Avropa liderləri gecəyarısı ayağa qalxdı: Tramp Avropanın "yuxusunu qaçırıb"

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Ukrayna üzrə danışıqlara "dərhal" başlamağa razılaşdıqdan sonra Avropa prosesdə yer alıb-almayacağını düşünür.
Crossmedia.az Europe News-a istinadən xəbər verir ki, Trampın Putinlə keçirdiyi "son dərəcə məhsuldar" telefon danışığı Qərbin indiyə qədər izlədiyi xətti alt-üst edib və onu yeganə vasitəçi kimi irəli sürüb.
"Biz komandalarımızın danışıqlara dərhal başlaması barədə razılığa gəldik"- Tramp sosial mediada yazıb. Paylaşımın tonu o qədər neytral idi ki, hansı ölkənin işğal etdiyini anlamaq mümkün deyildi.
Trampın açıqlamaları onun müdafiə naziri Pit Hegsethin sözlərindən sonra gəldi. Hegseth Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını və NATO-ya üzvlüyünü "realist olmayan" hədəflər adlandıraraq sülh prosesindən çıxarılmalı olduğunu bildirdi. Bununla yanaşı, o, NATO-nun kollektiv müdafiə mexanizmi olan 5-ci maddənin Ukraynaya tətbiq edilməyəcəyini açıq şəkildə ifadə etdi ki, bu da gələcəkdə Qərb qoşunlarının bölgəyə göndərilməsini mümkünsüz edir.
Avropa bu açıqlamalardan sonra sarsıldı. İllərdir vahid mövqe nümayiş etdirən Avropa ölkələri Putin rejiminə qarşı sanksiyalar və Ukraynaya hərbi-maliyyə yardımları ilə reaksiya verirdi. Lakin Trampın Putinlə təkbətək görüşmə niyyəti, həmçinin sülh prosesini öz ətrafında cəmləşdirməsi Avropanı kənarda qoyur.
Bütün bunlara baxmayaraq, Avropa liderləri gecəyarısı verdikləri birgə bəyanatla Ukraynanın və Avropanın sülh danışıqlarında iştirak etməli olduğunu vurğuladılar. Lakin bəyanat, Avropanın həqiqətən də, danışıqlarda iştirak edəcəyinə dair heç bir zəmanət vermədi. Tramp görünür ki, yalnız üçtərəfli formatda – ABŞ, Rusiya və Ukrayna arasında prosesin irəliləməsini istəyir.
Nabat Fərzəliyeva
12:41 14.02.2025
Oxunuş sayı: 5199