CROSSMEDIA - İlham Bayramov: “Ərizə yox, SMS var”
Su ehtiyatları

İlham Bayramov: “Ərizə yox, SMS var”

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov “Su şəbəkəsinə qoşulma” işçi qrupunun bu gün keçirilən növbəti iclasında su şəbəkəsinə qoşulma prosesində tətbiq olunan yeni qaydalar və elektronlaşdırılmış sistem barədə məlumat verib.

Crossmedia.az xəbər verir ki, o, bu islahatlar su təchizatı xidmətlərinə çıxışı sadələşdirərək vətəndaşlara daha rahat və şəffaf imkanlar təqdim etdiyini  bildirib. 

Yeni qaydalara əsasən, həm fiziki, həm də hüquqi şəxslər, yəni məişət abonentləri və ya qeyri-yaşayış obyektlərinin sahibləri, su təchizatı sisteminə qoşulmaq üçün ilk olaraq “E-Su” portalında qeydiyyatdan keçirlər. Qeydiyyat zamanı şəxsi elektron kabinet formalaşır və prosesin bütün mərhələləri həmin kabinetdə izlənilə bilir. Müraciət qəbul edildikdən sonra istifadəçiyə SMS vasitəsilə məlumat göndərilir və sistemdə mərhələlər üzrə irəliləyiş barədə bildirişlər təqdim edilir.

İ.Bayramov bildirib ki, qoşulma prosesi zamanı müraciət edən şəxsin obyektinin yerləşdiyi ərazi ilə bağlı məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və müvafiq rayon icra hakimiyyətlərinə göndərilir. Bu qurumlar müraciətə cəmi üç gün ərzində rəy verməlidir. Əgər bu müddət ərzində rəy təqdim olunmazsa, müraciət avtomatik təsdiqlənmiş sayılır.

Prosesdə 19 dövlət qurumu, o cümlədən ayrı-ayrı nazirliklər və xidmət təşkilatları iştirak edir. Bu qurumlar arasında inteqrasiya edilmiş sistem vasitəsilə məlumat mübadiləsi aparılır və razılaşmalar təmin edilir.

Su təchizatı sisteminə qoşulma prosesində bütün xərclər Tarif Şurasının təsdiq etdiyi tariflər əsasında hesablanır. Məişət abonentləri üçün 30 metrə qədər məsafədə olan boru xətlərinin çəkilməsi və qoşulma nöqtəsinin təmin edilməsi işləri tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

Sədr müavini qeyd edib ki, əvvəlki illərdə vətəndaşlar bu prosesi həyata keçirmək üçün müxtəlif qurumlara şəxsən müraciət edərək uzun müddət gözləməli olurdular. Yeni sistem sayəsində isə müraciətçilər sadəcə bir dəfə onlayn formada qeydiyyatdan keçməklə 30 gün ərzində qoşulmanı tamamlaya bilirlər.

İ.Bayraov əlavə edib ki, su təchizatı sisteminə qoşulma üçün obyektin mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim edilməsi vacibdir. Məişət obyektləri üçün torpaq sahəsinin və ya yaşayış binasının mülkiyyət sənədi tələb olunur. Qeyri-yaşayış obyektləri üçün isə şəhərsalma və tikinti məcəlləsinin tələblərinə uyğun olaraq tikinti icazəsi təqdim edilməlidir.

Yeni qaydalar sayəsində vətəndaşlarla dövlət qurumları arasında təmas minimuma endirilib. Proses tam şəffaf şəkildə elektron sistem vasitəsilə aparılır və vaxt itkisinin qarşısı alınır. İlham Bayramov bildirib ki, bu islahatlar vətəndaşların həyatını asanlaşdırmaqla yanaşı, dövlət xidmətlərinin keyfiyyətini də artırır.

Yeni elektron sistem su təchizatına qoşulma prosesini sürətləndirərək vətəndaşlar üçün maksimum rahatlıq təmin edir. ADSEA rəhbərliyi qeyd edib ki, bu yeniliklər Azərbaycan  su təchizatı sahəsində ən müasir standartlara cavab verən bir sistem formalaşdırır.

Maral Şahverdili

Nihat Tahirov

16:35 30.01.2025

Oxunuş sayı: 1835

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR