Rusiyasına tabe olmaqla, əldə etdikləri resursları onlarla bölüşmüş və öz maraqları istiqamətində onlardan maksimum yararlanmağa çalışmışlar. Əks təqdirdə, onlar, İran və Osmanlı ərazisinə sığınmalı idilər. Belə olduqda isə, onlar öz mülklərini, gəlir və statuslarını itirmək təhlükəsi ilə üzləşməli idilər.
SSRİ-nin yarandığı dövrdə isə, durum daha fərqli idi. Zadəgan ailələri, bütün resurslarını toplayaraq Avropa ölkələrinə sığınmalı idilər. Çünki İranda Pəhləvilər və Türkiyədə Atatürk rejimi onlar üçün məqbul deyildi. Buna görə də, azərbaycan zadəgan ailələrinin miqrasiya xəttinə fikir verəndə görürük ki, onlar ilk öncə İran və Osmanlı ərazilərinə, oradan da tədricən Avropaya yönəlmişlər. Buna görə də, bu gün onların əksər varisləri Avropa ölkələrində yaşayırlar.
Azərbaycanın zadəgan ailələri Nadir şahın öldürülməsindən (1747) sonra ortaya çıxan xanlıqlar dövründə daha çox tanınmağa başlayırlar. Lakin, bu ailələrin bir çoxu Nadir şahdan əvvəlki dövrlərdə də mövcud olmuşlar. Hətta, onlardan bəzilərinin ulu əcdadlarının orta əsr və qədim dövr türk bəy ailələri ilə bağlılıqları olmuşdur. Bu sahədə aparılan bəzi tədqiqatlar, bunu deməyə əsas verir.
Avropada bu gün minillik tarixi olan zadəgan ailərinin mövcudluğu, zadəganlığın vərəsəlik prinsipinə əsaslandığını təsdiq edir. Bu baxımdan, xanlıqlar dövründə meydana çıxan zadəgan ailələri, minilliklərlə davam edən zadəganlıq tarixində baş verən növbəti keçid nöqtələrindən biri idi. Çünki Nadir şah öz hakimiyyəti dövründə bu ənənəni ortadan qaldırmağa çalışmışdır.
Xanlıqlar dövründə meydana çıxan əksər zadəgan ailələrinin əcdadlarına diqqət yetirsək görərik ki, onların bir çoxu qızılbaşlıq dini-siyasi ideologiyası ətrafında Səfəvilər dövlətinin qurulmasında və idarə olunmasında birbaşa iştirak etmişlər. Əslində, qızılbaşlıq ideyası cəmiyyəti vahid hakimiyyət ətrafında səfərbər etmək və sadə insanları idarə etmək layihəsi idi. Sultan Səlim Yavuzun da Misirdən gətirdiyi sünni-xəlifəlik qurumu da bu məqsədə xidmət edirdi. Hakim sülalənin ətrafında bir araya gələn zadəgan ailələrini isə, ortaq maraq və mənfəətlər birləşdirirdi. Bu ortaq maraq və mənfəətlərdə yalnız daxildəki deyil, həmçinin, Avropadakı güclü zadəgan ailələrinin də müəyyən payları var idi. Çünki beynəlxalq ticarət əlaqələri bu münasibətləri formalaşdırırdı.
Sünni-şiə zəminində baş verən müharibə və üsyanlar, zadəgan ailələrinin bir-birinə qarşı duran fərqli mənfəət qruplarında təmsil olunması ilə bağlı idi. Bu mənfəət qruplarında təmsil olunan və müəyyən ortaq paya sahib olan ruhanilər təbəqəsi də, avam xalq arasında məzhəbçilik zəminində fanatizmin yaradılması və yönləndirilməsi funksiyasını daşıyırdılar. El-tayfa başçıları (ağsaqqallar) da ictimai piramida sisteminin qorunmasında zadəganlara dəstək olurdular. Məzhəbçilik, xalqı hakim siniflərin mənafeyinə xidmət etməsini təmin edən ümumxalq ideologiyası rolunu oynayırdı.
Xalqı zadəgan ailələrinin maraq və mənfəətləri istiqamətində manipulyasiya etmək üçün, onları elm və təhsildən yayındırmaq, islam dininin sosial-fəlsəfi mahiyyətini formal mərasimçiliklə əvəz etmək lazım idi. Bu dərin yuxuya qərq olan avamlar arasında oyaq olanların başı bədənindən ayrılmalı idi ki, digərlərinə öyüd olsun. İmam Hüseyin, Mənsur Həllac, Nəsimi, Molla Pənah Vaqif və digər bu kimi nurlu insanların faciələri, nəfsin səltənətinə boyun əyməyən vicdanın həyəcan siqnalı idi.
XVIII əsrdə Səfəvilər daxilində olan bir çox zadəgan ailələri həddən artıq güclənmiş və mərkəzi hakimiyyətə bağlılıqları xeyli zəifləmişdi. Yerlərdə ruhanilər təbəqəsi də onların maraq və mənafeyini qoruyurdular. Bu imperiya ərazisində müstəqillik və yarımmüstəqilliyə aparan separatçılıq hərəkatının başlanğıcını qoymuşdu. Nadir şah, mövcud vəziyətdən çıxış yolunu, zadəgan ailələrinin və ruhanilərin imtiyazlarını əllərindən almaqda və köçəri ailələrini məskunlaşdırmaqda gördü. Bu isə, böyük müharibələr, dağıntılar, sosial-iqtisadi böhranlar, insan faciələri hesabına başa gəlirdi. Onun mərkəzləşdirilmiş dövlət quruculuğu istiqamətində apardığı işlər (sünni və şiəliyi birləşdirmək, türk dilini dövlət dili səviyyəsinə çatdırmaq, dövlət-xalq münasibətlərini gücləndirmək), nəticədə, zadəganların və ruhanilərin ona qarşı hazırladığı sui-qəsd ilə bitdi (1747).
Nadir şahın ölümündən sonra, imperiya ərazisində zadəgan ailələrinin hakimiyyət uğrunda mübarizəsi ilə müşayiət olunan dərəbəylik dövrü başladı. Bu ağır tarixi keçid dövründə Nadir şahın imperiyasının böyük bir qismi Çar Rusiyası tərəfindən işğal olundu, digər bir qismində isə, Qacarlar sülaləsi İran dövlətini yaratdı.
Uzun müddət İran, Osmanlı və Çar Rusiyası arasında mücadilə obyektinə çevrilən xanlıqlar (indiki Azərbaycan ərazisində olan) 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Çar Rusiyasının ərazisinə daxil edildilər. Bu hadisə, azərbaycan zadəgan ailələrinə vurulan ən böyük zərbə oldu. Çar Rusiyası XIX əsrin 40-cı illərinədək zadəgan ailələrinə etimad etmədiyi üçün, onları təqib etmiş və hətta, ona tabe olmayan bir çox xan ailələrini məhv etmişdi.
