CROSSMEDIA - Trampdan tapşırıq:"Aprelin 20-nə qədər Rusiya - Ukrayna arasında atəşkəs..."
Amerika

Trampdan tapşırıq: "Aprelin 20-nə qədər Rusiya - Ukrayna arasında atəşkəs..."

ABŞ Krıma görə Rusiya ilə müharibə etməyəcəyini bildirib. Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib. O, Ukraynanın bu ərazilərinin uzun müddət Rusiyanın nəzarətində qalacağını vurğulayıb və bu səbəbdən dünyanın Rusiyayla savaşmağa hazır olmadığını bildirib.

ABŞ-nin Krım məsələsi ilə bağlı mövqeyi son dövrlərdə daha da dəqiqləşir. Dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli rəsmilərin açıqlamaları Vaşinqtonun Rusiya ilə müharibə etmək niyyətində olmadığını göstərir. Bu mövqe xüsusilə ABŞ-nin xarici siyasətindəki strateji yanaşmaların və müttəfiqləri ilə əlaqələrinin necə tənzimlənəcəyini müəyyən edir. ABŞ-nin Krım və digər münaqişə zonalarında Rusiyaya qarşı sərt hərbi addımlar atmaq əvəzinə, diplomatik danışıqlar və kompromislərə üstünlük verəcəyi bəlli olub.

M.Rubionun açıqlamasının səbəbi, ABŞ və Rusiya münasibətləri barədə Crossmedia.az-a Milli Məclisin deputatı, professor Elman Nəsirov açıqlama verib.


Deputatın sözlərinə görə, Marko Rubio, ABŞ tarixindəki 72-ci Dövlət Katibidir: “Onu, xüsusilə ölkəsinin Krıma görə Rusiya ilə müharibə etməyəcəyi barədəki fikirləri təəccüblü deyil. Bu, Donald Tramp və onun vitse-prezidenti Ceyms Devid Vensinin açıqlamaları ilə uyğun gəlir, çünki onlar əsas məqsədin müharibənin dayandırılması olduğunu vurğulayıblar. Lakin bu addımın atılacağı şərtlər hələ də müzakirə mövzusudur”.

E.Nəsirov qeyd edib ki, müzakirələrdə Ukraynaya qarşı bir sıra tələblər irəli sürülüb: “Birincisi, Ukrayna yaxın 10-20 il ərzində NATO üzvü olmayacaq. İkincisi, Ukrayna nüvə silahına malik olmayacaq. Eyni zamanda, Rusiyanın ilhaq etdiyi ərazilərlə bağlı qərarlar müzakirə edilməyib, yəni həmin ərazilərin geri qaytarılması məsələsi gündəmə gətirilməyib. Lakin Ukraynadan tələblər var ki, o, bu əraziləri tanımamalı və onların geri qaytarılması ilə bağlı hər hansı iddialarını gizlətməməlidir”.

Professor söyləyib ki, Marko Rubio Latın Amerikalı mənşəli bir şəxsdir və bütün addımları Donald Trampla məsləhətləşərək atır: “Tapşırıqlar da Rusiya ilə danışıqlara başlamağa yönəlib. Yanvarın sonu və fevralın əvvəllərində Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı etməsi gözlənilir. Mart ayına qədər isə Tramp, Zelenski və Putin arasında üçtərəfli bir görüş keçirilə bilər. Bu görüşdə ya Tramp güclü bir müzakirə təşkil edəcək, ya da Zelenski və Putin ayrı-ayrılıqda görüşəcəklər. Ən önəmli məsələ isə 20 aprelə qədər atəşkəs əldə etməkdir. 9 mayda isə Trampın prezidentliyinin 100-cü günü tamamlanacaq və bu dövrdə sülh müqaviləsinin imzalanması gözlənilir”.

Onun fikrincə, Marko Rubio, Rusiyaya qarşı müharibə və ya ciddi toqquşmaların deyil, kompromisin əldə olunmasının önəmli olduğunu ifadə edib: “Əgər Rusiya hərbi kompromisə razı olmazsa, sanksiyaların artırılması kimi tədbirlər gündəmə gələ bilər. Bu günkü vəziyyətdə, Zelenski administrasiyası və Aİ narahatdırlar ki, Tramp Ukrayna məsələsini Zelenski və Aİ olmada, birbaşa Putinlə həll etsin. Xüsusilə, Trampın 20 yanvarda keçirilən inauqurasiya mərasimində Zelenskinin və Fransa Prezidenri Emmanuel Makronun dəvət almaması ciddi siyasi gərginlik yaradıb”.

 

Fidan Hacızadə 

14:55 28.01.2025

Oxunuş sayı: 3869

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR