Amerikalı analitiklərdən AÇIQLAMA
Amerikalı analitiklər "ArBat" batalyonunun (erməni batalyonu) təsisçisi, "DXR" Boks Federasiyasının prezidenti Armen Sarkisyanın öldürülməsi ilə bağlı yeni təfərrüatları açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
"Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, Sarqsyan 2014-cü ildə Ukraynadakı Qərbyönlü Ləyaqət İnqilabı zamanı etirazçılara qarşı zorakılığın təşkilində iştirak edib və Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın çevrəsinin üzvü olub. 2024-cü ilin dekabrında SBU Moskva şəhərində Rusiyanın Nüvə, Bioloji və Kimyəvi Müdafiə Qoşunlarının rəhbəri, general-leytenant İqor Kirillov və onun köməkçisi, mayor İlya Polikarpovu partlayıcı qurğu vasitəsilə öldürüb. Ukraynalı rəsmilər Sarqsyanın ölümü ilə bağlı şərh verməyib.
Rusiyadakı radikal sağçı "Rusiç" Diversiya-Hücum Kəşfiyyat Qrupu Sarqsyanın qətlinə reaksiya verərək, "Vətən bir ölü banditdən heç nə itirməyəcək" və Sarqsyan ilə onun "etnik mafiyasının" Rusiyaya yalnız problem yaratdığını bildirib. "Rusiç" qrupunun lideri, özünü açıq şəkildə nasist adlandıran Aleksey Milçakov və çeçen Axmat xüsusi təyinatlılarının komandiri Apti Alaudinov 2025-ci ilin yanvarında "Rusiç"in Axmat qüvvələrinə yönəlik tənqidlərindən sonra görüşüblər. Alaudinov və Milçakov bir-birilərinə dəstək nümayiş etdirərək, Rusiyadakı etnik müxtəliflik və harmoniya mesajını vurğulayıblar. Lakin "Rusiç"in Sarqsyanın ölümü ilə bağlı reaksiyası qrupun davam edən ksenofob və ultramillətçi baxışlarını ortaya qoyur və Milçakovun Alaudinovla barışığının səmimiliyini şübhə altına alır".
Qeyd edək ki, A.Sarkisyan dünən Moskvada yaşadığı binaya daxil olarkən mina ilə partladılıb.
KİV-in məlumatına görə, Sarkisyan 2014-cü ildə Ukrayna hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilib. O, həmin ilin aprelində Qorlovkada şəhər şurası və şəhər polis idarəsinin binasına hücumun təşkilatçılarından biri kimi tanınıb.
2018-ci ilin aprelində Ukrayna Baş Prokurorluğunun sorğusu əsasında Fransada saxlanılıb, lakin ekstradisiya edilməyib.
Məlumata görə, A.Sarkisyan tütün məhsullarının ən böyük təchizatçılarından biri olub. Bu baxımdan iki versiya nəzərdən keçirilir: "Ukrayna xüsusi xidmət orqanlarının iştirakı və tütün məhsulları bazarı uğrunda mübarizə".
Nabat Fərzəliyeva
15:36 05.02.2025
Oxunuş sayı: 573