Çar hökuməti azərbaycan zadəgan ailələrinə etimad etmirdi. Çünki onlar, İran və Osmanlı cəmiyyətlərinin ayrılmaz bir hissəsi olan türk-islam mədəniyyətinin elitar təbəqəsi idilər. Bu ailələrin övladları dünyəvi elmlərlə yanaşı, ərəb və fars dillərində mükəmməl təhsil alır, ilahiyyatı və klassik ədəbiyyatı dərindən öyrənir, öz saray və məclislərində poeziya-muğam ənənələrini yaşadır, qədim türk döyüş taktikalarına yiyələnirdilər. Onlar, türk-islam mədəniyyətinin elitar təbəqəsi kimi sadə xalqdan (qara camaatdan) öz danışıq üslubları, davranışları, zövqü, geyimləri və həyat tərzləri ilə fərqlənməyə çalışırdılar. Klassik ədəbiyyat və xalq yaradıcılığı arasında olan fərq, bu sosial-mədəni qütbləşmədən irəli gəlirdi. Sadə xalq üçün əlçatmaz olan bu elitar mədəniyyət nə qədər uzaq idisə, zadəgan ailələri üçün də xalq mədəniyyəti bir o qədər primitiv görünürdü. Lakin, bu proses, XIX əsrin ortalarından başlayaraq tədricən ortadan qalxmağa və yeni formada ortaya çıxmağa doğru istiqamətləndi.
XIX əsrin 40-cı illərindən sonra Çar Rusiyası zadəgan ailələrinə etimad etmək məcburiyyətində qaldı. Çünki komendant üsul-idarəsi ilə idarəetmənin mümkün olmadığını anladı və onların vasitəsilə imperiyanı saxlamaq qərarına gəldi. Bu, İran ərazisinə sığınan zadəgan ailələrinin oradan daxildəki adamları vasitəsilə üsyanlar qaldırması hallarının qarşısını almaq üçün də yaxşı bir fikir idi.
Çar hökuməti, imperiyaya qulluq etmək şərti altında onlara əvvəlki mülk və torpaqlarının qaytarılmasını vəd etdi. Zadəgan ailələri öz əvvəlki imkanlarını bərpa etmək üçün, rəiyyəti çara itaətdə saxlamalı və vergiləri toplamalı idilər. Zadəgan ailələri ilə bağlı olan ruhanilər təbəqəsi də, eyni funksiyanı yerinə yetirməklə, əvvəlki statuslarını qoruya bilərdilər. Bu ictimai müqavilə, Cənubi Qafqazda yeni sistemin qurulmasını təmin etdi.
Çar hökumətinin zadəgan ailələrinə etimad etməsinin arxasında başqa planlar da dayanırdı. Onlar aşağıdakılardır:
- Zadəgan ailələrinin ərəb, fars, türk dilləri və islam mədəniyyəti barədə dərin biliklərindən, onların müsəlman aləmi ilə sosial-mədəni əlaqələrindən, İran ərazisindəki bir çox zadəgan ailələri ilə qohumluq münasibətlərindən istifadə edərək şərqşünaslıq məktəbini yaradıb inkişaf etdirmək və bu biliklərdən hərbi-kəşfiyyat istiqamətində istifadə etmək;
- Türk-islam mədəniyyətinin elitar təbəqəsini təmsil edən zadəgan ailələrini tədricən rus-avropa mədəniyyətinə inteqrasiya etmək, onları ruslaşdırmaq və yeri gələndə xristianlaşdırmaq;
- Onların vasitəsilə rus dili və mədəniyyətini müsəlmanlar arasında yaymaq, qafqaz müsəlmanlarını maksimum şəkildə iran-müsəlman və osmanlı mədəniyyətindən ayırmaq (M. F. Axundovun ərəb əlifbasının dəyişdirilməsi ideyası buradan irəli gəlirdi);
Çar hökuməti bütün bu planları düşünməsinə və gerçəkləşdirməsinə baxmayaraq, azərbaycan xalqına və onun zadəganlarına heç bir zaman etimad etməmişdir. Çar ordusuna böyük töhvələr verən onlarla zadəgan ailəsindən olan yüksək rütbəli zabitlərin olmasına və onların rəiyyəti çar hökumətinə itaətdə saxlayaraq vergiləri artıqlaması ilə ödəmələrinə baxmayaraq, onlara olan etimad az idi. Çünki onlar nə qədər ruslaşdırılsalar da, müsəlman-türk mədəniyyətinin təmsilçiləri idilər.
Çar hökuməti Qafqaza etimad etmək üçün, onun ruslaşdırılması və xristianlaşdırılması siyasətini Türkmənçay müqaviləsindən (1828) dərhal sonra həyata keçirməyə başladı. Onlar Cənubi Qafqazın etnomədəni və etnokonfesional mənzərəsini dəyişmək üçün, provaslav xristian məzhəbində olan gürcülərə arxalanaraq, Tiflisi Qafqazın siyasi-mədəni idarəetmə mərkəzinə çevirdilər və paralel şəkildə sektant rus ailələrini, xüsusilə, İran və Osmanlı ərazilərində olan erməni ailələrini kütləvi şəkildə Qafqazın müxtəlif ərazilərində olan müsəlmanlar arasında yerləşdirdilər. Bu ərazilərdə yerləşən erməni ailələri yerli xalqla inteqrasiyaya girərək (qonşuluq, qarışıq nikahlar), çar hökuməti üçün agentura şəbəkəsinə, ekstremizm və terrorizm mənbəyinə çevrildilər. Çünki çar hökuməti onlara bu xidmətləri əvəzində Cənubi Qafqazda İrəvan xanlığının yerində xüsusi ərazi yaradılmasını vəd etmişdi. Bu ərazi, Osmanlının Cənubi Qafqaz bölgəsinə girişinə sədd çəkməklə yanaşı, onun daxilində yeni təxribatların baş qaldırmasına şərait yaradırdı. Əslində, bu siyasət, Osmanlını zəiflədərək öz əlində marionetkaya çevirmək istəyən Böyük Britaniyanın da maraqlarına cavab verirdi. Bu baxımdan, erməni layihəsi, Cənubi Qafqazda bir çox böyük imperiyaların ortaq layihəsi idi.
Azərbaycanın zadəgan ailələri Cənubi Qafqazda hadisələrin bu şəkildə cərəyan etməsini qəbul etmək məcburiyyətində qalmışlar. Çünki onlar vaxtilə bir araya gələrək birlikdə müqavimət göstərmək əvəzinə, bir-biri ilə çəkişmiş və güclü düşmənin qarşısına təkbaşına çıxaraq məğlub olmuşlar. Onların birləşmək arzusu olmuşdur. Xan ailələri arasında qohumluq əlaqələrinin siyasi məqsədlərlə həyata keçirilməsi bunu təsdiq edirdi. Lakin, Quba xanı Fətəli xanın digər xan ailələrini öz ətrafında birləşdirmək cəhdi də baş tutmamışdır. Çünki vaxtilə bir çox türk bəylərini birləşdirən ortaq maraqlar və cəmiyyəti bir araya gətirən qızılbaşlıq ideyası, artıq öz əhəmiyyətini itirmişdir. ABŞ və Fransada baş verən burjua inqilablarının milli dövlətçilik və milli kimlik ideyaları isə, Cənubi Qafqazda XIX əsrin sonlarından başlayaraq tədricən yayılmağa başlamışdı. Digər tərəfdən, Avroda baş verən sosial transformasiyalar elmi-texniki inkişaf ilə bağlı idi. Həmin dövrdə Azərbaycanda belə texnoloji inkişaf yox idi.
Çar Rusiyası, xanlıqlar dövründə böyük bir imperiya idi. Cənubda hakimiyyətə gələn Qacarlar sülaləsi də güclü bir dövlətə çevrilmişdi. Bu iki güc arasında xanlıqları birləşdirmək və iki böyük imperiyaya qarşı müqavimət göstərmək böyük insan itkisinə səbəb olardı. Artıq, əhali də Nadir şahın ölümündən sonra baş qaldıran dərəbəylikdən, münaqişələrdən, ölümlərdən, evlərinin və yaşayış məskənlərinin xarabaya çevrilməsindən, sosial-iqtisadi böhranlardan təngə gəlmişdi. Bir çox zadəgan ailələri bu reallıqları nəzərə alaraq, müqavimət göstərmədilər. Lakin, müqavimətin mərkəzi tədricən Cənubi Qafqazdan Şimali Qafqaza tərəf yönəldi (müridizm hərəkatı).
Nadir şahın ölümündən XX əsrin əvvəllərinə kimi Qafqazda baş verən hadisələri (kənar təsirlərdən asılı olmayaraq) azadlıq hərəkatı kimi dəyərləndirmək olar. 1918-ci ildə qurulan AXC, bütün Qafqaz müsəlmanlarının uzunmüddətli azadlıq mübarizəsinin nəticəsi kimi ortaya çıxdı. Bu baxımdan, AXC yalnız azərbaycanlıların deyil, həmçinin, bütün Qafqaz müsəlmanlarının dövləti idi.
2. Azərbaycanda zadəgan ailələrinin tarixi
Azərbaycan ərazisində qədim və orta əsrlərdən başlayaraq tanınmış zadəgan ailələri mövcud olmuşdur. Onların bir qismini xanlıqlar dövründə tanımışıq. Bu ailələrdən olan şəxsiyyətlərin bir qismi Çar Rusiyasında yüksək rütbəli hərbiçilər, məmurlar kimi tanınmış, bir qismi sənayenin inkişafında mühüm rol oynamış, bir qismi sonralar formalaşan azərbaycan milli burjuaziyasının əsas nüvəsini təşkil etmiş və AXC-nin qurulmasında fəal iştirak etmiş, bir qismi də çətinliklərə baxmayaraq, SSRİ dövründə azərbaycan mədəniyyətinin inkişafında görkəmli mədəniyyət xadimləri və ziyalılar kimi tanınmışlar.
Bu gün, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində zadəgan ailələrinin varisləri yaşamaqdadırlar. Kəngərlilər, Bakıxanovlar, Cavanşirlər, Qacarlar, Aşurbəyovlar və digər onlarla məşhur zadəgan soylarının varisləri müasir Azərbaycanın inkişafında fəal rol oynayırlar. Biz, bu ailələrin son 200 ildə fəaliyyətinin dinamikasını müqayisəli şəkildə araşdırmaq qərarına gəldik. Bu bizə, bu ailələrin cəmiyyətin dinamik inkişafında rolunu və onların milli ailə qurumunun formalaşmasında yerini müəyyənləşdirməyə imkan verir.
Azərbaycan zadəgan ailələrinin nümayəndələri XIX əsrin ortalarından başlayaraq, Çar Rusiyasının ordusunda yüksək rütbəli zabitlər kimi təmsil olunmuşlar. Çar hökuməti onların hərbi təhsil almasına və dövlət işlərinə cəlb olunmasına maraqlı olmuşdur (səbəblərini əvvəldə qeyd etdik). Həmçinin, çar hökuməti xanların övladlarını Tiflis və Peterburqda olan hərbi məktəblərə cəlb etməklə, xanları daha çox özündən asılı vəziyyətdə saxlayırdı. Xanlar da öz övladlarını bu məktəblərdə oxumasında maraqlı olmuşlar. Çünki öz mülk və torpaqlarının idarə olunmasını öz varislərindən başqasına həvalə edə bilməzdilər. Zadəgan ailələri öz mülk və torpaqlarına sahib çıxmaq və öz statuslarını qorumaq üçün, özlərinin çar hökumətinə sadiqliklərini sübut etməli idilər. Buna görə də, onlar Çar Rusiyasının İran və Osmanlı ilə döyüşlərində “qəhrəmanlıq” göstərərək öz sadiqliklərini sübut etmiş və əvəzində yüksək rütbələrə, böyük mükafatlara layiq görülmüşlər. Çar hökumətinin zadəgan ailələrinə nə qədər inandığını və ya zadəganların hökumətə nə qədər sadiq olduqlarını söyləmək çətindir. Ancaq, bu da reallıqdır ki, onların alternativ yolları qalmamışdır.
1. Bakıxanovlar
Abbasqulu ağa Bakıxanovun atası Mirzə Məhəmməd xan Saninin iki övrətdən olan 6 oğlunun hamısı ataları kimi rus hərbi dairələrində xidmət etmişlər. Abbasqulu ağa Bakıxanovun kürəkəni və qardaşı oğlu Həsən ağa Bakıxanovun ölümü ilə keçmiş Bakı xanlığının kişi nümayəndəsi kəsilmiş və ondan sonra bacısı Nurcahan xanım və qızı Reyhan xanım qalmışdır.
Sonrakı dövrlərdə Bakıxanovlar sülaləsində hərbiçilərə və məmurlara təsadüf olunmur. Lakin, bu sülalənin nümayəndələri sonrakı dövrlərdə (əsasən sovet dönəmində) daha çox azərbaycan milli musiqisini yaşadan və onu zənginləşdirən incəsənət xadimləri kimi tanınırlar.
Bakıxanovlar nəsli əvvəllər dövlət idarəçiliyində, hərbidə daha fəal iştirak etmişlər. Lakin, sovet dönəmindən sonra, onlar, əsasən azərbaycan milli musiqisinin inkişafında rol oynamışlar. Bunu, sovet dönəmində zadəgan ailələrinin ortadan qaldırılması və onların sinfi düşmən kimi dəyərləndirilməsi ilə əlaqələndirmək olar. Onu da nəzərə almaq lazımdır ki, zadəgan ailələri öz məclis və tədbirlərində muğam sənətini yaşatdıqları üçün, bu irsi olaraq onların övladlarına da ötürülmüşdür.
2. Naxçıvanskilər
Naxçıvanda olan Kəngərli xan sülaləsinin nümayəndələri arasında çar ordusunun yüksək rütbəli zabit və məmurları daha çox olmuşdur. Onların arasında çar ordusunda xidmət edən bir neçə generallar vardır. Naxçıvanskilər sonralar AXC dövründə milli ordunun qurulmasında və silahsız xalqın erməni-bolşevik təcavüzündən qorunmasında mühüm rol oynamışlar.
Əsasən Naxçıvandan olan Kəngərlilər nəslinin arasında çox yüksək rütbəli zabit və məmurların olduğunu görürük. Görünür, onlar, bu yolla öz xanlıq sülaləsinin və xanlıqlarının varlığını qoruyub saxlamış, həmçinin, öz nüfuz və bacarıqları ilə xalqın qeydinə qalmaq imkanları əldə etmişlər. Biz, bunun bariz nümunəsini AXC-nin quruculuğu dövründə bu və digər zadəgan nəslindən olan şəxslərin fəaliyyətində müşahidə edirik.
3. Cavanşirlər
Azərbaycan zadəganları arasında nüfuzlu nəsillərdən biri də Cavanşirlər idi. Bu nəsil, Qarabağ xanlığını idarə etmişdir. Sonuncu Qarabağ xanı Mehdiqulu xan, İbrahimxəlil xan Cavanşirin üçüncü oğlu idi. Kürəkçay sülhündən sonra (1805) I Aleksandr ona general-mayor rütbəsi vermiş və 1806-cı ildə Lisaneviçin nəzarəti altında Qarabağ xanlığına gətirilmişdi. O, 1822-ci ildə xanlığı tərk edərək İrana köçmüş və nəticədə, Cavanşirlər sülaləsinin idarəsində olan Qarabağ xanlığı dağılır. Görünür, bu, sonralar ermənilərin Qarabağ və İrəvana yerləşdirilməsi planının tərkib hissəsi idi.
Mehdiqulu xanın yeganə övladı Xurşidbanu Natəvan idi. O, görkəmli şair və ictimai xadimlər yetişdirən Cavanşirlərin və Ziyadoğlu Qacarların nəslindən idi.


Xurşudbanu Natəvanın həyat yoldaşı kumık əsilli Xasay xan Usmiyev Dağıstan xanları nəslindən olmuşdur. O, rus generalı Vоrоntsоvun şəxsi yavəri hesab olunmuş, rus ordusunda general-mayor rütbəsinə qədər yüksəlmiş və fransız dilini yaxşı bildiyi üçün, Aleksandr Düma ilə dostluq əlaqələri yaratmışdır. Onunla birlikdə Tiflisə köçmək məcburiyyətində qalan Xurşudbanu Natəvan, burada olan maarifçlik mühiti ilə tanış olmuşdur. Görünür, bu mühit də onun dünyagörüşünə öz təsirini gəstərmişdir.
Xurşudbanu Natəvan Cavanşirlər soyunun yeganə nümayəndəsi kimi, bu nəslin davamını təmin etmişdir. Onun həyat yoldaşı general-mayor Xasay xan Usmiyevdən olan iki övladından nəsli davam etmişdir. Onun qızı Xanbikənin Naxçıvanın Kəngərli xan ailəsinə ərə getməsi, Cavanşir və Kəngərli soyunun birləşərək davam etməsini təmin etmişdir. Oğlu Mehdiqulu xandan davam edən nəslin nümayəndələri də Cavanşirlər sülaləsinin ana tərəfdən davamçıları idilər.
4. Aşurbəyovlar
Azərbaycanda tanınmış zadəgan nəsillərindən biri də Aşurbəyovlar nəslidir. Bu nəslin də Azərbaycanın ictimai-iqtisadi həyatında özünəməxsus rolu olmuşdur. Bu nəslin adı türk mənşəli Avşar elindən olan dövlət xadimi (Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı) Aşur xan Avşarın adı ilə bağlıdır. Bu nəslin ən tanınmış nümayəndəsi Nadir şahdır. Abşeron toponiminin də bu adla bağlı olduğu ehtimal olunur.
Aşur xanın beş oğlu olub (Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdullah bəy, Danial bəy, Əliyar bəy). Onların soyundan da sonra bizə məlum olan şəxsiyyətlər dünyaya gəlibdir. Onların fəaliyyət məkanı əsasən Bakı-Abşeron zonası olubdur. Çünki Nadir şah 1740-cı ildə Azərbaycana gə-ləndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdir-mişdi. Aşurbəyovlar Azərbaycanın əsasən sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynamışlar.
Kəngərlilərdən fərqli olaraq, bu ailədə olan şəxslər daha çox sənayenin inkişafında rol oynamışlar. Onlar Bakıda əhalinin sosial-iqtisadi problemlərinin həllində və modernləşmə proseslərinin sürətlənməsində fəal iştirak etmişlər.

Ümumiyyətlə, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayan zadəgan ailələri bununla kifayətlənmir. Onlar barədə daha çox məlumatlar vermək mümkündür. Çünki son dövrdə bununla bağlı ciddi araşdırma işləri aparılır. Bu ailələrin tarixinin öyrənilməsi, real azərbaycan tarixinin üzə çıxması deməkdir. Bu şəxlərin fəaliyyəti, şəxsi həyatı və faciələri özünün müsbət və mənfi tərəfləri ilə ümumi tariximizin ayrılmaz hissəsi deməkdir.
3. Zadəgan ailələrinin həyat tərzi
Zadəganlar böyük ailələr şəklində yaşayırdılar. Onların inzibati mərkəzlərdə böyük mülkləri, imarətləri və qapılarında onlarla nökərləri olmuşdur. Xan ailələrinin yaşadıqları saraylar ərazinin və dövrünün gözəl və böyük tikililərindən hesab olunurdular. Xanlar və bəylər bütün ailəsi ilə birlikdə bu saraylarda yaşayırdılar. Bu gün bölgələrdə bir çox xan və bəylərin mülkləri bu günədək qorunub saxlanılmışdır. Şəki xan sarayı, Naxçıvan xan sarayı və digərləri buna misal ola bilər.

Zadəgan ailələrində poliqamiya geniş yayılmışdı. Əksər xan və bəylərin böyük mülklərində bir neçə övrətləri və onlardan olan bir neçə övladları olmuşdur. Bakıxanovlar, Cavanşirlər, Kəngərlilər və digər zadəgan ailələrində bu kimi hallar olmuşdur. Həmçinin, xanların oğlanları da evləndikdən sonra ailəsi ilə birlikdə atalarının mülklərində qalırdılar. Bu baxımdan, zadəgan ailələri böyük ailələrdən ibarət idi. Müxtəlif kiçik nuklear ailələrin böyük ailə şəklində bir yerdə yaşaması, əsasən təhlükəsizlik baxımından da vacib idi.
Biz, xanlıqlar dövrünün xanlarının ailə həyatına diqqət yetirəndə görürük ki, onlar arasında poliqamiya və çoxövladlılıq geniş yayılmışdır. Lakin, sonrakı dövrlərdə bu tendensiyanın tədricən azaldığını görürük. Çünki Tiflis və Peterburq şəhərlərində təhsil alan və orada dövlət vəzifələrində çalışan zadəgan övladları tədricən modern həyat tərzini mənimsəyirdilər. Bu özünü, onların geyim tərzlərində və dünyagörüşü səviyyəsində biruzə verirdi.

Avropalaşmış xan övladları poliqamiyaya qarşı çıxır və nuklear ailə həyatı qururdular. Onların çoxu Qafqazda maarifçiliyin və mədəni modernləşmənin mərkəzinə çevrilən Tiflis şəhərində məskunlaşırdılar. Bəzən, onlar, dövlət orqanlarında daha yüksək vəzifələr tutmaq üçün, qeyri-müsəlman qadınlarla evlənir və ya xristianlığı qəbul edirdilər. Çünki çar hökuməti də yüksək vəzifə istəyən müsəlmanlar qarşısında şərt qoyurdu. Məsələn, Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası provaslavlığı qəbul etdiyi təqdirdə Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi verilməsini təklif etmiş, o isə, bundan imtina etmişdir. Belə faktlar kifayət qədərdir. Ruslaşan və xristianlaşan zadəgan ailələrində böyüyən uşaqlar öz əcdadlarından çox fərqlənir və rus mədəniyyətinin daşıyıcısına çevrilirdilər.


General-leytinant Hüseyn xan Naxçıvanski 1889-cu ildə məşhur şair, tərcüməçi və naşir N.Gerbelin qızı Sofya Nikolayevna ilə ailə qurmuş və 3 övladı olmuşdur. Süvari polkunda xidmət edən böyük oğlu xan Nikolay 21 yaşında ölmüş, qızı Tatyana Fransanın Nitsa şəhərinə köçmüş, kiçik oğlu xan Georgi süvari polkunun tərkibində ağqvardiyaçılar tərəfdən iştirak etmiş və sonra mühacirətə gedərək anası ilə əvvəlcə Fransada, sonra isə Beyrutda yaşayaraq 1948-ci ildə vəfat etmişdir. O, Yaxın Şərqdə “Ford” avtomobil şirkətinin nümayəndəliyini yaradaraq ona rəhbərlik etmişdir. Həmçinin, Mirzə Kazım bəyi, Natəvanın nəvəsi Xasay Usmiyevi və digərlərini misal göstərə bilərik. Lakin, Abbasqulu ağa Bakıxanovun anasının gürcü qızı olmasına baxmayaraq, o, türk-müsəlman mədəniyyətini daha çox yaşatmışdır. Çünki onun anası Sofya xanım İslam dinini qəbul etmişdir.
