Tramp Ukrayna münaqişəsini tezliklə bitirə biləcəkmi? - ŞƏRH

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibənin mümkün qədər tez bir zamanda həllini prioritet hesab edir. Bu barədə Tramp administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News”a verdiyi müsahibədə bildirib.
“Prezident Tramp bu məsələni ən qısa zamanda həll etmək niyyətindədir. Mən inanıram ki, o, yaxın gələcəkdə bu məqsədə nail ola biləcək. O, münaqişənin həqiqətən sona çatacağına əminliklə inanır”, - deyə Kelloq vurğulayıb. O qeyd edib ki, Ukraynadakı münaqişənin həlli yalnız ABŞ üçün deyil, həm də Avropa və bütün dünya üçün milli təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Hüseyn İbrahimov Trampın seçkilərdən əvvəlki çıxışlarında Rusiya-Ukrayna müharibəsinin həlli ilə ciddi məşğul olacağına dair fikirlər səsləndirdiyini xatırladıb. Onun sözlərinə görə, Tramp administrasiyası formalaşandan sonra bu istiqamətdə fəaliyyətə başlayacaq və məsələnin həllini ABŞ üçün prioritet elan edəcək: “Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin də qeyd etdiyi kimi, bu məsələ ABŞ üçün önəmli bir mövzu idi və onun tez bir zamanda həlli vacib hesab edilirdi. Lakin müharibənin uzun müddət davam etməsi səbəbindən həm Avropaya, həm də Rusiyaya yaxın dövlətlərinin maraqları burada cəmlənmişdir. Müharibənin genişlənməsi daha çox dövlətin bu prosesə cəlb olunmasına səbəb olur və nəticədə konflikt beynəlxalq xarakter daşımağa başlayır. Bu baxımdan yalnız ABŞ-ın iştirakı və istəyi ilə müharibənin tez bir zamanda həlli mümkün deyil”, - H. İbrahimov bildirib.
Politoloq əlavə edib ki, ABŞ-ın bu problemi təkbaşına həll edəcəyinə inanmaq çətindir, çünki müharibədə çoxsaylı maraqlı tərəflər mövcuddur. “ABŞ dünyanın hegemon aktorudur. Amma qloballaşan dünyada hansısa problemin həlli üçün yalnız bir dövlətin səyləri kifayət deyil. ABŞ-ın siyasi, texnoloji və iqtisadi maraqları o qədər genişdir ki, hansəsa problemin tez bir zamanda həll olunması çətindir”. - deyə İbrahimov qeyd edib.
O hesab edir ki, Trampın bəyanatları dünya ictimaiyyəti üçün mesaj xarakteri daşıyır. “Lakin bu müharibə hələ uzun müddət davam edəcək. Müharibə yalnız tərəflərdən birinin ciddi məğlubiyyətə uğraması ilə sona çata bilər və bundan sonra müharibənin bitməsi ilə bağlı razılıqlar əldə edilə bilər”. - deyə politoloq vurğulayıb.
H.İbrahimov qeyd edib ki, hər bir siyasi prosesdə tərəflərin irəliləyişləri müşahidə olunur: “Qərbdə Ukraynanın, şərqdə isə Rusiyanın irəliləyişini görürük. Hər siyasi proses, demək olar ki, oxşar qaydada gedir. Bu vəziyyət beynəlxalq ictimaiyyəti və dövlətləri düşünməyə və yeni həll yolları tapmağa sövq edir. Lakin ümumi proseslər göstərir ki, yaxın zamanda müharibənin həlli mümkün görünmür”. - deyə o bildirib.
Analitik əlavə edib ki, Ukrayna ilə maraqlanan dövlətlərin sayı çoxdur və bu dövlətlər illər ərzində Ukraynaya ciddi hərbi və maliyyə dəstəyi göstəriblər: “Bu maraqların həlli üçün beynəlxalq dialoq və əməkdaşlıq tələb olunur. Münaqişənin həlli üçün beynəlxalq bir qurumun yaradılmasına ehtiyac var”.
“Bu dövlət tərəfləri bir araya gətirərək sülh və həll yolları üzərində işləməlidir. Belə bir vəziyyətdə yalnız ABŞ administrasiyasının bu münaqişəni həll edəcəyinə dair açıqlamaları inandırıcı görünmür. Prosesin yaxın bir ildə davam edəcəyi ehtimal olunur və bu müddət ərzində beynəlxalq ictimaiyyətin daha aktiv rol oynaması vacibdir”. - deyə politoloq fikrini tamamlayıb.
Maral Şahverdili
11:53 09.01.2025
Oxunuş sayı: 8353