CROSSMEDIA - ABŞ aldadılır: "Zelenski gerçəkləri Trampın üzünə deyəcək"
Amerika

ABŞ aldadılır: "Zelenski gerçəkləri Trampın üzünə deyəcək"

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir  Zelenski ilə qalıq yanacaqlarla bağlı saziş imzalamaq üçün görüşə bilər. Zelenskinin bu həftə və ya gələn həftə ABŞ-yə səfəri gözlənilir.

Məlum olduğu kimi, fevralın əvvəlində Tramp Vaşinqtonun Ukraynadan nadir torpaq metalları almaqda maraqlı olduğunu bəyan etmişdi. Fevralın 12-də ABŞ-nin  maliyyə naziri Skott Bessent Kiyevdə mineral ehtiyatlarla bağlı sazişin mətnini Zelenskiyə təqdim edib.

Lakin Ukrayna lideri təklif olunan variantda təhlükəsizlik təminatlarının olmadığını əsas gətirərək nə Bessentlə görüşdə, nə də daha sonra Münhendə ABŞ-nin  vitse-prezidenti Ceyms Devid Vens ilə görüşdə sənədi imzalamayıb.

Buna baxmayaraq, fevralın 21-də ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, Zelenskinin yaxın vaxtlarda ABŞ ilə müqavilə imzalayacağını bildirib.

Ukrayna və ABŞ arasında mineral ehtiyatlarla bağlı yeni razılaşma: Tramp-Putin görüşündən öncə mühüm addım

Bu barədə Crossmedia.az-a danışan siyasi ekspert Natiq Miri Ukrayna ilə ABŞ arasında yeraltı mineral ehtiyatlarla bağlı razılaşmanın əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, bu görüş yalnız iqtisadi məsələləri deyil, həm də Rusiya- Ukrayna müharibəsinin mümkün həll yollarını müzakirə etmək baxımından vacibdir: “Bu razılaşma Ukraynanın xeyrinə işləyə bilər. Trampla Zelenski arasında görüş  Ukraynanın xeyrinə olacaq. Çünki  Tramp Rusiya Prezidenti Vladimir Putindən əvvəl Ukrayna lideri ilə görüşmüş olacaq. Bu, Kiyevin ABŞ-nin yeni administrasiyasına öz mövqeyini daha dəqiq izah etməsi üçün fürsət yaradacaq. Nəzərə almaq lazımdır ki, Trampın ətrafında Rusiya tərəfdarları az deyil.  Onlar Trampı çaşdıra bilərlər".

N.Mirinin  fikrincə, Trampın komandasında Rusiyaya simpatiyası olan şəxslər var və bu, bəzi məsələlərin yanlış təqdim 

olunmasına səbəb ola bilər: "Trampın son açıqlamalarında Ukraynanın legitimliyinə dair bəzi yanlış fikirlər səsləndirilib. Halbuki Ukrayna prezidenti qanuni yolla, yüksək seçici dəstəyi ilə hakimiyyətə gəlib".

Politoloq Putinin müharibəni dayandırmaq  istəmədiyini də qeyd edib: " Çünki Moskva öz strateji hədəflərinə hələ çatmayıb. Rusiya bu müharibəni NATO ilə mübarizə kimi təqdim edir və əgər qalib gəldiyini elan edərsə, bu, yalnız Ukrayna üzərində deyil, bütövlükdə Qərb dünyası üzərində qalibiyyət kimi qələmə veriləcək. Bu da Moskvanın geosiyasi ambisiyalarını daha da gücləndirəcək”.

O, əlavə edib ki, Trampın Putinlə görüşmədən əvvəl Zelenski ilə müzakirələr aparması strateji baxımdan çox əhəmiyyətlidir: "Çünki bu, Ukraynanın öz mövqeyini və gerçəkləri birbaşa ABŞ rəhbərliyinə çatdırmasına imkan yaradacaq".


Fatimə Məmmədova

08:26 26.02.2025

Oxunuş sayı: 1011

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR