Ukraynadan Rusiya ilə danışıqlara çağırış
Ukrayna ordusunun hələ müqavimət göstərmək imkanları olduğu müddətdə Kiyev Rusiya ilə danışıqları bərpa etməlidir.
Crossmedia.az xəbər verir ki, "RBK-Ukrayna" nəşri bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkoya istinadən məlumat yayıb.
Deputat bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə müqaviməti davam etdirməsi ölkəyə Rusiya ilə danışıqlar aparmaq imkanı yaradır.
"Bu gün silahlı qüvvələrimizin gördüyü işlər sayəsində biz Rusiya Prezidenti Vladimir Putinlə müəyyən məsələlər üzrə razılığa gələ bilərik", – deyə Qonçarenko vurğulayıb.
Onun sözlərinə görə, cəbhə xəttinin çökməsi halında Rusiya tərəfi Kiyevlə danışıqlar aparmaqda maraqlı olmayacaq.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna ilə danışıqlarda legitim hakimiyyət nümayəndəsinin iştirakını vacib hesab etdiyini açıqlayıb.
"Bizim üçün vacibdir ki, bu, müharibənin başa çatdırılması üçün məsuliyyəti üzərinə götürməyə və zəruri qərarlar qəbul etməyə hazır olan legitim hakimiyyət nümayəndəsi olsun", – deyə Peskov bildirib.
14:46 20.10.2026
Oxunuş sayı: 101