Göründüyü kimi, müasir təhsil və dünyagörüşü əldə edən əksər zadəgan övladları subkültür təbəqəyə çevrilərək Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayırdılar. Əgər, XIX əsrin əvvəllərində zadəgan övladları elitar müsəlman-türk mədəniyyətinin təmsilçiləri idilərsə, XIX əsrin ortalarından başlayaraq, həmçinin rus-avropa mədəniyyətinin təmsilçilərinə çevrildilər. İki mədəniyyətin daşıyıcısı olan bir çox zadəgan ailələri XIX əsrin sonu və XX əsrin əvvəllərindən yeni transformiya mərhələsinə daxil oldular. Çünki yeni rus-avropa mədəniyyəti modernləşmə prosesləri ilə digər ənənəvi mədəniyyəti sıxışdırırdı. Bu dövrdə ərəb əlifbasından latın əlifbasına keçid, xalq yaradıcılığı dilinin tədricən ədəbi dil normasına çevrilməsi (“Molla Nəsrəddin” jurnalının dili), zadəganlığın milli burjuaziya ilə əvəz olunması və yeni kapitalist münasibətlərin ortaya çıxması, yeni bir prosesin sosial-tarixi dinamikaya daxil olmasına şərait yaratdı. Bu, tarix boyu elitar mədəniyyətlərin fövqündə öz şifahi qanunauyğunluqları ilə inkişaf edən xalq mədəniyyəti idi. SSRİ dövründə ənənəvi zadəgan mədəniyyəti xalq mədəniyyəti ilə əvəz olundu. Zadəgan mədəniyyəti meşşanlığın tərənnümçüsü kimi qələmə verildi. Klassik ədəbiyyat və muğam musiqisi, ənənəvi elitar mədəniyyətin qorunub saxlanılmasına şərait yaratdı.
XIX əsrin sonu və XX əsrin əvvəllərində baş verən yeni transformiya mərhələsi, ənənəvi ailə qurumlarının da ortadan qalxmasına şərait yaratdı. Bu ictimai transformasiyalar nəticəsində yeni ailə qurumunun formalaşması prosesinin başlanğıcı qoyuldu. Bu sinkretik bir proses idi. Yəni, artıq zadəgan ailələri öz əvvəlki statuslarını tədricən itirdikləri üçün, onlarla sadə insanlar arasında sədd ortadan qalxırdı. XX əsrin əvvəllərində zadəgan ailələrdən olan qızların sadə ailələrdən olan şəxslərlə ailə qurması halları artır və tədricən normaya çevrilirdi. Halbuki, XIX əsrin ortalarında xan qızının nəinki sadə bir insana, hətta bəy ailəsinə ərə getməsi qəbul edilmirdi. Cəmiyyətdə sosial təbəqələşmə prosesinin XX əsrdə, xüsusilə SSRİ dövründə zəifləməsi və formal olaraq ortadan qaldırılması, cəmiyyətin vahid ideologiya ilə idarə olunması müxtəlif ailə tiplərinin vahid bir sovet ailəsi tipində birləşməsinə şərait yaratdı. Bu gün, tez-tez ifadə etdiyimiz “azərbaycan ailəsi” fenomeni buradan irəli gəlir.
4. Zadəgan ailələrində qadınların vəziyyəti
Zadəgan ailələrində olan qadınların durumu, yoxsul qadın əhalisinin durumundan yaxşı olsa da, mahiyyətcə eyni idi. Zadəgan qadınları onlardan fərqli olaraq yaxşı təhsil almalarına, qismən sərbəst hərəkət etmələrinə baxmayaraq, azad seçim etmək və istədiyi kimi yaşamaq imkanlarına malik deyildirlər. Onlar da digər qadınlar kimi, ataları tərəfindən seçilən kişilərə zorla ərə verilir və xanlıqlararası əlaqələrdə siyasi bir vasitə kimi istifadə olunurdular. Bu sistemdə qadınlar və uşaqlar istismaq olunduqları üçün, ondan narazı idilər.

Xurşudbanu Natəvan bir xan qızı kimi, feodal sistemin nümayəndəsi olsa da, bir qadın mütəfəkkir kimi mövcud sistemdən narazı olmuşdur. Onun narazılığının kökündə çarizmin zülmünə qarşı olan dərin bir stress mövcud idi. Çünki çarizm onun bütün əziz insanlarını bir günün içində məhv etmiş və onu yalnız qoymuşdu. Bəlkə də bu stress, ona birinci əri Xasay bəy Usmiyev ilə boşanmasına səbəb olmuşdur. Çünki o, çar ordusunda xidmət edən general-mayor idi.
Natəvan zadəgan cəmiyyətindən daha çox, sadə insanların cəmiyyətinə meyl edir və onlara maddi dəstək verirdi. Onun yaratdığı “Məclisi-üns” məclisləri bir poeziya yığınçağı deyil, ictimai məsələlərin müzakirə olunduğu toplantılar idi. Bu məslislərin iştirakçılarının poetik fikirlərinin arxasında gizlənən ictimai motivlər bunu deməyə əsas verir. Natəvan poeziyasında olan kədərli motivlər çarəsizlikdən irəli gəlirdi. O, xan qızı olmasına baxmayaraq, mövcud haqsızlıqların qarşısında aciz qalan (Natəvan) bir qadın-günəş (Xurşidbanu) idi. Lakin, şairə yeri gələndə haqsızlığa qarşı çıxmağı bacarmışdır. O, birinci ərindən, general Xasay Usmiyevdən boşanaraq ikinci dəfə ərə getmişdir. Bu səfər onun əri sadə bir şuşalı Seyid Hüseyn idi. Onun bu seçimi, xan və bəy ailələrinin qınaqlarına səbəb olmuşdur. Onlar, xan qızının sadə bir insanla ailə həyatı qurmasını rüsvayçılıq hesab etmişlər. Hətta, oğlu Mehdiqulu buna görə anasını tərk etmişdir.
Ehsan xanın və general-mayor Kəlbalı xan Naxçıvanskinin bacısı Qönçəbəyim bir şairə idi. Atası Ehsan xanın Naxçıvanda açdığı qəza məktəbində oxumuşdur (1837). Mayor İbrahim xanı sevdiyi halda, onu 1844-cü ildə sevmədiyi Şamil xana ərə vermişlər.
O, Naxçıvanda fəaliyyət göstərən “Qönçeyi-Ülfət” adlı ədəbi məclisdə öz şeirləri ilə çıxış edərdi. Bu məclisə tez-tez qatılan gürcü şairi Nikolaz Barataşvili 18 yaşlı Qönçəbəyim barədə Maiko Orbelianiyə yazdığı məktubunda yazır: “İndi Naxçıvanda yeni bir şeyir var. Bu, on səkkiz yaşlı Qönçəbəyimin şeyirləridir. Xan qızıdır. Olduqca gözəl və vüqarlı görkəmi var. Təsəvvür edin, gözəllikdə lap Orlovun arvadına oxşayır. Ərindən çox yanıqlıdır. İndi ərindən ayrılıb, çalışır ki, boşansın. Yazıq qızın on iki yaşı olanda zorla ərə veriblər. Onların əhvalatı bir romandır. Şeyirlərində öz halına ağlayır. Yazılarından birində deyir ki, mənim gözəl bağçam, istəyirəm gəlib sənin fəvvarən və güllərinlə söhbət edəm. Ancaq qorxuram ərim orada olsun. Bu şeyiri tərcümə edib göndərəcəm. Mənə belə gəlir ki, Səttar bu mahnını bilir. Yenə bir mahnı var. Çox xoşagələndir. Belə düşünürəm ki, bunu Cəfər də bilir, Səttar da. Onlara rast gələndə deyərsən ki, bu mahnıları oxusunlar”.
