Endirim adı ilə müştəriləri bu vəziyyətə saldılar: “TamStore”dakı görüntülər gündəm oldu
“TamStore” marketlərindən birində çəkilən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Videoda çoxsaylı müştərinin marketin içərisində növbə gözlədiyi, anbarda olan əməkdaşların isə onlara düyü payladığı görünür. Hətta kadrlardan birində düyü torbalarından birinin müştərilərin üzərinə atıldığı da əks olunur.
Maraqlıdır, düyü Azərbaycan mədəniyyətində bərəkət və bolluq rəmzi hesab edildiyi halda, onu müştərilərin üzərinə atmaq hansı yanaşmanın nəticəsidir? Endirimli məhsula tələbatın çox olması insanları bu cür vəziyyətə salmağa əsas verirmi?
Əgər məqsəd düyünü endirimlə satmaqdırsa, bunun ən adi və mədəni yolu məhsulu satış rəflərinə yerləşdirmək, müştərilərin də digər ərzaqlar kimi onu seçib almasına şərait yaratmaqdır. Bəs niyə məhsul rəflərə qoyulmur, əvəzində insanlar bir yerə toplanaraq növbəyə düzülür, düyü torbaları onların üzərinə atılır?
Məsələnin daha düşündürücü tərəfi isə görüntülərin çəkilişidir. Videolarda aydın əks olunub ki, endirim üçün çoxlu izdiham var. Amma market çalışanları əvvəlcə düyünü insanların üzərinə atır, sonra üstlərinə qışqırır. Kadrlarda başqa bir şəxsin də eyni hadisəni lentə aldığı da görünür. Yəni bu açıq şəkildə reklam üçün olunur. Ortaya ciddi sual çıxır: Müştərilərin bu vəziyyətə salınması, onların qarşısında düyü torbalarının atılması və bütün bunların kameraya çəkilməsi əvvəlcədən düşünülmüş “reklam” üsuludurmu?
Əgər belədirsə, market rəhbərliyi hansı “reklam” strategiyasına üstünlük verir? Müştərilərin sıxlıq içində gözləməsi, ərzaq torbalarının üzərlərinə atılması və bu mənzərənin sosial şəbəkələrdə paylaşılması şirkət üçün uğurlu reklam hesab olunurmu?
Endirim kampaniyası müştəri cəlb etmək üçündür, onları narahat və alçaldıcı vəziyyətə salmaq üçün deyil. İnsanlar ucuz məhsul almaq istəyərkən hörmət və ləyaqətlərindən imtina etməli deyillər. Müştəri marketin reklam vasitəsi deyil, xidmət göstərilməli olan tərəfdir.
Üstəlik, düyü kimi ərzaq məhsulunun insanların üzərinə atılması həm də məhsulun təhlükəsiz və səliqəli şəkildə paylanması baxımından suallar yaradır.
Çünki endirim müştəriyə göstərilən güzəştdir, onun hesabına qurulan tamaşa yox!
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
15:55 13.11.2026
Oxunuş sayı: 487