Yeni yaranmış geopolitik nizamda Türkiyənin rolu artmaqdadır - RƏY

Bildiyimiz kimi, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Türkiyədə rəsmi səfərdədir. Bu səfər, iki ölkə arasında mövcud olan sıx əlaqələrin daha da gücləndirilməsi məqsədi daşıyır. Görüşlər çərçivəsində iqtisadi-ticarət əlaqələrinin artırılması, enerji və infrastruktur layihələrinin inkişaf etdirilməsi, eləcə də Türkiyənin “3+3” əməkdaşlıq platformasına Gürcüstanın qoşulması kimi məsələlər müzakirə olunacaq. Bundan əlavə, regional təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində yeni təşəbbüslərin və diplomatik dialoqun intensivləşdirilməsi də gündəmə gətirilir. Bu səfərin nəticəsində iki ölkə arasında qarşılıqlı etimadın və strateji əlaqələrin möhkəmlənməsi, həmçinin regionda sabitliyin təmin olunması istiqamətində yeni addımların atılması gözlənilir. Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da Türkiyədə idi.
Bəs regionda hələlik ictimaiyyətə açıqlanmayan hansı dinamika müşahidə olunur?
Baş verən proseslərə bağlı Crossmedia.az-a danışan politoloq Turab Rzayev bildirib ki, hazırkı dövr dünyada siyasi qeyri-sabitlik dövrü kimi xarakterizə olunur: “Burda biz qlobal yenidənqurma, dünya nizamının yenidən formalaşmasının fərqli əlamətlərini görürük. ABŞ faktiki olaraq Rusiya ilə danışıqlarda iştirak edir, Avropa İttifaqını (Aİ) tamamilə oyundankənar vəziyyətə salıb. Biz Aİ ilə danışıqlarda ABŞ-nin iştirak etmədiyini, Avropanın özünü müdafiə etməli olduğunu, öz ordusunu qurmalı olduğunu eşidirik. Hətta BMT-də sonuncu səsvermədə çox qəribədir ki, ABŞ və İsrail Rusiya əleyhinə Ukrayna işğalı ilə bağlı verilən qətnaməyə səs verib. İran isə Rusiyanın ənənəvi müttəfiqi olmasına baxmayaraq, bu məsələdə neytral qalıb. Türkiyə də Rusiyanın təcavüzünə qarşı olan qətnaməni təsdiqləyib”.
Onun sözlərinə görə, Aİ ilə ABŞ arasında getdikcə münasibətlərin gərginləşməsi yeni bir reallıq yaradır: “Artıq vahid qərb cəbhəsi, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin işlətdiyi kollektiv qərb anlayışı yoxdur. Faktiki olaraq burda Böyük Britaniya, Avropa İttifaqı, ABŞ fərqli mövqelərdən çıxış edir. Belə bir dövrdə Türkiyənin regional və qlobal mövqeyi, həmçinin , oyunçuluq qabiliyyəti artır. Fərqli ölkələr çalışır ki, Türkiyənin mövqeyinə yönəlsinlər və hansısa şəkildə “qatı lizinqlərdən” çıxmağı bacarsınlar.
Mütəxəssis bildirib ki, Lavrovun səfərinin əsas səbəbi həm Suriyada sülh bazasının qalması ilə bağlı Türkiyəyə münasibət bildirmək, həm də Rusiya-ABŞ arasında sülh sazişi, Ukrayna məsələsi ilə bağlı Türkiyənin mövqeyini öyrənmək istəyir.
“İndiki halda Rusiya üçün bu çox vacibdir. Digər bir tərəfdən Azərbaycan və Gürcüstan Türkiyəni bölgədə yeganə sabit liman kimi görür. ABŞ-nin isə artıq nə edəcəyi bizə bəlli deyil. Gürcüstanda və Azərbaycanda qərblə bağlı problemlər var, qərb mövqeyindən təzyiqlərə məruz qalırlar. Ona görə də Türkiyənin mövqeyi hər iki ölkə üçün çox əhəmiyyətlidir. Eyni zamanda, Ukrayna müharibəsinin gələcək taleyi ilə bağlı Avropa İttifaqı böyük ehtimal Türkiyənin mövqeyini bilmək istəyir və buna görə müəyyən düzəlişlər etməli olacaq. Bu yeni yaranmış geopolitik nizamda Türkiyənin rolu tamamilə artmaqdadır və bütün dövlətlər çalışır ki, Türkiyənin mövqeyini öyrənib ona uyğun çalışsınlar”,- deyə o fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
17:33 27.02.2025
Oxunuş sayı: 14069