Ey mənim məzar çiçəkli bağçam,
Gülüstan qoynunda fəvvarə vuran.
Sularla həmsöhbət olmaq istərəm,
Qorxuram ki, ərim çıxa o yandan.

Qarabağ xanı İbrahimxəlil xanın qızı, Azərbaycanın tanınmış şairəsi Xurşid Banu Natəvanın bibisi, İran şahı Fətəli şahın xanımı olan Ağabəyim xanım da siyasi oyunların vasitəsinə çevrilmişdir. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün” İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini istəyir. İbrahimxəlil xan 1801-ci ildə bu nikaha qol qoyur və öz sevimli qızını İran hökmdarı Fətəli şaha ərə verir. Halbuki, qızın qəlbində əmisi oğluna istək olmuşdur.
İranlı tarixçi Mehdi Bamdad yazırdı: “Fətəli şahın lap əvvəldən İbrahim Xəlil xanın qızıyla münasibətində gərginliklər vardı. Bunun da bir neçə səbəbi vardı. Səbəblərdən biri İbrahim Xəlil xanın onun əmisi Ağa Məhəmməd xana çətinliklər törətməsi, yenidən Qafqaza qoşun yeritməsinə və nəhayət, həlak olmasına səbəb olması idi. Digər bir səbəb isə Ağabəyimin şaha zifaf gecəsi etdiyi jesti idi. Belə ki, zifaf gecəsi Ağabəyim xanım şahı anasının rəsmi libasında qarşılayır. Nikahlı arvadını anasının paltarında görən şahın gözləri kəlləsinə çıxır. Ömrünün sonunadək bakirə qalmış şah xanımı haqqında digər salnaməçilər, o cümlədən Mirzə Fəzlullah Şirazi-ye-Xavəri, Məhəmməd Həsən xan Etimadüs-səltənə (və sadalamadığım daha neçə tarixçi) də yazırlar ki, Fətəli şah zifaf gecəsi xan qızının yanına girdikdən cəmi on beş dəqiqə sonra ordan dəli kimi çıxdı və bircə kəlmə söz dedi: “İbrahim xanın qızı məni ilan kimi çaldı”. Bundan sonra o, qəzəblə öz otağına doğru yürüdü.” Fətəli şah ömrünün sonuna kimi onunla bir yataqda yatmır, amma talaq da vermir və Ağabəyim ağa Qumda ondan ayrı yaşayırdı.”.
Ağabəyim ağa çox nüfuzlu və dünyagörüşlü xanım idi. O, İrəvan xanının ruslara əsir düşmüş qardaşı yüzbaşı "Sarı Aslan” ləqəbli Həsən xanı azad etdirmişdir. Mehdi Bamdad yazır: “Dəfələrlə belə olurdu ki, artıq yaşı ötmüş Ağabacı ağa otağa daxil olanda, Fətəli şahın diqqət mərkəzində olan cavan və yaraşıqlı xanımı Tacüd-dövlə ona hörmət əlaməti olaraq dərhal ayağa qalxır və Ağabacı ağa əyləşənə kimi ayaq üstə dururdu.”

Ağabacı ağa məğrur qadın idi və onun yanında ədəbsizliyə yol verilməsin deyə, çox vaxt imamzadə Qasim məqbərəsindəki hücrəsində tənha qalırdı. Sonralar Qumu ona verdilər. Qarabağdan gətirdiyi, hamısı zəkalı və tanınmış şəxslərdən ibarət olan 200-dən artıq xidmətçi və nökər ona qulluq edirdi, Qumun vergisinin bir hissəsi də ona çatırdı. Lakin, qəriblikdə qəlbi vətən həsrəti ilə döyünürdü. Onun vətən həsrətli bayatısı dildən-dilə düşmüşdü:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Qarabağdan, Şuşadan ağac, gül-çiçək gətirdib əkdirir ki, Ağabəyim ağa doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər. Əkilən hər şey bitir, təkcə Xarıbülbül adlı güldən başqa. Onu dəfələrlə gətirib əksələr, nə qədər qulluq etsələr də, solub məhv olur. Bundan təsirlənən Ağabəyim ağa belə bir bayatı deyir:
Vətən bağı al-əlvandır,
Yox içində Xarıbülbül
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?
Ağabəyim ağa 1832-ci ildə 52 yaşında Tehranda vəfat etmiş və Darül-İman adlanan Qum şəhərində dəfn olunmuşdu.
Azərbacanda zadəgan ailələrində olan qadınların durumunu Natəvanın, Ağabəyimin, Qönçəbəyimin durumu yaxşı əks etdirir. Bu qadınları maddi sıxıntıdan deyil, patriarxal mühitin formalaşdırdığı mənəvi sıxıntıdan əziyyət çəkmişlər. Bu mühit, onların azad və xoşbəxt olmasına mane olurdu. Bu xanımların bizə məlum olan həyat hekayələrinin tədqiqi onu deməyə əsas verir ki, zadəgan ailələrində olan qadınların və onların övladlarının şüurlarında inqilabi düşüncənin ilk qığılcımları formalaşırdı. XIX əsrin sonu və XX əsrin əvvəllərində bu özünü ictimai proseslərdə açıq şəkildə göstərirdi.
XIX əsrin sonu və XX əsrin əvvəllərində bəy ailəsində yaşayan xanımlardan biri də Məmmədquluzadə-Cavanşir Həmidə xanım idi (1873-1955). O, Azərbaycanın ilk maarifçi qadınlarından biri, C.Məmmədquluzadənin həyat yoldaşı kimi tanınmışdır. O, Cavanşirlər soyundan olan və zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ailəsində Ağcabədinin Kəhrizli kəndində anadan olmuşdur. Ailə təhsili almış, azərbaycan və rus dillərini mükəmməl öyrənmişdi. Hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarova ərə getmiş, ondan 2 uşağı olmuşdu. 1902 ildə İ.Davatdarov vəfat etdikdən sonra uşaqları ilə birlikdə Kəhrizli kəndinə qayıdaraq, atasından qalmış təsərrüfatı idarə etməyə başlamışdır.
1905 ildə atası Ə.Cavanşirin uşaqlara məxsus mənzum hekayə və tərcümələrdən ibarət əsərlərinin əlyazmalarını nəşr olunmaq üçün Tiflisdə "Qeyrət" mətbəəsinə təqdim edərkən C.Məmmədquluzadə ilə tanış olmuşdur. 1907 ildə onunla ailə qurmuş və ədibin ömrünün sonunadək çətin və keşməkeşli həyat yollarında həmişə ona mənəvi dayaq olmuşdur. Mirzə Cəlil Məmmədquluzadəyə ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin, Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlil ilə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü.

