Gələcəyin kosmik şəhərləri öz-özünə qurulacaq - Necə?
Alimlər kosmosda iri yaşayış məkanlarının qurulması üçün öz-özünə birləşən maqnit plitələr texnologiyasını sınaqdan keçirirlər.
Crossmedia.az xəbər verir ki, CNN bu barədə məlumat yayıb.
TESSERAE adlanan texnologiya Massaçusets Texnologiya İnstitutunda doktorantura təhsili alan Ariel Eklou tərəfindən hazırlanıb. Plitələr raketin daxilində üst-üstə yığılır, kosmosa buraxıldıqdan sonra isə maqnitlər, kameralar və süni intellektin köməyi ilə avtonom şəkildə bir-birinə birləşərək əvvəlcədən müəyyən edilmiş konstruksiya yaradır.
Birləşdirilmiş strukturun daxilində təzyiq yaratmaq mümkün olacaq. Bu isə gələcəkdə həmin konstruksiyalardan insanların yaşaya biləcəyi məkanlar kimi istifadə edilməsinə şərait yarada bilər.
Texnologiyanın əsas üstünlüklərindən biri onun yenidən qurula bilməsidir. Belə ki, plitələri ayırmaq, yeniləri ilə əvəzləmək və konstruksiyanın formasını dəyişmək mümkün olacaq.
TESSERAE texnologiyasının ilkin sınaqları 2020 və 2022-ci illərdə Beynəlxalq Kosmik Stansiyada kiçik ölçülü plitələrlə aparılıb. Növbəti sınağın dekabr və ya yanvar aylarında keçirilməsi planlaşdırılır. Bu mərhələdə yeni nəsil plitələrin ilk dəfə kürə formasında konstruksiya yaratması nəzərdə tutulur.
Texnologiyanı hazırlayan mütəxəssislər ilkin mərhələdə ondan iri telekommunikasiya antenalarının və günəş panellərinin qurulmasında istifadə etməyi planlaşdırırlar. Gələcəkdə isə bu sistemin kosmik məlumat mərkəzlərinin inşasına da töhfə verə biləcəyi bildirilir.
01:30 31.10.2026
Oxunuş sayı: 48