Yaşadığı halda ölü elan edildi- 53 yaşlı kişinin inanılmaz hekayəsi
Hindistanda 53 yaşlı kişi rəsmi sənədlərdə ölmüş şəxs kimi qeydə alındığı üçün sağ olduğunu sübut etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, 53 yaşlı Kamta Prasad sağ olmasına, işləməsinə və dörd nəfərlik ailəsini dolandırmasına baxmayaraq, seçici siyahısında vəfat etmiş şəxs kimi qeydiyyata alınıb.
Vəziyyətdən xəbər tutan kişi səhvin düzəldilməsi üçün müxtəlif dövlət qurumlarına müraciət etməyə başlayıb. Bu səbəbdən o, gündəlik qazancından da məhrum olub.
Kamta Prasad bildirib ki, seçici siyahısından çıxarıldığı üçün artıq seçkilərdə səs verə bilmir.
"Mən onlara 35 ildir səs verdiyimi söylədim, amma heç kim məni dinləmir", – deyə o şikayətlənib.
Kişi sənədlərdə belə bir səhvin necə baş verdiyini bilmədiyini qeyd edib.
Məlumata görə, onun yaşadığı rayonda təxminən 9 min nəfərdən 2 mini yaşayış yerində olmayan, köçmüş, vəfat etmiş və ya başqa ərazidə qeydiyyata alınmış şəxs kimi siyahıya salınıb.
Hindistanın Seçki Komissiyası isə seçici siyahılarından təkrar qeydiyyatların, vəfat etmiş və yaşayış yerini dəyişmiş şəxslərin çıxarıldığını bildirib.
Qurum səhvən siyahıdan çıxarılan vətəndaşlara müvafiq sənədlərlə müraciət etməyi və qərardan şikayət verməyi tövsiyə edib.
Lakin bu proses ciddi bürokratik çətinliklərlə müşayiət olunur. Vətəndaşlar sağ olduqlarını, yaşayış yerlərini və seçici hüquqlarını təsdiqləmək üçün müxtəlif sənədlər təqdim etməli, çoxsaylı dinləmələrdə iştirak etməli olurlar.
Bəzi şəxslərə isə əvvəlki qeydiyyatlarının bərpası əvəzinə yeni seçici kimi qeydiyyatdan keçmək təklif olunur.
"Reuters"in məlumatına görə, seçici siyahılarının yenilənməsi çərçivəsində Hindistan üzrə təxminən 130 milyon ad siyahıdan çıxarılıb. Bu proses ölkədə etirazlara səbəb olub. Müxalifət nümayəndələri qərarların hakim partiyanın xeyrinə qəbul edildiyini iddia etsələr də, Seçki Komissiyası və hakim partiya ittihamları rədd edirlər.
14:55 20.10.2026
Oxunuş sayı: 217