ABŞ, Rusiya və Çin arasında tarixi görüş baş tuta bilər
ABŞ, Rusiya və Çin dünyanın ən güclü nüvə dövlətləri kimi qarşılıqlı dialoqu davam etdirməlidirlər.
Crossmedia.az xəbər verir ki, "Fox News" telekanalı ABŞ-nin dövlət katibi Marko Rubionun bu barədə açıqlamasını yayıb.
Rubio bunu Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində mümkün üçtərəfli görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, dünyanın üç güclü nüvə dövlətinin liderləri arasında birbaşa danışıqların aparılması beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
"Dünyanın ən güclü üç nüvə dövlətinin liderlərinin bir-biri ilə danışmaq zərurəti təəccüblü deyil. Bu, bir fürsətdir və Prezident Tramp ABŞ, Rusiya və Çinin liderlər səviyyəsində, məsələn, silahlara nəzarət məsələsi üzrə əsaslı müzakirələr aparmasına hazır olduğunu nümayiş etdirib", – deyə Rubio vurğulayıb.
Dövlət katibi əlavə edib ki, üç ölkə arasında belə bir dialoq bütün dünya üçün müsbət addım ola bilər.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putin, Tramp və Si Cinpin arasında mümkün üçtərəfli görüşlə bağlı hələlik konkret razılaşma əldə olunmadığını bildirib.
16:04 20.10.2026
Oxunuş sayı: 89