Həmidə xanım Kəhrizli kəndində tibb məntəqəsi, toxuculuq emalatxanası, 1909 ildə isə ərinin iştirakı və köməyi ilə 30 oğlan və 10 qızın oxuduğu məktəb açdırmışdır. O, Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin (1906-1917) yaradıcılarından idi. 1912 ildə o, Zaqafqaziya pambıqçılarının 13-cü qurultayında çıxış edərək təsərrüfatın bu sahəsinin inkişaf etdirilməsi üçün faydalı təkliflər irəli sürmüşdür.
"Molla Nəsrəddin" jurnalının nəşrində, onun səhifələrində qadın azadlığı məsələlərinin işıqlandırılmasında onun böyük xidməti olmuşdur.
Sovet hakimiyyətinin ilk illərində Həmidə xanım Kəhrizlidə yaşamış, bəy nəslindən olduğu üçün ciddi çətinliklərlə üzləşmişdi. Onun torpaqları əlindən alınmış və səsvermə hüququndan məhrum edilmişdi. Nəhayət, birdəfəlik ailəsi ilə Bakıya köçmüşdür. O, yoldaşının və digər azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə etmiş və azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır.
Həmidə xanımın timsalında zadəgan ailələrinin XIX əsrin sonu və XX əsrin əvvəllərində transformasiya olunduğunu görürük. Buna görə də, bu dövrlərdə milli-azadlıq məsələsinin əsas ideyalarından biri “qadın azadlığı” məsələsi olmuşdur. Bolşeviklər cəmiyyətdə qadın azadlığı məsələsinin aktuallığını anlayaraq, feminizm hərəkatını sosialist inqilabın əsas avanqardına çevirdilər. Azərbaycanda sosializmin sisteminin bərqərar olmasının əsas səbəblərindən birini də burada axtarmaq lazımdır.
5. Zadəgan ailələrində varislik prinsipi
Azərbaycanda əksər zadəgan ailələrinin mənşəyinə diqqət yetirəndə görürük ki, onların bir çoxunun mənşəyi orta əsrlərdə və bəzən daha qədim dövrlərdə mövcud olan məşhur türk soylarının zadəgan sülalələrinə bağlanır. Eyni durumu bir çox avropa zadəgan ailələrində də müşahidə etmək mümkündür. Bu ailələr tarixin müxtəlif dövrlərində müəyyən hadisələrlə bağlı olaraq bəzən daha çox üzə çıxır, bəzən də arxa plana keçirlər. Lakin, cəmiyyətin idarə olunması məsələsi həmişə aktual olduğu üçün, onların sosial statuslarının qorunub saxlanılması məsələsi də daima əhəmiyyət kəsb etmişdir. Bu baxımdan, zadəganlıq sistemində bir varislik ənənəsi mövcuddur.
Kitabın sonunda azərbaycan zadəgan nəsillərinin tarixi ilə əlaqədar təqdim etdiyimiz cədvəl bir daha təsdiq edir ki, zadəganlıq sistemində bir varislik ənənəsi mövcuddur. Biz, son 200 ildə onların dinamikasında gördük ki, bu nəsildən olan şəxslər cəmiyyətin inkişafında daha çox rol oynamışlar. Onlar XIX əsrdə maarifçiliyin və modernləşmə proseslərinin yayılmasında, 1918-ci ildə AXC-nin qurulmasında və hətta, təqib olunduqları SSRİ dövründə milli mədəniyyətin qorunub saxlanılması və inkişafında mühüm rol oynamışlar.
Biz bu nəsillərdən bir çoxunun orta əsrlərdəki əcdadlarını müəyyənləşdirib, onlar arasındakı əlaqəni yarada bilsək görərik ki, son 200 ildə olduğu kimi, əvvəlki dövrlərdə də bu tendensiya davam etmişdir. Məsələn, bu gün Gəncə şəhərində Şeyxzamanovlar kimi tanınan nəslin Şeyx Nizami Gəncəvinin varisləri olduğu ehtimal olunur. Biz, bu əlaqələri ciddi şəkildə araşdarsaq görərik ki, orta əsrlərdə də bu ailələr cəmiyyətin həyatının bütün sahələrində avanqard rolunda çıxış etmişlər. Avropada da Mediçilər, Stüartlar kimi məşhur zadəgan ailələri Renesans mədəniyyətinin və kapitalizmin inkişafında aparıcı rol oynamışlar. Deməli, varislik prinsipi özünü tarixi faktlarla təsdiq edir.
Sarıcalı-Cavanşirlər sülaləsi XVIII əsrdə xanlıq yaratdıqdan sonra tanındılar. Onlar, əvvəlki dövrlərdə də olan Cavanşir elinin Sarıcalı oymağının başçıları olmuşlar. Rus üsul-idarəsı dönəmində familiya qəbul edən zadəgan ailələri öz tayfa, kənd, oba adlarını soyadı kimi götürdülər. Sarıcalı-Cavanşir oymağının zadəganlarının çoxu Cavanşir soyadını qəbul etdilər. Onlar tərəkəmə türkmən mənşəli tayfalardan vücuda gəlmişlər. Azərbaycandа iqtidаrdа оlmuş Еlхаnlılаr, Çоbаnlılаr, Cəlаyırlаr, Barlaslar (Tеymurlulаr) və digər qurumlаrın аğаlıq dönəmlərində оrdunun аpаrıcı qоlu “cаbаn qаr” hesab olunurdu. Cаbаnqаr аdı gеt-gеdə dеyiliş nəticəsində ilкin biçimini dəyişərəк Cаvаnşir şəкlinə düşdüyü ehtimal olunur. Qarabağ bəylərbəyliyi iki yerə (Qarabağ və Gəncə xanlıqlarına) bölünəndən sonra Qarabağ xanlığında hakimiyyət Qacarlardan Cavanşirlərə keçir (Gəncədə isə yenə də Ziyadoğlu Qacarlar hakim idilər). I Şah Abbasın və Nadir şahın vaxtlarında qızılbaş tayfalarının Qafqazdan kütləvi olaraq köçürülməsinə qədər bu bəylərbəylik əsas etibarı ilə türkmənşəli Qacar tayfaları ilə məskunlaşmışdı. Burada 1547-ci ildə Sultan titulunu qazanmış Şahverdi Ziyadoğlu Qacardan başlayaraq, həmişə qacarların Ziyadoğlular boyundan olan nümayəndələr hakim olmuşdular. Təbii ki, belə bir vəziyyətdə qacarlar Qarabağda aparıcı mövqeyin itirilməsi ilə barışa bilməzdilər və bundan sonra hələ uzun zaman öz doğma torpaqlarını geri qaytarmağa cəhdlər göstərmişdilər.
Kəngərlilər, hələ V əsr mənbələrində Qafqaz Albaniyasında (indiki Naxçıvan, Ermənistan, Borçalı, Göyçə gölü hövzəsində) olan türk tayfalarından biri kimi Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. Səfəvilər dönəmində Qızılbaşlar tayfa ittifaqına qatılan Ustaclı elinin bir qolu olmuş və sonra oymaq şəklindən çıxıb müstəqil elə çevrilmişdir. Elin təşkil olunmasında Ustaclı tayfasının Kərəmpa oymağı eləcə də Qızıllı oymağı iştirak etmişdi. Kəngərli eli Naxçıvanda müstəqil xanlıq qurmuşdu. Naxçıvan vilayəti 1828-ci ildə Rusiyaya ilhaq edildikdən sonra Kəngərlilər Naxçıvanski, Zülfüqarxanov, Kəlbəlixanov və digər bu kimi qollara bölünmüşlər. Kəlbəli xanın oğlu Şeyxəli xan və vərəsələrinin əksəriyyəti Kəlbəlixanov soyadında qalmışlar. Ehsan xan Kəngərli (və ya Naxçıvanski) Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu və Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli idi.
