Kiyevə ZƏRBƏ XƏBƏRDARLIĞI: Rusiya hədəsinə Zelenski sərt cavab verdi
Rusiya Kiyevə mümkün zərbələrlə bağlı xəbərdarlıq edib, Ukrayna prezidenti Volodimir Zelenski isə buna reaksiya verərək ölkəsinin mövqeyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qələbə Günü tədbirlərinə qarşı mümkün təxribat olacağı təqdirdə Kiyevin mərkəzinə cavab zərbələrinin endirilə biləcəyini bəyan edib. Nazirlik paytaxtda yaşayan mülki şəxslərə və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarına şəhəri tərk etməyi tövsiyə edib.
Qeyd olunub ki, bu cür imkanlar mövcud olsa da, indiyədək Kiyevin mərkəzinə zərbələr humanitar səbəblərdən həyata keçirilməyib.
Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyi də diplomatlara çağırış edərək mümkün eskalasiya fonunda Kiyevi tərk etməyi məsləhət görüb. Nazirliyin sözçüsü Mariya Zaxarova bildirib ki, potensial hədəflər arasında qərar qəbuletmə mərkəzləri də ola bilər.
Rəsmi Moskvanın bu açıqlamaları fonunda Zelenski Rusiyanı atəşkəs təklifinə cavab verməməkdə ittiham edib. O bildirib ki, buna baxmayaraq, Rusiya Ukraynanın müxtəlif bölgələrinə hücumları davam etdirir.
Zelenskinin sözlərinə görə, son zərbələr Donbas, Xarkov, Dnepropetrovsk, Sumı, Çerniqov, Zaporojya və Xerson vilayətlərində qeydə alınıb.
Ukrayna lideri vurğulayıb ki, ölkəsi bu hücumlara adekvat cavab verəcək və növbəti addımlar vəziyyətə uyğun müəyyən ediləcək.
“Rusiya o həddə çatıb ki, onların paradı belə bizim addımlarımızdan asılı vəziyyətə düşüb. Bu isə aydın siqnaldır: müharibəyə son qoyulmalıdır”, – deyə Zelenski bildirib.
23:25 06.05.2026
Oxunuş sayı: 53