Süni intellekt 20 illik sirri açdı
İtaliyada 2004-cü ildə kilsədən oğurlanan və üzərində dəyişiklik edilərək gizlədilən rəsm əsəri süni intellekt texnologiyasının köməyi ilə 20 ildən sonra aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Hadisə 2024-cü ilin oktyabrında İtaliyanın Parma şəhərində keçirilən antikvar sərgisində baş verib. Mədəni İrsin Mühafizəsi üzrə Karabinyerilər bölməsinin əməkdaşları sərgidəki əsərlərin fotolarını xüsusi bazaya yükləyiblər. Süni intellekt sistemi qısa müddət sonra fotolardan birinin oğurlanmış rəsm əsəri ilə oxşarlığını müəyyən edib.
Araşdırma nəticəsində əsərin 2004-cü il avqustun 11-də Neapol yaxınlığındakı Sulmona şəhərində yerləşən Virgo Potens kilsəsindən oğurlanmış Müqəddəs Aqnesin təsviri olduğu üzə çıxıb. Oğurluqdan sonra rəsm əsərinin görünüşü dəyişdirilib: müqəddəsin əlindəki quzu perqament tumarı ilə əvəzlənib, başındakı halə və digər dini simvollar silinib.
Süni intellekt sistemi rəsm əsərinin rəng çalarlarını, formalarını və vizual xüsusiyyətlərini müqayisə edərək dəyişdirilmiş təsviri də tanıya bilib.
İtaliya polisi tərəfindən istifadə olunan SWOADS adlı sistem 2023-cü ilin noyabrından bəri 300-dən çox iri rəsm və heykəlin, eləcə də 165 mindən çox kiçik mədəniyyət nümunəsinin aşkarlanmasına kömək edib. Tapılan əşyaların ümumi dəyərinin 203 milyon avrodan çox olduğu bildirilir.
Aşkarlanan rəsm 2025-ci il mayın 20-də yenidən kilsəyə qaytarılıb. Əsərin bərpa edildikdən sonra əvvəlki yerində nümayiş etdirilməsi planlaşdırılır.
03:25 31.10.2026
Oxunuş sayı: 49