Bu varislik prinsipi nəyə əsaslanır?
Varislik prinsipinin əsasında mülkiyyət hüququ və kapital dayanır. Çünki əksər zadəgan ailələrinin mülkiyyət hüquqları və kapitalları SSRİ dövrünə qədər qorunub saxlanılmışdır. Onlar da bütün dövrlərdə öz maddi-mənəvi resurslarını qorumaq və artırmaq üçün, xüsusi siyasi idarəetmə təcrübəsinə malik olmuşlar. Bu varislik prinsipi, ənənəvi şəkildə ötürülməklə yanaşı, həmçinin, genetik yaddaşda da müəyyən iz buraxmışdır. Məsələn, biz, ənənəvi cəmiyyətlərdə bu günədək ənənəvi istehsal formasının qorunduğunu görürük. SSRİ dövrünədək Azərbaycan şəhərlərində məhəllələrin sənətkarlıq növlərinə görə bölündüyünü görürük. Eynilə, zadəgan ailələri də ənənəvi olaraq bu cəmiyyətlərin idarə olunması ilə məşğul olmuş və bu sahədə əldə etdikləri bilik və bacarıqlarını öz övladlarına ötürmüşlər.
Zadəgan ailələrində böyüyən uşaqlar digərlərindən fərqli olaraq, daha yüksək təhsil almaq imkanlarına sahib idilər. Bir çox xan və bəylər öz övladlarının təlim-tərbiyə olunması üçün, onlara fərdi müəllimlər tuturdular. Adətən, bu müəllimlər uşaqlara ərəb və fars dillərini, ilahiyyatı, klassik ədəbiyyatı və bəzi dünyəvi elmləri öyrədirdilər. XIX əsrin ortalarından xan və bəylər öz oğlan övladlarını dövrün tələblərinə uyğun şəkildə təhsil almaları üçün, Rusiyada və Avropa ölkələrinə göndərirdilər. Həmçinin, xanlar, öz övladlarından ən az birini təhsil almaq və xanlığa varis bir şəxs kimi yetişdirmək üçün, çar hökumətinə əmanət verirdilər (rus dilində “amanat” sözü də buradan irəli gəlmişdir). Bu siyasət, xanları çar hökumətindən asılı vəziyyətdə qalmasını, onların nəzarət altında saxlanılmasını və onlara istənilən zaman təzyiq edilməsini təmin edirdi. Buna görə də, bir çox zadəgan ailələrinin övladları daha savadlı, intellektual və müasir Avropa dəyərlərinə yiyələnən insanlar kimi yetişirdilər.
Rusiyada və Tiflisdə təhsil alan zadəgan övladları öz geyim, düşüncə və davranışları ilə nəinki sadə xalqdan, hətta, öz valideynlərindən seçilirdilər. Onlar, çar ordusunda xidmət edən zabitlər və dövlət aparatında çalışan məmurlar kimi, adətən xidməti hərbi geyimlərində olur, avropasayığı geyinir və bununla yanaşı, xalq arasına bəzən ənənəvi milli “vəznəli çuxa” geyimindən də istifadə edirdilər.
XIX əsrdə əksər zadəgan ailələrinə diqqət yetirəndə görürük ki, onların bir çoxu Çar Rusiyasının yüksək rütbəli zabitləri olmuş və rus-avropa mədəniyyətinə inteqrasiya olunmuşlar. Onlar, ərəb, fars, türk dillərini, türk-müsəlman mədəniyyətini bilməklə yanaşı, həmçinin, rus və avropa dillərini öyrənmiş, maarifçilik ideyalarına yiyələnmişlər. Lakin, zaman geçdikcə zadəgan övladları ənənəvi mədəniyyətdən uzaqlaşmış və daha çox rus-avropa mədəniyyətinə yaxınlaşmışlar.
Çar Rusiyası dövründə sadə bir kəndlinin zadəgan ailələrinin funksiyasını yerinə yetirməsi mümkün deyildir. Çünki onun buna əsas verən bilik və təcrübəsi yox idi. Onları əldə etmək üçün, onun zadəgan övladları kimi, Tiflisdə və Peterburqda təhsil alması lazım idi. Bu isə, mümkün deyildi. Çünki buna onun maddi imkanları yol vermirdi, həm də çar hökuməti buna izin verməzdi. Buna görə də, onun zadəgan ailələrinə itaət etməkdən və öz işi ilə məşğul olmaqdan başqa çıxış yolu yox idi. Əgər o, xüsusi bir istedad olardısa, zadəgan ailəsinə xidmətdə daha yüksək vəzifəyə layiq görülə bilərdi. Çünki hakimiyyət sistemi elə qurulmuşdu ki, zadəgan ailələri çar hökumətinə, rəiyyət isə zadəganlara xidmət etməli idi. Bu sistemə xidmətdə dayanan din xadimləri də, onun ədalətli olduğunu dini-ideoloji xütbələri ilə əsaslandırmağa çalışmalı idilər. Bütün bunların yerinə yetirilməsi üçün, əhalini islam dininin mahiyyətindən uzaqlaşdırıb, onun formal mərasimçilik atributlarına aludə edilməsi və təfəkkürün inkişafına yönələn keyfiyyətli təhsildən uzaqlaşdırılması gərəkirdi. Belə bir mühitdə sadə rəiyyətin “işıq yolu” görünmürdü. Bolşeviklər, çar sisteminin bu zəif nöqtəsini ortaya qoyaraq, onu hədəf seçdilər. Sosializmin qələbə çalmasının əsas səbəblərindən birini burada axtarmaq lazımdır.
SSRİ dövründə zadəgan ailələrinin böyük bir qismi mühacirət etdi, yerdə qalanların bir çoxu resressiya qurbanı oldular. Əslində, bu, bolşevik və ermənilərin azərbaycan xalqına vurduğu ən böyük zərbə oldu. Onlar zadəganlığın varislik prinsipini ortadan qaldırmağa və yox etməyə çalışdılar. Çünki bu insanlar nə qədər öz şəxsi mənafelərini qorusalar da, öz varlıqları ilə Azərbaycanı inkişafa aparan avanqard güc idilər. Onlar, müasir təhsil səviyyəsi, dünyagörüşü, bacarıq və təcrübələri ilə sadə xalqdan bir neçə pillə üstün olmuşlar. Lakin, SSRİ dövründə mühacirət, repressiyalar bu ənənəni demək olar ki qırdı. Çünki onların azlıqda qalan varisləri də özlərini əsasən mədəniyyət sahəsində reallaşdıra bildilər. Azərbaycan xalqının SSRİ dövlətinin assimlyasiya siyasətinin (sovet vətəndaşı) qurbanına çevrilməməsi və öz identikliyini qoruyub saxlaması, milli mədəniyyətin qorunub saxlanılması ilə mümkün oldu.
SSRİ dövründə sinfi təbəqələşmənin, gender bərabərsizliyinin aradan götürülməsi və bütün əhalinin icbari təhsilə cəlb olunması prosesi, cəmiyyətdə sosial mənşəyindən asılı olmayaraq, görkəmli şəxsiyyətlərin meydana çıxmasına səbəb oldu. Sadə xalq arasından meydana çıxan görkəmli şəxsiyyətlər Azərbaycanın inkişafında mühüm rol oynadılar. Bu bir daha göstərdi ki, insan resurslarının effektivliyi genetik deyil, əsasən sosial ədalət məsələsi ilə bağlıdır.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru