“Baku Open” Beynəlxalq Şahmat Festivalında 10 ölkədən 900-dən çox şahmatçı iştirak edib
Bakı Kristal Zalın Sərgi mərkəzində Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, AŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov bildirib ki, yarışın yüksək səviyyədə təşkili ilə yanaşı, bu festival Azərbaycanın beynəlxalq şahmat ailəsində mövqeyinin daha da möhkəmləndiyini göstərdi. Onun sözlərinə görə, müxtəlif ölkələrdən gəlmiş güclü şahmatçıların iştirakı rəqabəti artırdı və gənc idmançılar üçün dəyərli təcrübə qazandırdı.
Ardınca 2023-cü ildən bəri keçirilən “Baku Open”ə həsr olunan videoçarx nümayiş etdirilib.
Gənclər və idman naziri Fərid Qayıbov turnirdə uşaq şahmatçıların da mübarizə apardığını, bunun sevindirici hal olduğunu söyləyib. Nazir AŞF-nin hər il möhtəşəm işlər gördüyünü də diqqətə çatdırıb.
Sonra 2026-cı il üçün dünyanın idman paytaxtı seçilən Bakı ilə bağlı video təqdim olunub.
Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, iki qardaş ölkə arasında şahmat sahəsində əlaqələr ildən-ilə daha da genişlənir.
FIDE-nin prezidenti Arkadi Dvorkoviç Azərbaycanın beynəlxalq şahmat ailəsində xüsusi yer tutduğunu vurğulayıb. Onun sözlərinə görə, “Baku Open” kimi festivallar dünya şahmatının inkişafına töhfə verir, müxtəlif ölkələrdən olan şahmatçıları bir araya gətirərək rəqabət və dostluq mühitini gücləndirir.
Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən çox şahmatçı iştirak edib. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dolları olub.
21:31 06.05.2026
Oxunuş sayı: 47