İtaliyanın Baş naziri etiraz adı altında zorakılığa qarşı çıxdı
İtaliyanın Baş naziri Corcia Meloni ölkədə yanacaq qiymətlərinin artmasına qarşı keçirilən yük maşını sürücülərinin etirazları zamanı baş verən zorakılıq hallarını sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, İtaliyanın ANSA agentliyi bu barədə məlumat yayıb.
Meloni bildirib ki, bəzi bölgələrdə etirazçılar yolları bağlamaqda davam edir, işləmək istəyən sürücülərə təzyiq göstərirlər.
“Bəzi ərazilərdə azsaylı şəxslər yolları bağlamaqda davam edirlər və bununla da kifayətlənmirlər. Onlar işləmək istəyənləri hədələyir, öz həmkarları olan yük maşını sürücülərinin avtomobillərinin təkərlərini kəsirlər. Bu, etiraz deyil, hədə-qorxudur və biz buna dözməyəcəyik”, – deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, İtaliyanın cənub bölgələrində yanacaq qiymətlərinin yüksəlməsi səbəbindən yük maşını sürücüləri etiraz aksiyaları keçirirlər.
Aksiyalar nəticəsində bir sıra magistral yollar bağlanıb, ərzaq və digər zəruri məhsulların daşınmasında ciddi çətinliklər yaranıb.
İtaliya hökuməti isə yükdaşıma, kənd təsərrüfatı və balıqçılıq sektorlarına maliyyə dəstəyi göstərmək üçün yeni tədbirlər paketi təsdiqləyib.
17:37 22.10.2026
Oxunuş sayı: 64