Kim Çen In ölsə, hakimiyyətə o gələcək
Cənubi Koreya ilə Şimali Koreya arasında sərhəd boyunca hərbi fəallıqla bağlı qarşılıqlı təhdidlər və ittihamlar yenidən gündəmə gəlib. Cənubi Koreya Pxenyanın sərhəd bölgəsində əlavə hərbi qüvvə və silahlar yerləşdirmək niyyətinə sərt reaksiya verərək, belə addımların atılacağı təqdirdə qəti cavab tədbirləri görüləcəyini bəyan edib. Xarici medianın Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, rəsmi Seul Şimali Koreyanın sərhəddə taktiki hücum silahları yerləşdirmək və səsgücləndiricilər vasitəsilə yayımları bərpa etmək planlarından narahatdır. Tərəflər arasında artan gərginlik Koreya yarımadasında mümkün hərbi toqquşma riskini yenidən diqqət mərkəzinə gətirib.
Politoloq Şakir Ağayev Crossmedia.az-a açıqlamasında bildirib ki, Şimali və Cənubi Koreya arasında müntəzəm olaraq belə hadisələr baş verir: "Şimali Koreyanın tez-tez raket sınaqları keçirməsi və sərhəd məsələləri tərəflər arasında gərginliyə səbəb olur. Hər hansı bir bəyanat və ya qeyri-adekvat addım mövcud gərginliyi daha da artıra bilər. Bununla belə, hesab etmirəm ki, hazırkı vəziyyət müharibə səviyyəsinə gətirib çıxaracaq. Çünki Şimali Koreyanın müharibəyə başlamaqda maraqlı olduğunu düşünmürəm. Əgər Şimali Koreya dövlət kimi öz gücünü göstərmək istəyirsə, bu cür addımları da məhz həmin məqsədlə atır. Demək olar ki, il ərzində dəfələrlə iki Koreya arasında bu cür hadisələr baş verir. Artıq belə hallar müəyyən mənada adi vəziyyətə çevrilib. Buna görə də proseslərin sonda müharibəyə gətirib çıxara biləcəyini düşünmürəm".

Politoloq əlavə edib ki, bu region Asiya-Sakit okean hövzəsində yerləşir və burada ABŞ-nin də maraqları var: "Hazırda Avropada Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə isə İran və ABŞ arasında hərbi qarşıdurma mövcuddur. Əgər Asiya-Sakit okean regionunda müharibə başlayarsa, vəziyyət daha da mürəkkəbləşər. Çünki bu regionda Yaponiya, Çin, Hindistan və digər böyük dövlətlər var. Ona görə də hesab etmirəm ki, hazırkı gərginlik genişmiqyaslı müharibəyə gətirib çıxarsın. Məncə, bu, daha çox tərəflərin bir-birinə hədə-qorxu gəlməsi, öz gücünü nümayiş etdirməsi ilə bağlıdır. Baş verənləri bir növ güc nümayişi kimi qiymətləndirmək olar. Bunu müharibə adlandırmazdım və genişmiqyaslı müharibə ehtimalını da az hesab edirəm. Şimali Koreya lideri Kim Çen Inın səhhətinin pisləşməsi və bunun ölkə daxilində hakimiyyətlə bağlı münasibətlərə təsiri məsələsinə gəldikdə isə, hesab etmirəm ki, bu amil hansısa ciddi nəticələrə gətirib çıxara bilər. Biz dəfələrlə şahidi olmuşuq ki, Kim Çen Inın səhhətinin pisləşməsi və vəziyyətinin ağır olması ilə bağlı müxtəlif məlumatlar yayılıb. Onun səhhəti ilə bağlı belə xəbərlər ortaya çıxanda ölkə daxilində hakimiyyətlə əlaqəli müəyyən proseslərin getdiyi ehtimal edilir. Lakin bir müddət sonra Kim Çen In yenidən ictimaiyyət qarşısına çıxır və hakimiyyətini davam etdirir".
Politoloq qeyd edib ki, Kim Çen Inın bir bacısı olduğunu da nəzərə almaq lazımdır: "Onun bacısı Kim Yo Conq Şimali Koreya liderinin ən etibar etdiyi şəxslərdən biridir və ölkənin idarə olunması ilə bağlı bir sıra məsələlərdə mühüm rol oynayır. Orada hakimiyyət sistemi elə qurulub ki, hətta gözlənilməz vəziyyət yaransa belə, hakimiyyətin kimə ötürüləcəyi və ölkəni kimin idarə edəcəyi ilə bağlı müəyyən planların olması mümkündür. Bununla belə, Kim Çen Inın səhhətində problemlər olsa da, onun yaxın müddətdə hakimiyyətdən gedəcəyini düşünmürəm. Hətta səhhəti ciddi şəkildə pisləşərsə belə, bunun dərhal ictimaiyyətə açıqlanacağını güman etmirəm. Çünki Şimali Koreya qapalı ölkədir və hakimiyyət bu cür məsələlərlə bağlı məlumatları ciddi şəkildə nəzarətdə saxlayır. Çox güman ki, hakimiyyət daxilində müəyyən razılıq əldə olunana, Kim Çen Inı əvəz edəcək şəxslə bağlı qərar verilməyənə qədər bu barədə açıq məlumat verilməz. Ona görə də Kim Çen Inın səhhəti ilə bağlı məsələlərin Koreya yarımadasındakı hərbi-siyasi vəziyyətə hər hansı ciddi formada təsir edəcəyinə inanmıram. Şimali Koreyanın qapalı ölkə olduğunu, orada əsas qərarların bir nəfər və bir ailə ətrafında cəmləşdiyini nəzərə alsaq, hakimiyyət daxilində ciddi dəyişikliklərin baş verməsi ehtimalını yüksək qiymətləndirmirəm. Bu, mahiyyət etibarilə, ailə hakimiyyətinə əsaslanan bir rejimdir və belə sistemlərdə hakimiyyətin davamlılığını qorumaq üçün müəyyən mexanizmlərin mövcud olması mümkündür. Bununla belə, Koreya yarımadasında tərəflər arasında qarşılıqlı xəbərdarlıqlar, təhdidlər və güc nümayişləri daim baş verir. Şimali Koreya hər dəfə raket sınağı keçirdikdə Yaponiya və digər ölkələr buna etirazlarını bildirirlər. Beynəlxalq ictimaiyyət də bu addımlara münasibətini ortaya qoyur. Lakin indiyədək bu cür hadisələr hər dəfə genişmiqyaslı eskalasiyaya səbəb olmayıb. Ona görə də hesab etmirəm ki, hazırkı vəziyyət də mütləq şəkildə ciddi eskalasiyaya və ya müharibəyə gətirib çıxarsın. Mövcud vəziyyət fonunda əsas sual tərəflər arasında gərginliyin diplomatik yollarla azaldılmasının mümkün olub-olmaması və hərbi qarşıdurma riskinin hansı həddə çatmasıdır".
Fəridə Yaşarqızı
16:00 20.10.2026
Oxunuş sayı: 44